Üzeyir bəyin felyetonları və biz Featured

Rate this item
(0 votes)

Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün

 

Dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq Üzeyir Hacıbəyli öz millətini bütün qəlbi ilə sevərək, onun hər halını izləyirdi və bunu felyetonlarında xüsusi istedadla əks etdirirdi. O, millətinin inkişafı, tərəqqisi üçün əlindən gələni etməyə çalışırdı. Cəhalət adamların əl-qolunu bağladıqca onun əsərləri qaranlığa işıq saçır və bu işıq gündən-günə böyüyür, böyüyürdü...

 

Aləm şair oldu

Ü.Hacıbəylinin Seçilmiş əsərlərinin 2-ci hissəsi felyetonlardan ibarətdir. Burada bütün yazılar “Ordan-Burdan” sözləri ilə başlayır. Ədibin birinci yazısına belə ad vermək olar, “Aləm şair oldu”. Deməli, qəzetin redaksiyasına daxil olan məktubların böyük bir hissəsi şeirlərdən ibarətdir. Üzeyir bəy yazır ki, müdir bu məktubları açdıqca onları bir kənara qoyur və deyir: “Aləm şair oldu”. Məlum olur ki, adamlar qafiyə axtarışına böyük vaxt və əmək sərf edirlər. Neyləyim, necə edim ki, şair olum. Görəsən ayrı işimiz-gücümüz yoxdurmu? Bu sualı elə günümüzdə özümüzə də, vermək olar. Məsələn, heç bir işə yaramayan cild-cild söz quraşdırmaları xalqın nəyinə gərəkdi? Vallah, adam gərək özünə bir kənardan da baxsın və qələminə lazım gələndə “dur!” deməyi  bacarsın... Bir də baxırsan adamın nə savadı var, nə dünyagörüşü. Di gəl nəsihətnamə yazır. Özünün nəsihətə ehtiyacı olan adam başqalarına ağıl verir. Üzeyir bəyin qəhrəmanı doğrudan da yaxşı deyir ki, aləm şair oldu...   

 

Danaları kim otaracaq?

Üzeyir bəy felyetonlarının birində yazır ki, bir gün o, açıq fikirli bir cavana rast gəlir və buna çox sevinir. Səbəbi məlum, o vaxt belə adamları gündüz çıraqla da axtarsan tapmaq çətinmiş. Onlar başlayırlar millətin halından danışmağa. Cavan deyir, axı necə olur ki, bizim oxumuşlarımız da, bəzən doğru- düzgün adam olmurlar. Bizim qanımız xarabdır? Üzeyir bəy ona görün necə bir məntiqlə cavab verir. Deyir ki, uşaq 7-8 yaşına qədər məktəbə getmir və qalır evdə. Bu dövrdə millətin uşağı gözəl tərbiyə olunur, yəni vaxtında yatır, açıq havada gəzir, ona lazım olan oyuncaqlarla oynayır. Anası ona kitab oxuyur, bir sözlə ətrafı uşağa xoş təsir bağışlayır. Amma bizim uşaqlar toz-torpağın içində böyüyür, qulağı söyüş, qarğış, dava-dalaş səsləri ilə dolur və sonra da məktəbə gedir. Gələcəkdə oxuyub necə deyərlər, alim olsa da, adam ola bilmir. Yəni ki, təməl uşaqlıqdan qoyulur, yoxsa ki, bizim nə qanımız xarabdı, nə də ətimiz.

Üzeyir bəyin yazılarında məktəb, təhsil kimi o vaxt çox aktual olan mövzular bütün incəlikləri ilə öz əksini tapır. Yazır ki, dünyadan bixəbər olan mollanın, müşrikin sözüylə oxumağı, elmi haram sayan cahil adamlar uşağını məktəbə qoymaq istəmirlər. Səbəbini soruşanda biri deyir, uşaq məktəbə getsə danaları kim otaracaq,  o biri deyir, oxuyub mənə qızıl alma gətirməyəcək ki. Biri də, uşağını kasıblıqdan oxuda bilmədiyini söyləyir. Bu yerdə ölməz M.Ə.Sabir yada düşür

Oğul mənimdir əgər

Oxutmuram, əl çəkin!

Üzeyir bəyin yazılarını oxuduqca hiss edirsən ki, ta əzəldən dərdlərimizin başında bir mənəm-mənəmlik azarı durur. Vallah bu gün də, buna bənzər mövzular aktualdı. Biri övladını məktəbdən çıxarır, biri isə onu güclə istəmədiyi ali məktəblərdə təhsil almağa məcbur edir. Bax, hamısı bu mənəm-mənəmlikdən irəli gəlir. Bir çoxları hələ də, anlamır ki, övlad onun əşyası, sərmayəsi, kopyası, nə də, Üzeyir bəy demiş, naxırçısı deyil... 

 

Bülbülümüzdə həvəs yoxdu, qarğamızda səs

Hə, bir yazı da diqqəti xüsusilə çəkir. Bu insanın öz yerində olmamasıdı. Üzeyir bəy yazır: “Günlərin bir günü ayı, meymun, keçi və bir də eşşək bir musiqi məclisi düzəltmək istəyiblər. Biri əlinə tar, biri saz, biri zurna və biri dəf alıb və başlayıblar çalmağa. Amma görüblər ki, səs-küydən başqa heç bir zad çıxmayır və çaldıqları hacavat heç kəsin sümüyünə düşmür. Deyiblər ki, yəqin pis oturmuşuq gəlin, yerimizi dəyişək. Durub yerlərini dəyişiblər, çifayda, çaldıqlarından yenə heç bir zad çıxmayıbdır. Görüblər ki, bir bülbül uçur haman dəm, bülbülə yalvarıbdılar ki, ay bülbül sən Allah bir bizi başa sal görək nə tövr oturaq ki, bizim çaldığımızdan bir şey çıxsın. Bülbül də gülüb deyibdir ki, canım, siz musiqişünas deyilsiniz. Binaən əleyh nə tövr otursanız, lap mil dursanız, çaldığınızdan heç zad çıxmaz.  Deyirəm, bu mövzu da günümüz üçün aktualdı. Bəzən bülbülümüzü küsdürüb onu həvəsdən salırıq və qarğanı solist kimi təqdim edirik. Sonra da deyirik ki, uğur bizdən qaçır...

 

Acından yox, acığından ölənlər...

Üzeyir bəy yazır ki, bir əcnəbi soruşur, bu ölən kimdir ki, bu dəbdəbə, bu təntənə, bu cah-cəlal ilə cənazəsini təşi edibsiniz və belə atəşin nitqlər söyləyirsiniz?

Müsəlman:

– Bu ölən müsəlman millətinə ən böyük qulluqlar göstərmiş və millət yolunda hər bir şeyi qurban etmiş bir şəxsdir!

Əcnəbi:

- Bəs nədən vəfat edib?

Müsəlman:

– Deyirlər ki, acından...

İndi durub desəm ki, bu mövzu da aktualdı, yəqin kimsə inanmaz. Çünki indi ölkəmiz gündən-günə inkişaf edir və bu millətimizin rifahına da təsir edir. Odur ki, bizdə acından yox, acığından ölənlər daha çoxdu, söyləsək, doğru olar. Bir də görürsən birinə beş vəzifə verildiyi halda o birinə adicə bir iş tapılmır. O beş vəzifə veriləndən qabiliyyətli, qanacaqlı olan da qalır qırıla-qırıla. Ədalətsiz adamlardan indi bu sözləri eşidirik: Get, kimə istəyirsən, şikayət elə. Yəni, dünya dərəbəylikdi, biz heç kimdən, heç nədən çəkinmirik. Bəs Vətən, bəs vicdan??? 

Yəqin elə bu yerdə Üzeyir bəy belə söyləyərdi: “Lovğalıq tərəqqinin düşmənidir!”

Ruhun şad olsun, Üzeyir bəy!

 

“Ədəbiyyat və incəsənət”

(19.09.2023)