QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

 

18-Cİ DƏRC

 

Hazır olan ekspertlər dərhal belə bir arayiş ortaya çıxartdılar. Baş ekspertin tövsiyyəsi ilə bu arayışı vaxtı ilə həmin bu mövzuda doktorluq dissertasiyası yazmış alman ekspert oxudu:

-Tarixi mənbələrə istinadən söyləyək ki, Osmanlıda erməni məsələsinin, dolayısı ilə “Böyük Ermənistan” qurulması planının ilk izi 1699-cu ilə gedib çıxır, həmin il erməni məlikləri katolikos Minası erməni tarixində ermənilərin milli-azadlıq hərəkatının ən görkəmli nümayəndəsi hesab edilən İsrayil Oriyə qoşub Almaniyaya yola salırlar. İsrail Ori özgə torpaqlarını ələ keçirmək üçün hazırladıqları 36 bənddən ibarət planı da özü ilə Almaniyaya aparır. Elə bu planla tanış olan kimi, alman knyazı İohann Vilhelm ermənilərin hiyləsini və niyyətini başa düşüb onları saraydan qovdurur.

Bütün bu axtarışlara rəhbərlik edən İsrail Ori İtaliyada, Almaniyada və Avstriyada apardığı danışıqlardan sonra heç bir Avropa dövlətinin ermənilərin hiyləsinə uyub Türkiyə ilə müharibəyə girməyəcəyinə tam əmin olduqdan sonra  son ümid yerini Rusiyaya bağlayır. Belədə, “Böyük Ermənistanı” yaratmaq Osmanlıdan xeyli zəif olan İran torpaqlarına – Cənubi Qafqaza transfer olunur.

1701-ci ilin yayında İsrail Ori arximandrit Minası da yanına alıb I Pyotrun görüşünə yollanır. Almaniya knyazı İohann Vilhelmə təqdim etdikləri “proqramı” bir qədər təkmilləşdirilmiş şəkildə rus çarı İ Pyotra təqdim edirlər. I Pyotr Qafqazla, xüsusilə Azərbaycanla çoxdan maraqlanırdı. Məhz buna görə də ermənilərlə marağı üst-üstə düşürdü. Pyotr axır ki, işğalçılıq iştahını boğa bilmir, ermənilərə havadarlığı öz boynuna götürür və İsrail Orini polkovnik rütbəsi ilə təltif edərək Səfəvilər dövlətinə göndəriləcək nümayəndənin başçısı təyin edir. İsrail Ori 1703-cü ildə uydurduğu “Ermənistan”ın xəritəsini hazırlayıb I Pyotra təqdim edir. Xəritədə Azərbaycanın qədim İrəvan xanlığından, Zəngəzur, Qarabağ mahallarından, bir də  Anadolunun bir hissəsindən bəhs olunur.

Mənbələrdən aydın olur ki, ermənilər birinci Pyotrdan sonrakı bütün rus çarları ilə əlaqə saxlayıblar. Ermənilərin əsl böyük qardaşı I Nikolay olmuşdur. O, 21 mart 1828-ci il tarixli fərmanı ilə ermənilərin üstündən “qul” adını götürmüşdür. Belə ki, tarixi mənbələrə görə həmin vaxta kimi ermənilər yer üzərində rəsmən qul adlanan iki xalqdan biri olmuşdur.

-Mən etiraz edirəm. Bu şər və böhtandır!!!

Müttəhimlər sırasından bir nəfər durub səhnəyə atılmaq istəyəndə onu mühafizəçilər saxladılar. Digəri isə özünü soyuqqanlı apardığını büruzə verdiyini nümayiş etdirməklə sözünü keçirmək istədi:

-Zori, özünüzü ələ alın, əsəblərinizi cilovlayın, etirazın sivil yolu var. Mən cənab Baş Hakimə vəsadət qaldırıram ki, Çar Nikolayın erməni xalqı barədə söylədiyi xoş sözlər burada səsləndirilsin. Onun çar malikanəsindəki bir rəsmi ziyafətdə erməni xalqı barədə badə qaldırılması burda xatırlansın, onun dediyi tost burda təkrarlansın.

Baş Hakim dərhal vəsadəti rədd etdi, bunu onunla izah etdi ki, Divan Çar Nikolayın erməni xalqına simpatiyası olduğunu danmır, bunu etiraf da edib. Odur ki, sözügedən tərif nitqinin səsləndirilməsi prosesə heç bir fayda verən deyil, buna sadəcə vaxt itkisi demək olar.

Bundan sonra alman ekspert şıxışını davam etdirdi:

-1828-ci il Türkmənçay müqaviləsindən sonra Azərbaycan Rusiya ilə İran arasında rəsmən bölündü. Beləliklə, İrandan Cənubi Qafqaza, xüsusilə İrəvan xanlığına və Azərbaycana ermənilərin kütləvi axını başlandı. Erməni mənbələrində də bu, açıq-aydın göstərilir. Məsələn, erməni tarixçisi V.A.Parsamyan yazır: “1828-ci il mart ayının 20-də I Nikolay Türkmənçay müqaviləsini təsdiq etdi. Martın 21-də isə Naxçıvan və İrəvan xanlıqlarının yerində erməni vilayətinin yaradılması haqqında fərman imzaladı”.

1829-cu ildə bağlanmış Ədirnə müqaviləsindən sonra isə Türkiyədən də Cənubi Qafqaza xeyli miqdarda erməni gətirildi. Mənbələr qeyd edir ki, təkcə Ərzurumun arxiyepiskopu Karapet Cənubi Qafqaza minə yaxın erməni gətirmişdi.

1828-1830-cu illər arasında Zaqafqaziyaya İrandan 40 mindən artıq, Türkiyədən isə 84 min erməni köçürülmüşdü.

Ekspert çıxışının bu yerində yaşlı hakim Baş Hakimin icazəsi ilə mövzuya bir aydınlıq gətirmək istədiyini bildirdi, icazə alıb bunları söylədi:

- Divandakı proseslərdən mənimçün ən böyük maraq doğuranı məhz Osmanlıda erməni məsələsidir, çünki 19-cu əsrin sonlarında hazırkı Türkiyə ərazisini bürüyən qətliamlardan başlayan həmin məsələ bu gün də Azərbaycanıın Qarabağ bölgəsinin işğalı ilə gündəmdədir. Yəni, çox uzun, məşəqqətli bir prosesdir. Mən təklif edirəm ki, erməni məsələsinin kortəbii başlanğıclarından ümumi danışmayaq, buna bizə sutka əsla kifayət etməyəcək, gəlin dərhal təşkilatlanmalarından başlayaq, planlı, genişmiqyaslı işlərindən bəhs edək.

Baş Hakim kolleqasının fikrini dəstəkləyib ekspertlərdən bunun təmin olunmasını xahiş etdi, ekspertlər dərhal əvvəlki mətni saxlayıb yeni mətn axtarmağa başladılar. Bu vaxt Şaxrikyan da söhbətə qarışıb “Bilirəm, “Qnçak”dan danışacaqsınız, amma vicdanıma and olsun ki, mənim o partiya ilə heç bir əlaqəm olmayıb” sözlərini hakimlərin üzərinə tuşladı. Amma ekspert mətni artıq oxunmaqda idi. Ekspertlər arasında erməni millətçi təşkilatları üzrə ixtisaslaşmış fransalı ekspert aramla əlindəki kağızı oxumaqda idi:

-Əsası 1887-ci ildə Cenevrədə erməni tələbə Avetis Nazarbekyan tərəfindən qoyulan “Qnçak” (ermənicədən tərcümədə “Zəng”) partiyası türkçülük əleyhinə yönəlmiş “Böyük Ermənistan” uğrunda savaşın ilk irimiqyaslı təşkilatlanması oldu. Bu partiyanın proqramında Rusiya, İran və Türkiyədəki bütün erməniləri öz bayrağı altında birləşdirərək Osmanlı İmperiyasının “Qərbi Ermənistan” və “Şərqi Ermənistan” adlandırdıqları Samsun, Van, Ərzurum, Kilikiya və digər bölgələrində “Böyük Ermənistan” yaratmaq, eləcə də Rusiya İmperiyasına aid İrəvan quberniyası, Qarabağ, Qazax, Zəngəzur, Axalkalaki, Axarsix və başqa Azərbaycan və Gürcüstan torpaqlarını da buraya birləşdirmək nəzərdə tutulmuşdu.

Həmin partiyanın fəaliyyətinin üç ili ərzində az qanlar axıdılmadı. Belə ki, 1890-1892-ci illərdə Zeytun və Samsunda ermənilərin üsyanı təşkil edildi. Erməni silahlı dəstələrinin əli ilə 65 mindən artıq silahsız türk qocaları, qadınları, uşaqları məhv edildi. Bu erməni silahlı dəstələrinə çar ordusunun zabitləri başçılıq edirdi. Qərbin hakim dairələri tərəfindən qızışdırılan ermənilər Türkiyənin 1862, 1878 və 1884-cü illərdə Zeytun, 1880-ci ildə Samsun, 1884-cü ildə Van vilayətlərində milli qırğınlar törətdilər.

Baş Hakim çıxışçı ekspertə minnətdarlıq bildirib sonrakı illərə keçid almaq zərurətini dilə gətirdi və sözün növbəti ekspertə verilməsini xahiş etdi.

Şaxrikyan bu dəfə yerindən atıldı, “Xahiş edirəm yalnız faktlarla danışılsın. Özü də faktlar türk mənbələrinə yox, üçüncü tərəflərə aid olsun” söylədi, Baş Hakim üzünü Baş ekspertə tutdu:

-Xahiş edirəm məhz həmin cür də olsun.

Ekspertlər qısa məşvərətdən sonra milliyyətcə yunan olanına növbəti mətni oxumaq səlahiyyəti verdilər. Yunan ekspert kürsüyə çıxıb dərhal oxumağa başladı:

- Məşhur Amerika tarixçisi Jorj De Malevilin "1915-ci il erməni faciəsi" kitabında göstərilir ki, "Erməni terror və quldur birləşmələri tərəfindən planlı surətdə məhv edilən Şərqi Anadolunun dinc müsəlman əhalisindən 1915-ci ilin fevral ayında olsa-olsa 1 milyon 600 min nəfər qalmışdı. İş o yerə çatmışdı ki, hətta bir çox rus zabitləri insan qanına susayan ermənilərin törətdikləri  qırğınlardan, əldən düşmüş qocalara, qadınlara, südəmər körpələrə belə, rəhm etmədən, hamısını ucdantutma qırıb doğramalarından hiddətlənmiş, erməni cəlladlara qarşı güc tətbiq etməyə başlamışdılar. Dinc əhaliyə qarşı törədilən vəhşiliklər və qətl-qarətlərlə yanaşı, erməni təbliğat-təşviqatının açıq-aşkar ikiüzlülüyü Osmanlı dövlətinin səbr kasasını daşırdığından Türkiyənin Ali Baş Komandanının əmri ilə 1915-ci il aprelin 24-də Daxili İşlər Nazirliyi bütün erməni komitələrinin - İstanbuldakı və Türkiyənin digər iri şəhərlərindəki terror təşkilatlarının dərhal bağlanması barədə sərəncam verdi. Elə həmin gün müxtəlif vəzifə kürsülərində əyləşib, özlərini türk xalqına dost libasında təqdim etsələr də, dövlətçilik əleyhinə gizli təxribati işlərlə məşğul olan 2345 nəfər cinayətkar erməni lideri həbs edildi. Paralel olaraq da, erməni təhlükəsini dəf etmək üçün Osmanlı höküməti Şərqi Anadolu  ermənilərini Suriyaya köçürməyə başladı. Ermənilər məhz həmin həbs-qətimkan tədbirinin və köçürmənin başlandığı günü - 1915-ci il aprelin 24-nü "türklərin ermənilərə qarşı genosid günü" kimi qeyd etməyi planlaşdırdılar".

Şaxrikyan ekspertin susmasından dərhal istifadə edib yenidən yerindən qışqırdı:

-Mənim zavallı qohum-əqrabam da sürgün olundu. Bu əsl genosiddir. Amma bu mənbədə faktlar təhrif edilib. Başqa xarici mənbə də varmı?

Baş Hakim ekspertlərə nəzər yetirdi:

-Yəqin ki var, deyilmi?

Ekspertlərin rəhbəri başını tərpətdi, yunan ekspert yerini amerikalı ekspertə verdi. Amerikalı ekspert Brodvey soyuqqanlığı ilə aram-aram oxumağa başladı:

 - Məşhur Amerika alimi C.S.Şou yazırdı ki, "1915-ci ildə rusların türklərə qarşı apardıqları cinayətkar müharibədə erməni generallarından Hamazaspın, Pastirmaçiyanın, Andronikin, Karakinin, Liantsın və Kerinin komandanlığı altında 24 minə yaxın erməni əsgəri, 11 kazak taboru, bir kazak alayı, minlərlə erməni könüllüsü iştirak edirdi. Onların ümumi sayı 50 min nəfərdən artıq idi. Onlar Türkiyənin müxtəlif bölgələrində etnik təmiz zonalar yaratmaq üçün yüz minlərlə dinc sakini qılıncdan keçirib qanına qəltan etmiş, ev-eşiklərini yandırıb külünü havaya sovurmuş, insan cəsədlərindən nəhəng tonqallar çatmışdılar. Bu cinayətkar aksiyalardan hiddətlənmiş türk hökuməti Van gölü ətrafında yaşayan və Osmanlı imperiyasına qarşı mübarizədə ruslara canfəşanlıq göstərən satqın erməniləri müharibə zonasından ölkənin uzaq guşələrinə köçürmüş və köçürmə zamanı ermənilərdən bir qrupu xəstəlikdən öz dünyasını dəyişmişdi. Sonralar erməni tarixçiləri bu köçürməyə "erməni soyqırımı" damğası vurmuş və türkləri tənqid hədəfinə çevirmək üçün bu faktdan böyük məharətlə istifadə etmişlər. Halbuki Amerika alimlərinin məlumatlarına görə həmin vaxt erməni quldur və terror dəstələri tərəfindən qətlə yetirilən müsəlmanların sayı ölən ermənilərin sayından qat-qat çox idi”.

Müttəhimlər sırasından erməni müttəhimlərin sözçülərindən biri bu fakta etiraz etdi, dərhal ona alternativ daha 7 mənbə göstərildi, o susanda isə amerikalı ekspert mətnin davamını oxudu:

 

 (Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(13.09.2023)