“Bərk-bərk yapış, Allahın yaxasından...” Featured

Rate this item
(0 votes)

“REDAKSİYANIN POÇTUNDAN” RUBRİKASINDA XATİRƏ SƏFƏROVANIN ŞEİRLƏRİ

 

Xatirə Səfərova 1988-ci ildə Qəbələ​ rayonunda​ dünyaya gəlib. Bakıda yaşayır.​ Hal -hazırda Bakıdakı 316 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi kimi fəaliyyət göstərir.​ Hekayələr və şeirlər müəllifidir. Şeirləri müxtəlif antalogiyalarda
(“Günəşin nuru”, “Zəfər qoxusu”, “Zərif kölgələr”), saytlarda (oxumeni.az, ziyalılar.az​) qəzetlərdə (“525-ci qəzet” və s.) və​ jurnallarda (“Azad qələm” və s.)  çap olunmuşdur.

Yenidən doğulmaq

Qəlbimdəki dumanı dağıtdın ki Allahım
Yenidən düz yolumu​ aydın görümmü deyə
Yıxdın​, yerlə bir yeksan etdin​ bütün dünyamı
Divar divar özümü yenə hörümmü deyə

Gəldi döndü başıma qaçıb getmiş idrakım
Üsyanlar qırdı mənim belimin​ qabırğasın
Dedilər​ ki, ay insan olma​ belə naşükür
Qayıt, yoluna qayıt, düşmə tanrıya ası

Allahın tək dərgahı dönəcəyin​ ocaqdır
Nə dilərsən dilə sən "cahanın ağası"ndan
Sən ki, əzəldən bəri​ saxtalığı sevmədin
Odur ki bərk-bərk yapış Allahın yaxasından

 

Qayıt....

Sən qəlbimə saldığın o təlatümdən​ söylə
Necə baş çıxararam, necə​ xilas olaram
Uzun-uzun baxmağın,​ dərin-dərin düşünmən
Sənsizlikdən heçnəyəm, haçan yenə dolaram

Unutdum​ ​əlifbada adından basqa​ bütün
Hərfin mövcudluğunu,​ sözlərin​ varlığını
Gedişinlə göstərdin dünyanın neçə küncdə
Neçə bucaqda olan o kiçik darlığını

Mən niyə Tanrı ​ bildim, niyə tapındım​ sənə
Axı bütpərəst​ olmaq mənlik deyildi heç vaxt
Qüdrətinin, gücünün​ həddi yoxdu gözümdə
Qəlbimdəki​ yerini əvəz etmir​ heç bir taxt

Baş qoyaram​ önündə ömrün son gününədək
Dodağından, dilindən çıxan​ hər bir kəlmənə
Mən hansı dildə dua edim, yalvarım
Sən insafa​ gələsən, qayıt ömrümə​ yenə



Ümidsiz sevgi

Bəzən sevdiyin  dəniz
boğar səni suyunda
O sevişir zənn edər
qoynunda çırpınınca...
Kəsər bütün dalğalar
nəfəsini bir anda
Hiss etmərsən ölürsən
kipriyin qırpınınca

Tərk edər ruhun səni ,
ayaq açar yeriyər
Ən dərinə batırar
sevdiyini bu dəniz
Demə unudar səni,
demə heç xatırlamaz
Coşar fırtınalarda 
qalar səndən boş bir iz

Dil açmayan dənizin 
dibində ölümlər var
Bitmiş romanları var ,
yarımçıq hekayəsi
Hər gecə batmış ruhlar 
dalğalarla güləşər
Batırar qulaqları
ümidsiz sevgi səsi.

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2023)