“Hərəyə göylərdən bir ulduz düşər...” - BİRİ İKİSNDƏ layihəsində Yusif Mürsəlin şeirləri Featured

Rate this item
(0 votes)

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində üç gün Şeir vaxtıdır, Yusif Mürsəlin şeirləri ilə tanışlıqdır. Bu gün üçüncü - sonuncu gündür.

 

 

 

Bu dünyanın çox işləri

Ya keçməyir, ya da keçir.

Ömür dedikləri bu zülm

Aldada-aldada keçir.

 

Yatanlar bir-bir oyanır,

Ağlar qaraya boyanır.

Biri "yaşılda" dayanır,

Biri "qırmızıda" keçir.

 

Köhnə çuldu, köhnə palan,

Nə oldu ki bizə qalan

Bir məkanda iki yalan

Bu da keçir, o da keçir.

 

Nələr gördüm mən dünyada,

Yolu duman, çən dünyada

Kişi var ki, gen dünyada

Sözü bir arvada keçir.

 

Dönüb baxma ah yerinə,

Savab, ya günah yerinə,

Bir də gördün şah yerinə.

Çulu cırıq gəda keçir.

 

Bu dünyanın çox işləri

Ya keçməyir, ya da keçir.

Ömür dedikləri bu zülm

Aldada-aldada keçir.

 

 

***

 

Gəlib-gedən baxır gen pəncərəyə,

Bəlkə, daş yığmısan sən pəncərəyə.

Min ildi baxıram mən pəncərəyə,

Gələn elə daşdı, anam balası.

 

Hamı hamar yola dığırladır daş,

Gələn də çaşbaşdı, gedən də çaşbaş.

Qurunun oduna yanmalıdı yaş,

Yanan elə yaşdı, anam balası.

 

Əgər xeyir üstə köklənsə bəşər,

Hərəyə göylərdən bir ulduz düşər.

Baş aça bilmirəm, xeyir ilə şər

Nə cürə yoldaşdı, anam balası.

 

Qardaş hər sözünü deyər qardaşa,

Qardaşdan ötən daş dəyər qardaşa.

Etibar yoxdusa əgər qardaşa,

O necə qardaşdı, anam balası?

 

Yenə pambıq bədən, yenə tər sinə,

Dərsini bilməyən gedir dərsinə.

Fırlanır dünyanın çarxı tərsinə,

Başsız yenə başdı, anam balası.

 

 

***

 

Bu eşq bir yelkənsiz qayıq,

Ürəyimiz oyuq-oyuq,

Biz bir yolun yolçusuyuq,

Yolumuza çən atılmış.

 

Nəsə edə də bilmirəm,

Bilirəm, nə də bilmirəm,

Uçub gedə də bilmirəm,

Göyərçinəm dən atılmış.

 

Bir gün sönəcək bu ocaq,

Bir ovuc külü qalacaq,

Görən, bizi kim tapacaq

Mən atılmış, sən atılmış?

 

“Ədəbiyyat və incəsənət”

(13.09.2023)