“Cümə günü Əbülfətqızının 10 sualı”nda bu gün Təranə Dəmirdir Featured

Rate this item
(5 votes)

Ülviyyə Əbülfətqızı, “Ədəbiyyat və incəsənət”

 

“Cümə günü Əbülfəzqızının 10 sualı" rubrikasının budəfəki qonağı öz qələmi ilə xüsusi imzası olan şair xanım Təranə Dəmirdir.

 

-Xoş gördük Təranə xanım. Vaxt itirmədən keçək suallarımıza.

 

1)  Qeyrətli, qeyrətsiz adamlar kimi,

Sözün də kişisi, şərəflisi var.

Əyilməz özünü pula satmayan,

Doğuşdan qəbrədək kişi olanlar..

            (Təranə Dəmir)

Təranə xanım, “sözün kişisi" ifadəsini necə təhlil edirsiniz?

 

1.Salam. Xoş gördük səni də, oxucuları da. Əvvəla bir oxucu kimi sənə təşəkkür  edirəm. Sonra da rubrikanın ilk qadın qonağı olduğum üçun minnətdarlığımı bildirirəm.

Keçək suala. Yazar sözü azad buraxmasa, kölgədə saxlasa, fikirlərini ifadə etməyə qorxsa, onun ərsəyə gətirdiyi əsər də qorxaq olacaq. Oxunacaq, bir müddət sonrasa unudulacaq. Sözü azad buraxmaq lazımdı. Dünyanı hansı rəngdə görmək istəyirsənsə, necə təsvir edirsənsə, elə də sözə çevirənlər əsl yazarlardır, məncə. Sözün də kişisi, əri deyəndə bunu nəzərdə tuturam. Ruhu azad olanların sözü həmişə qalib gəlib tarixin bütün dönəmlərində.

 

2) Dəyərli Yaradıcımız,  A. Şopenhaurun gözəl bir deyimi var: " Hər ayrılıq ölümün əvvəlcədən dadılması kimidir, yenidən qovuşmaq da yenidən dünyaya gəlməyin əvvəlcədən dadını hiss etmək kimidir."

Bəs hər xırda səbəblərə görə küsüb-barışan, münasibət qura bilməyib, " sevgi yoxdur" - deyib sevgini ucuzlaşdıran kəslərə nə söyləyərdiniz?

 

2. Ayrılıq sevgisizlikdən, sevgi tükənəndə düşür ortalığa mənim aləmimdə.

Sevmək səbir, dəyanət, dözüm istər. Əgər bir yola qoşa qədəm qoyursansa, demək, onun bütün çətinliklərini, ağrılarını da gözə almalısan. Əks halda, bu sevgi deyil. Tutqudur. Alışdın və söndün. Bir də sevgi iki ruhun qarşılıqlı hissidir. Biri bitirsə, o biri bunu yürüdə bilməz. Həm də cütlər arasında hörmət, qayğı, diqqət əsasdır. Laqeydlik də sevgini kül edən amillərdən biridir. Hətta ən mükəmməl eşqləri belə soyuda bilir.

 

3) Mahatma Qandiyə görə: " Azadlıq ifrat dərəcəsinə çatdıqda özbaşınalığa çevrilir."

Sizcə, bu ifrat bataqlığını yaradan hansı əməllərdir?

 

3. Azadlığı bəzən barbarlıqla dəyişik salırıq. Azadlığın qapısını geniş açmaq olmaz. İfrat azadlıq meşşanlığa, ləyaqətsizliyə belə apara bilər adamı. Azadlığı anlamadan "mən azadam " demək olmaz. İnsan nəfsinə, şərəfinə, qeyrətinə sahib çıxmağı bacarmalıdır. Məsələn: "Azadam "- deyib hər düşündüyünü etmək və ya demək də olmaz. Azadlığın da sərhəddi var. Keçdinsə, özünü itirəcəksən.

 

4) Təranə xanım, şeir kitablarınızın adlarından istifadə edib növbəti sualıma cavab istəyirəm.

Səssizliyin melodiyasında payız qadının daş arzularını uzaqlara aparan küləyə nə söyləyərdiniz?

 

4.Bilirsiniz ki, şairlər dünyanın yatan vaxtı daha yaxşı duyğularını dilləndirə bilir. Yəni, özləriylə olanda dünyanı daha gözəl düşünə, analiz edə bilirlər. Bu sarıdan o kitab səssizliyimin məhsuludur. Daş arzularsa hər kəsin ürəyində yatan, həyata keçməyən (bəzən qorxaqlıqdan, bəzən naşılıqdan, bəzən acıqdan) arzular elə daşa dönüb qalır insanın ürəyində. Nə çata bilirsən, nə unuda. O külək sənin özünsən birinci növbədə. Keçmişi heç nəylə geri qaytarmaq olmaz. Çatmadığın arzular da keçmişində qalsa, yaxşıdır. Düşündükcə özünü incidirsən. İrəli, yalnız irəli. Sadəcə nəticə çıxarmaq lazımdır.

 

5) Düma söyləyib ki, " Uğurun iki səbəbi var- səbir və ümid."

Təranə xanım, səbirdən yoxsul  olanlara nə tövsiyə verərdiniz? 

 

5. Baxır səbrə hansı tərəfdən yanaşırsan. Haqsızlığa, bərabərsizliyə qarşı aşırı səbrin əleyhinəyəm. İstər sosial həyatda olsun, istər ailədə, istərsə də sevgidə. Amma səbir etməyənləri də  elə hər şeyə üsyan edənləri, bütün sərhədləri çılğıncasına qırıb atanları da, hövsələsizləri, ən sonda demək istədiklərini ən əvvəldə deyənləri də təqdir etmirəm

Səbrin də həddi, sərhəddi olmalıdır.

 

6) Təranə xanım, sevgini hansı rəngə bənzədirsiniz və nə üçün?

 

6. Əsl sevgi  bahar rəngdədir. Ömrün bütün fəsillərində yamyaşıldır. Sevgi insanı yaşadan duyğudur. Hər kəs ürəyində sevgi bəsləsə, dünya həmişə bahar olar.

 

7)Unudulmaz şair-Məmməd Araz söyləyib ki: " İnan ki, ehtiras aldatmayanı,

İnci də, göhvər də aldada bilməz."

Təranə xanım ehtirasın " şirin səsinə" uyub əsiri olanlara nə demək istəyərdi?

 

7. Ehtiras insanı uçuruma aparan duyğudur. Bəzən insanlar sevgiylə ehtirası eyniləşdirirlər. Sevgi ləkəsiz olmalıdır. Tərtəmiz. İnsan ağılla sevməlidir,  hisslə yox. Əks halda onu xoşagəlməz sürprizlər gözləyə bilər.

 

8) Mən elə bilirdim daşam, dəmirəm,

Sən demə, məndən də adam olarmış.

Sən demə, mənim də barmaqlarımın,

Özünə bənzəyən sığalı varmış.

 (Təranə Dəmir)

Təranə xanım, bu sualımı digər baxış bucağından ünvanlayıram. Sizcə, ailələrdə tellərə sığal çəkilməməsinin səbəbi neçə faiz sosial problemlərdən qaynaqlanır?

 

8.Telə sığal çəkməməyin sosial problemlərdən qaynaqlandığını düşünmürəm. Sevgi bütün maneələri aşa biləcək gücdədir. Axı sevgini ismarlamırsan. Qapını nə vaxt döyəcəyindən də xəbərin olmur. Əgər qəlbindəki həqiqi sevgidirsə , onu heç nə söndürə bilməz. Nə qayğılar, nə problemlər, nə ətraf, nə cəmiyyət. Axı sığal da pulla deyil. Onu çəkməyə xəsislik edənlər sevginin nə olduğunu dərk etməyənlərdir. Yəni  bir atımlıq barıtları vardı. Atdılar və bitdi.

 

9) Psixoanalizin banisi Ziqmund Freyd  söyləyib ki: "İnsan sevildiyini hiss edəndə daha inamlı və cəsarətli olur."

Müasir cəmiyyətdə " saxta sevgi"lərdən qorunmaq üçün hansı" silahdan" istifadə etməliyik?

 

9. Saxta sevgi həmişə olub. Keçmişdə də olub, indi də var və gələcəkdə də olacaq. Təəssüf ki, sevginin gözü kor olur və bu sevgi qarşıdakının hisslərini də analiz etməyə qoymur səni. Eləcə sevirsən. Bir gün ayılırsan ki, qurbansan. Mən kiminsə qarşısına keçib, bunu sev və ya sevmə deyə bilmərəm. Sadəcə insanlar sevəndə də ehtiyatı əldən verməməlidir. Ağılla sevməyi bacarmalıdır. Özünə dəyər verməlidir. Əks halda, ona heç kim dəyər verməyəcək. Arada quru peşmanlıq qalacaq.

 

10) Bir şeirinizdə həsrəti " Qız qalası"na çıxıb atdınız.

Təranə xanım insanı dəyərsizləşdirən hansı xarakteri  də o qaladan atmaq istəyərdi?

 

10. Mən yalanı, məkri, hiyləni, vicdansızlığı, qorxaqlığı, nifrəti o qaladan biryolluq atmaq istəyərdim. Tərtəmiz dünyada yaşamaqdan gözəl nə var ki, həyatda?!

 

Təranə xanım, rubrikamızın qonağı olduğunuz üçün Sizə dərin təşəkkürümüzü bildiririk, yaradıcılığınızda uğurlarlar diləyirik, var olun!

 

“Ədəbiyyat və incəsənət”

(15.09.2023)