Ramiz Qusarçaylıdan Cığalı təcnis Featured

Rate this item
(1 Vote)

 

Ustad şair Ramiz Qusarçaylı gələn ay Saxa-Yakutiyanın paytaxtı Yakutsk şəhərində keçiriləcək Beynəlxalq Poeziya Festivalına dəvət alıb. Qədim Turan ellərinə səfər ərəfəsində yazdığı “Cığalı təcnis”i şair “Ədəbiyyat və incəsənət” portalının oxucuları ilə bölüşür. 

Onu da qeyd edək ki, müasir poeziyamızda “Cığalı təcnis” nümunələrinə nadir hallarda rast gəlinir.

 

 

Cığalı təcnis

 

Mənə gəl-gəl deyir Turan elləri,

Səsləyir Saxalar, Yakutlar məni.

Şair deyər tur anı,

Səfər anı, tur anı,

Yer Turandı, göy Turan

Ötür Turan Turanı.

Bir az gecikmişəm, bir az üzgünəm,

Gəlincə ya qınar, ya kutlar məni.

 

Hər yan qar dənizi, şam, ayı üzür,

Ağ göldə ağ balıq,şamayı üzür,

Şair deyər,şam,ayı,

Cəngəl meşə, şam,ayı,

Ağ işıqdı, bəyaz qar

Seçə bilmir şam ayı.

Üzür, öləziyən şam Ayı üzür, 

Üzməz işığında yakutlar məni.

 

Sibir iki məkan, iki Sibirdi,

Edamdı, sürgündü, iki sibirdi,

Şair deyər al taya,

Göy talada al taya,

Düzsəm, sığmaz dağlarım

Alp dağından Altaya

Nargindi, Sibirdi, ikisi birdi,

Tanıyır Saxalar-Yakutlar məni.

 

Qusarçaylı ağ çay, yol qara çaydı,

Dirənib yol qışa, yol qara, çaydı,

Şair deyər qara çay,

Qara məcra, qara çay,

Qovrulur dərd içində 

Uyğur, Çuvaş, Qaraçay.

Yol Tuva, yol Hakas, yol Qaraçaydı

Hifz edər Şamanlar, ya Kutlar məni.

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2023)