BİRİ İKİSİNDƏ layihəsində Zahid Əzizin şeirləri Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün şeir vaxtıdır, Zahid Əzizin şeirləri ilə tanışlıqdır.

 

 

 

BƏNDƏ KİMDİ, ALLAH VURUR

 

Bu dünyada adamlar var,

Öz oduyla hey qovrulur.

Bu dünyada adam da var,

Ayaz  kəsir, qar dondurur.

 

Kimi kəsir yolumuzu,

Kimi qırır qolumuzu,

Kimlərsə sağ-solumuzu

Doğradıqca hey qudurur.

 

Əcəl alır doğmamızı,

Şirin-şəkər loxmamızı,

Atamızı, anamızı,

Sonra bizi ovundurur.

 

Baxan yoxdur soya, ada,

Ölən-itən düşmür yada.

Bu yağmurda, bu sel-suda

Çay quruyur, göl soğulur.

 

Kül eyləyib közümüzü,

Nurdan saldıq gözümüzü.

Özümüzlə özümüzü,

Bəndə kimdi, Allah vurur.

 

 

BAŞQADI

 

Bu dünyanın övladları ögeydi,

Ataları, anaları başqadı.

Mayaları bir torpaqdan olsa da,

Axşamları, sabahları başqadı.

 

Yaxşıları, yamanları eynidi,

Ümidləri, gümanları eynidi,

İnancları, imanları eynidi,

And yerləri, vallahları başqadı.

 

Gül-çiçəyi bir açılıb-solsa da,

Əl alında, gözlər yolda qalsa da,

Əməlləri eyni əməl olsa da,

Savabları, günahları başqadı.

 

Təmannası, diləkləri seçilmir,

Yeri-göyü, mələkləri seçilmir,

Arzuları, istəkləri seçilmir,

Nəfəsləri, tamahları başqadı.

 

Öz yeri var  hər doğulan bəndənin,

Dönüşü yox ölüm adlı səfərin.

Bir olsa da kök-köməci bəşərin,

Tanrıları, allahları başqadı.

 

 

QALIR

 

Bu dünyada bir adətdi,                         

Lələ köçür, yurdu qalır.

Ər kişilər ocağının

Közü sönür, odu qalır.

 

Yox həyanı ünümüzün,

Düşdüyümüz günümüzün.

Acı, şirin ömrümüzün

Tamı gedir, dadı qalır.

 

Bu nə divar, bu nə hörgü?

Bu nə mizan, bu nə bölgü?

Kimilərin malı-mülkü,

Kimlərinsə adı qalır.

 

 

VAR

 

Kim nə deyir, necə deyir, mənə nə? –

Eşitməyə öz laflarım, sözüm var.

Ürəyimdən keçənləri görməyə

Harda olsa görmək üçün gözüm var.

 

Əsir edib, hökm etməsəm dilimə,

Boş sözlərdən nə keçəcək əlimə.

Bu dünyanın gərdişini belimə

Qaldırmağa taqətim var, dizim var.

 

Zahid Əziz, tam axtarma hər barda,

Vəfa yoxdur nə dövlətdə, nə varda.

Məndən sonra məni fani dünya,

Yaşadacaq Əzizim var, izim var.

 

 

HƏQİQƏTLƏR, TƏZADLAR...

 

Bu dünyanın hər yerində

Ay doğmamış günəş batmır.

Hürə-hürə ulduzlara

Zəncirində itlər yatmır,

 

Bu da ömrün son baharı,

Yarı sancı, yarı ağrı,

Yaşayırıq yarı-yarı,

Harayımız haqqa çatmır.

 

Hər yan gömgöy, yaşıl, sarı,

Sığal çəkir gülə arı.

Tacirləri-tüccarları

Aldığını geri satmır.

 

Yad qoltuqda hey yatanlar,

Yad ocağa köz atanlar,

Südümüzə su qatanlar,

Dərdimizə sevinc qatmır.

 

Hər doğrunun bir yalanı,

Hər köçənin bir qalanı,

Birimizə dərd olanı

O birimiz yana atmır.

 

 

GECİKDİM

 

Sonuncu olsam da sevinc sarıdan,

Qəm-kədər çəkməkdə dərd ustasıyam.

Qismət bazarında “du bir” atsam da,

Görənlər hey deyir nərd ustasıyam.

 

Öz yeri-yurdu var gülün, qönçənin,

Hər gülşəndə nərgiz, qızılgül bitməz.

Elə bir hicranın xəstəsiyəm ki,

Davası-dərmanı, loğmanı  yetməz.

 

Qıvrılıb yatıram əzab içində,

Həmdəmim olası savabım yoxdu.

Ömrüm itib-batıb əkin-biçində,

Bir qarnım yalavac, bir qarnım toxdu.

 

Yaşım çoxaldıqca boyum kiçilir,

Əkdiyim ağaclar məndən böyükdü.

Oğrun-oğrun ömrüm, günüm biçilir,

Gəzməyə tabım yox, əsam çürükdü.

 

Tanrı dərgahına yetişmək üçün

And-aman etməkdən sonuma yetdim.

Qatarmı tələsdi, mənmi yubandım? -

Bir onu bilirəm bir az gecikdim...

 

“Ədəbiyyat və incəsənət”

(14.09.2023)