Böyük yazıçı Çingiz Hüseynovun 70-ci illərdə yazdığı şeirləri Featured

Rate this item
(0 votes)

Hal-hazırda İsraildə yaşayan böyük Azərbaycan yazıçısı, “Fətəli fəthi” romanı ilə ad qazanmış Çingiz Hüseynov öz sosial media hesabında ötən əsrin 70-ci illərində azərbaycanca yazdığı şeirlərini paylaşıb. (Hazırda ədib romanlarını rus dilində yazır)

“Сavandır” silsiləsindən dördlüklər” adı ilə dərc edilmiş bu şeirləri “Ədəbiyyat və incəsənət” portalı oxucularına təqdim edir. 

 

1. 

Ellər qocalıb, 

Sözlər cavandır. 

Əllər qocalıb,

Gözlər cavandır.

 

Dağlar qocalıb, 

Qarı cavandır. 

Bağlar qocalıb, 

Narı cavandır.

 

Yollar qocalıb, 

Ocaq cavandır. 

Qollar qocalıb, 

Qucaq cavandır.

 

Cahan qocalıb, 

Yazı cavandır. 

Canan qocalıb, 

Nazı cavandır.

 

2. 

Zaman qocalıb, 

Zəmi cavandır. 

Kaman qocalıb,  

Simi cavandır.

 

Çeşmə qocalıb, 

Gözü cavandır. 

Qoşma qocalıb, 

Sözü cavandır.

 

Çiyid qocalıb, 

Səpən cavandır. 

İgid qocalıb, 

Vətən cavandır.

 

3.

Səbrim qocalıb, 

Oxum cavandır. 

Qəbrim qocalıb, 

Yuxum cavandır.

 

“Ədəbiyyat və incəsənət”

(12.09.2023)