“Qurutmayıbdı torpaq, cinarımız qayıtsın” - Qəzəl saatı Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı Lilpar Cəmşidqızının qəzəllərini təqdim edir

 

SƏNİ GÖRCƏK

Lal oldu dilim, heyrətə gəldim səni görcək, Güldün, yenidən cürətə gəldim səni görcək.

İllərdi çəkən həsrətimin qəddini əydim,

Bir yol taparaq söhbətə gəldim səni görcək.

Aşiq bu qədər eşqə vəfasız ola bilməz, Susdum, deyəsən, qeyrətə gəldim səni görcək.

Qultək əyilib məhlədə qarşında dayandım, Aləm də bilir, minnətə gəldim səni görcək.

Allah, məni əhv eylə, günahımdı, bağışla, 

Bir yarə dedim, beyətə gəldim səni görcək.

Aşkarə deyilməz "sevirəm" kəlməsi hərdən, Him-cim eləyib xəlvətə gəldim səni görcək.

Bir bəxtəvər insan kimi çöhrəndə gülüş var, Lilpar, elə bil cənnətə gəldim səni görcək.

 

EDİBDİR

YaRəb, Sənin eşqin məni divanə edibdir, Həsrət darıxan könlümü viranə edibdir.

Göstər, o gözəl çöhrəni aləm də sevinsin, Zalım doğulanlar Yeri qəmxanə edibdir.

İmkanı olanlar yetimin haqqını vermir, Qəmsiz yaşayan aləmi meyxanə edibdir.

Şəm tək alışanlar əridib ömrünü hər dəm, Canın bu cahan mülkünə pərvanə edibdir.

Göydən yerə leysan tökən Allah kərəmindən, Çat-çat quruyan torpağa peymanə edibdir.

Aldandı məhəbbətlə bu dünyayə gələnlər, Aşiqliyi bir çoxların əfsanə edibdir.

YaRəb, Səni kim sevsə bu Lilpar kimi sevsin, Könlümdəki eşqin qəmi dürdanə edibdir.

 

QAYITSIN

Könüldə var bir arzum, nigarımız qayıtsın, Cahan görüb zimistan, baharımız qayıtsın.

Dağılmayır bu aləm, zəmanəmiz dəyişsin, Çiçəkləsin ağaclar, nübarımız qayıtsın.

Tökülməsin nə qanlar, nə olmasın şəhidlər, 

O Zəngəzurla, Təbriz diyarımız qayıtsın.

Çörək pulun qazanmaq çətinləşib haçandır, Özün kömək dur, Allah, güzarımız qayıtsın.

Gücün görübdü düşmən, bu millətin, bu xalqın, 

Vuruşmuşuq əzəldən, vüqarımız qayıtsın.

Nə əkmişik kökündən, qoparmayıbdı rüzgar, Qurutmayıbdı torpaq, cinarımız qayıtsın.

Şeir yazanda, Lilpar, düşünmədin nə yazdın, Götürmə dərdi Yerdən, məzarımız qayıtsın.

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2023)