“Yağışlı bir payız səhəri” - hekayə Featured

Rate this item
(14 votes)

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Yağışlı bir gecənin ardından açılan bir payız səhəri yenə buz kimi təmiz və torpaq qoxan havanı doyunca ciyərlərimə çəkdim. Ağacların yarpaqlarından ehmalca süzülən su damlalrını izləyib, yuvasından çıxıb cikkildəyərək yem axtaran quşların nəğməsini dinləyərək, bir an səmada necə süzüldüklərinə tamaşa edib, hər addım atdıqca yağış sonrası nəm torpağdakı şehli otların səsini dinləyərək sakit addımlarla kollecə getmək üçün avtubus dayanacağına tərəf irəliləyib avtobusa əyləşdim.

Səhərlər dərsə gedəndə bəzən oturmağa fürsət tapa bilirdik deyə pəncərə tərəfdəki oturacaqlardan birində oturmuşdum. Bir neçə dayanacaq sonra avtubusda həmişəki kimi ayaq qoymağa yer qalmamışdı daha.

Avtobusun şehli şüşəsini əlimin arxası ilə biraz silib oradan yolu izləyirdim. Həmişə olduğu kimi nə şoferin qoyduğu mahnını və nədə ağız-ağıza verib nələrsə danışan insanların səsini eşitmirdim artıq,.yola dikmişdim gözlərimi. Avtobus hərəkət etdikcə  evlər, insanlar yavaş-yavaş geridə qalır və irəlidə başqaları ilə əvəz olunur, amma onu da deyim ki, bu əvəzlənmələr kimi, zehnimdə də maddi aləmlə qeyri maddi aləm əvəzlənməsi baş verir və mən artıq yoluda görmürdüm heç. Cismən dörd təkər üzərində hərəkət edib insanları bir yerdən başqa bir yerə daşıyan bu dəmir kanstruksiyanın içində, ruhənsə çox uzaqlarda düşüncələr qanadında acı-şirin xatirələrə, ümidlərə, xəyallara, gündəlik qayğılara tərəf səmt götürmüşdüm yenə.

Gözlərimdə avtobusun şehli şüşəsinə yansıyan boşluğa dikilmiş, qayğılı baxışlarla düşünürdüm. Dünənləri, bu günü, sonra sabahları düşünürdüm.

Nələr oldu keçdi, bəlkə hər şey başqa cürdə ola bilərdi, kaşkilər, peşmanlıqlar, bu gün nələr olacaq, sonra sabahlara olan ümidlər və düşüncələr yenə məndən xəbərsiz girdab kimi daha çox içinə çəkməyə başlayırdı məni. 

Yenidən narın-narın yağış yağmağa başlamışdı. Yağış damlaları avtobusun şüşəsinin üzərinə düşüb, oradan da kiçik cığırlar açaraq aşağı doğru süzülürdü.

Avtobus dayanacaqların birində dayanır, insanların bir qismi avtubusdan enməyə başlayır və dayanacaqda avtobus gözləyən başqa insanlar avtubusa qalxırlar. Və bu zaman avtobusdakı insanlara yönəlir marağım. Bu marşurut problemlərimiz də bitmək bilmir. Hər gün basa-bas, hər gün dava-dalaş, sərnişinlərin bir- biri ilə davası,  Sərnişin  sürücü  davası, arada tapdanılıb toz-torpaq olan ayaqqabılar, şalvar ətəkləri, arxada yer var biraz arxaya sıxlaşın deyən sürücü və ona əsəbləşən sərnişinlər, çənələri qızmış, dil boğaza qoymayıb nələrsə danışan qadınlar.

Tələbə vaxtları çox az hallarda oturmağa fürsət tapardıq. Özündən yaşlı biri gələndə də ona yer verər sonrada o basa- basın içində əzilərək bir təhər gedib mənzil başına çatardıq.

Bakıda olduğum vaxtlarda da bənzər hadisələrin şahidi olmuşdum. Şəhərdə gəzərkən normal olaraq avtobusdan  istifadə etməli olursan və gördüyüm mənzərə məni çox təəccübləndirmişdi. 

Şəhərdə avtobuslar daha çox və daha böyük olsa da fəqət  buna rəğmən  gördüyüm mənzərə rayondakı ilə eyni idi. Hətda daha da pis idi. Burada insanlar avtubusa otura bilmək üçün nəinki bir-birinə yol vermir, hətda böyük-kiçik baxmadan bir-birini tapdalayırdılar. Məsələ nə ərazinin, nə də avtobusların  miqyası deyil deyəsən, burada da məsələ hər sahədə həlledici rol oynayan insan faktorudu. O insan ki, dünya yaranandan daim özü ilə təzad təşkil edir. Bir əli qurarkən, o biri əli  dağıdır, ağıl və vicdanın əli ilə sükanı yığışdırarkən, nəfs və hərisliyin əli ilə yenə idarəetməni itirib yoldan çıxır və uçuruma yuvarlanır.  Bir tərəfdə mərhəmətin, nəzakətin təcəssümüykən, digər tərəfdə qəddarlıq və zülm olaraq təzahür edir..

O həm varoluşu sürdürən, həmdə atacaığı hər doğru addımla zirvəyə yaxınlaşacaqkən, atdığı hər yalnış addımla yoxluğ və heçliyə sürüklənəndir.

Avtobus  yenə bir dayanacaqda dayandı və bu dayanacaqda düşməli olan insanlar gediş haqqını ödəyib düşməyə başladılar və bu an onların səsi yenə mənim düşüncələrimin sehrini pozdu.

Fikrimi avtubusun pəncərəsindən ətrafa yönəltdim.

Yoldan sürətlə maşınlar keçirdi, hava xəfif soyuq idi, bayaq narın-narın çisələyən yağış yenə dayanmışdı.

Amma hüzn rəngli  buludlar hələ üç-dörd ay səmanın qonağı olacaqdı, hələ qabaqda şaxtalı qış günləri dururdu.

Dayanacaq və ətrafı insanlarla dolu idi, dayanacaqda avtobus  gözləyən kim, bazara gedən kim, işə, dərsə tələsən kim, durub söhbət edən kim. Həmişəki kimi yenə hərəkətli idi rayon.

Birdən gözüm yaşlı bir qadına sataşdı. Yolun o biri üzündə durmuşdu və əlində də yük var idi. 

Beli ehmalca bükülmüş, əlindəki yük isə illərin yorğunluğunu daşıyan çiyinlərini öz ağırlığı ilə bir az da yorurdu sanki. Qayğlı və narahat baxışlarla durduğu yerdə gah yolun o tərəfinə gah bu tərəfinə  baxırdı. Bəlli idi ki, yolu keçmək istəyirdi ama  sürətlə maşınlar keçirdi deyə bacarmırdı, qorxurdu, gücü yox idi buna. 

Onu izləyərkən bir anlıq içimdə: "kaş bu qədər insandan biri, bir dəqiqə vaxtını ayırrıb da, ona yolu keçməyə kömək eləsə"-, deyə düşündüm.  Bəlkə də artıq neçə dəqiqə idi ki, orda durub yolu keçmək istəyirdi. 

Elə bu düşüncələrlə onu izlədiyim vaxt yolun bu üzündə durub söhbət edən cavan oğlanlardan biri yolun o tərəfinə keçdi və yaşlı qadına yaxınlaşdı. Nə isə deyib qadının əlindəki yükü ondan aldı, o biri əli ilədə qadının qoluna girdi və  yavaş-yavaş yolu keçməyə başladılar. Yolu keçəndən sonra cavan oğlan yükü qadına verdi və yaşlı qadında mehriban və minnətdarlıq duyulan jestlərlə çox gümanki oğlana öz təşəkkürünü bildiriridi. 

Bu gözəl mənzərəyə tamaşa edərəkən qəlbim rahatlamış, qeyri ixtiyari bir təbəssüm qonmuşdu üzümə.

Və bu vaxt avtobusun qapısı bağlandı və o yoluna davam etməyə  başladı.

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2023)