QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı Featured

Rate this item
(0 votes)

 

“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

 

15-Cİ DƏRC

 

Ekspertlər ümumilikdə 21 nəfərdirlər, aralarında hər bir xalqın nümayəndəsinə rast gəlmək olar, ingilis, fransız, amerikalı, alman, italyan, yəhudi, yapon, ərəb, fars, yunan, hindus,  rus, polyak, türk, isveç, şotland, macar, rumın, özbək, gürcü, həbəş...

Hər bir mövzu öncəsi hər biri öz ölkəsindəki mənbələrdən çıxarış eləyir, sonra bütün çıxarışlar müzakirəyə qoyulur, mənbələrin ciddiliyinə xüsisi diqqət yetirilməklə ən zəruri, vacib olanları birləşdirilərək yek bir sənəd ortaya qoyulur. Müzakirələri çox gərgin, şiddətli debatlar şəklində keçir, hətta sözləşirlər, bir-birilərini aclılayırlar da. Amma ümumi mənafe baxımından sonda fikir ayrılıqlarını dəf edə bilir, konsensusa gəlirlər. Böyük Vardanla bağlı fikir ayrılıqlarını da dəf edə bildilər, onun şah əsəri sayılan “Ümumi tarix” (digər adı da “Tarixi toplu”) əsərində ermənilərinmi, yaxud yunanların, bizanslılarınmı təsvir olunması sualını açıq saxlayıb arayışlarını hazırlamağa müvəffəq oldular.

Ekspertlər qrupuna başçılıq edən olduqca yaşlı, amma gənclik şövqlü yəhudi qarşısındakı hazır vərəqləri üç kürsü aralıda əyləşmiş polyak ekspertə verib gülümsəyərək “uğurlar” söylədi, polyak ekspert də kürsüyə çıxıb vərəqləri oxumağa başladı:

-Böyük elmi-ədəbi irs qoyan tarixçi Vardan Aravelsinin  bu günə 120 əsəri gəlib çıxır. Onun “Psaltrın izahı”, “İyirmi peyğəmbərin mövludu”, “Qriqor Narekatsinin nəğmələr nəğməsinin izahı”, “Danilanın kəlamı” kimi əsərləri orta əsrlərdə erməni xalqının (bir daha təkrar edirik ki, olsun da ki, alban xalqının) tarixi, sosial-iqtisadi münasibətləri, məişət və mədəniyyəti barədə bilgilər verir. “Ümumi tarix” əsəri isə onun şah əsəridir, Xor Virap monastırında yazılması ehtimal edilən bu əsəri erməni mənbələri erməni tarixşünaslığının ümumdünya tarixi yazmaq cəhdində ən əsas halqa hesab edirlər. Əsər Ön sözdən və 100 hissədən ibarətdir. Proses ərəfəsində hissələr ekspertlərimiz arasında bölünərək tam şəkildə oxunub. Əsər əfsanəvi Babil qülləsinin tikilməsindən, Hayk və Bel arasındakı müharibədən başlayır, ta ki 1267-ci ilədək – erməni katalikosu Kostandin Berdzrabetsinin ölümünə qədər olan bir dövrü əhatə edir. Bəri başdan deyək ki, bizim peşəkar heyət bu nadir inci sayılan əsərlə tanışlıq zamanı bəzi hissələrin ümumi ansambla uyğun gəlmədiyini, ümumi ritmi pozduğunu hiss ediblər, elə adıçəkilən Hayk barədə,  Kostandin Berdzrabetsi barədə olan hissələr buna sübutdur, amma ümumi qənaətə görə Divan bu tarixçini və əsərlərini mühakimə obyekti seçdiyindən sözügedən dərinlikləri bəllirtiləməkdən vaz keçib sözümə davam edirəm.

Əsərdə erməni xalqına aid siyasi, iqtisadi, dini və mədəni hadisələr digər qonşu xalqlarla paralelləşdirmə şəklində təqdim olunur, ilkin mənbə kimi müəllif Movses Xorenatsinin, Mateos Urxaetsinin, Kirakos Qandzaketsinin, Koryunun əməklərindən istifadə etdiyini söyləyir. Eləcə də bol sənədlərdən, şifahi və yazılı mənbələrdən iqtibaslar olunur. Ən əhəmiyyətli olanı 12 və 13-cü əsrlərə aid tarixi faktlardır ki, burada monqol-tatarların Qafqaza yürüşü, onların vergi siyasəti, Hülaki dövləti, erməni-monqol münasibətləri barədə bilgilər yer alıb.

Vardanın “Tarix”i ilk dəfə 1861-ci ildə erməni naşir M. Emin tərəfindən çap olunub, həmin ildə Emin əsəri ruscaya çevirərək çap etdirib, ardınca Düleri əsəri fransızcaya, Andreasyansa türkcəyə çevirib. Yenə təkrarlayıram, olsun ki, əsərə yamaq kimi görünən bəzi hissələr, təbii ki, söhbət ermənilərə aid hissələrdən gedir, əsərə naşir tərəfindən sonradan əlavə olunub.

-“Mən etiraz edirəm”, -  söyləyib Aram Melkonyan cəld yerindən sıçradı, əlavə etdi ki, “Siz burada qədim və zəngin bir xalqa iftira yağdırır, hörmətsizlik nümayiş etdirirsiniz”.

Bu məqamda Divanın hakimlər kürsüsündə oturmuş yaşlı hakim yerindən Melkonyana irad bildirdi:

-Cənab Melkonyan, Eminin sözügedən kitabın nəşri barədə xatirələrini yəqin ki, oxumamış deyilsiniz, həmin kitabda o özü qeyd edir ki, əsərin redaktəsi uzun aylar aldı, belə ki, onun dilini sadələşdirmək, müəyyən düzəlişlər və əlavələr etmək lazım gəldi.

Aram Melkonyan çaşıb qaldı, amma bircə anda özünü ələ alıb gülümsər ifadə ilə söylədi:

-Hakimcan,          Emin bilirsiniz nəyi dəyişib? Vardan erməni xalqını necə var böyük göstərib, onun zəngin mədəniyyətini, döyüş qabiliyyətini, ucsuz-bucaqsız  torpaqlarını, var-dövlətini necə var göstərib. Eminsə gözə gəlməyək deyə bunları bir az kiçildib.

Baş Hakimin “Cənab Melkonyan, mən sizin yumor hissinizə heyran olmağa başlayıram” sözləri ilə tamaşaçılar arasına bir canlanma gəldi, yetərincə insan da gülüşdü.

Baş Hakim ekspertlərdən “Böyük Ermənistan” barədə Vardanın sözügedən əsərində və digər erməni mənbələrində gedən, yaxud, sonradan dürtülən hissələr barədə bilgi vermələri üçün növbəti arayış verməyi xahiş etdi.

Bu dəfə şotland ekspert kürsüyə çıxdı:

-Sözügedən mövzu Şapax Baqratuninin “Ermənistan tarixi”, Ovanes İmastaserin “Türklərin mənsəbi”, habelə Baqram Rabuninin “Tatarların yaranma tarixi” əsərlərində də yer alıb. Amma Vartanin “Tarix”i daha öncə yazılması ilə əhəmiyyət kəsb edir. Vartanın “Jxlank” əsərində də “Böyük Ermənistan” mövzusunun ruşeymlərinə rast gəlinir: burada qədim erməni əlifbasının, dilinin, musiqisinin təşəkkül tapması tarixi verilir. Mənbələrin iddiasına görə, bu əsəri Vardan Çar Xetumun tapşırığı ilə yazıb, ermənilər əsəri dünyada sonradan yetərincə təbliğ edə biliblər. Sonrakı “Aşxarasuys” əsərində Vardan “Ermənistan, İberiya və Albaniya” hissəsi ilə qədim Ermənistanın hüdudsuz sərhədlərini göstərir, coğrafiyasını geniş izah edir, oxucunu Ermənistanın şəhər və kəndləri, kilsələri, elmi-mədəni ocaqları ilə tanış edir. Bu əsəri də ermənilər əcnəbi dillərə tərcümə edib yetərincə yayıblar. Sonra Vardan “Nitq hissələri” adlı əsərində erməni dilinin sintaksisini tam açır, lüğət tərkibinə, əlifbasına yer verir, amma elə burda da “qədim və müzəffər xalqın nailiyyətləri” kontekstində Böyük Ermənistan mətləbi yer alıb.

Aram Melkonyan yerindən durub uca səslə Baş Hakimə müraciət etdi:

-Hakimcan, “Nitq hissələri” çox dahi əsərdir, 10 dəfə oxumuşam, on min insana zorla oxutmuşam. Böyük Vardan orda bilirsiniz nə yazır? “İlk kobud dil yarandı öncə, sonra bu kobud dildən yüngül Ellin və əzəmətli Roma dilləri, ardınca qorxunc Hun, yalvarıcı Suriya ərəbi, zəngin fars, gözəl alan, dərin misir, çığırtılı hind, güldürən qot və gömgözəl, dadlı-ləzzətli erməni dili yarandı. Bu dillər, rənglər kimi bir-birini tamamladı, gözəlləşdirdi.”

Melkonyan özü-özünü alqışladı, dərhal yeni bir mətləbə keçdi:

-Dahi Vardanın “Aşxarasuys” əsərini də 10 dəfə oxumuşam, orada isə...

Baş Hakim onun sözünü kəsdi:

-Cənab Melkonyan, bəs reqlament? Axı sizin çıxışa cəmi 3 dəqiqə, replika və müdaxilələrinizə 30 saniyə vaxt verilir. Bir də ki, siz ekspertin sözünü kəsib prosesin gedişatına maneçilik  törədirsiniz, bunun fərqində olun!

Sonra çıxışı yarımçıq qalmış ekspertə “Lütfən davam edin” deyə müraciət etdi, ekspert də çıxışını tamamladı:

-Vardanda və onun ardıcıllarında “Böyük Ermənistan” bu cür vəsf olunur: “Böyük Ermənistan”, “Qüdrətli Ermənistan” kimi adlanan torpaqlardan bəhs etdikdə, Ermənistan adlanan dağətəyində yerləşən, eramızdan əvvəl 190-cı ildən eramızın 428-ci ilinə qədər – 600 ildən artıq mövcud olan bir İmperiyadan söhbət gedir. Bu dövlətin sərhədlərinin Kür çayından İordan dənizinədək, Aralıq dənizindən Xəzər dənizinədək uzandığı, ümumən 312 min kv km əraziyə malik olduğu bildirilir. Əhalisi isə 3 milyona yaxın imiş. İlk dəfə bu imperiyanın ərazilərini Artaşesidlər dövründə genişləndirdiyi, xüsusən 2-ci Tiqranın dövründə Qədim Roma İmperiyası ilə birlikdə dünya hökmranı olması bildirilir. Sonrakı dövrlərdə - 2-ci Artavazd, 2-ci Artaşed sülaləsi dövründə get-gedə zəifləməsi, Arşahidlər sülaləsi dövründə isə süqut etməsindən bəhs olunur. Qeyd edilir ki, “Ermənistan” termini ilk dəfə eramızdan əvvəl 521-ci ildə, fars şahı 1-ci Dara dövründə Bexustun yazılarında işlənib. İlkin mənbələrdə Qərbi Ermənistan və Şərqi Ermənistan adlarına, sonrakılarda isə Böyük və Kiçik Ermənistan adlarına rast gəlinib, Əhəmənilər şahlığının Makedoniyalı İskəndərin hücumundan sonra süqutu Qədim Ermənistana qismən müstəqillik gətirib. E.ə. 316-cı ildə Satrap Ayrarat çarlığını yaradıb. Tezliklə çar 3-cü Antipx Van gölü ətrafından ta ki Fərat çayına qədər uzanan Selekvid çarlığını Ayraratla birləşdirib, e.ə. 3-cü əsrin sonu- 2-ci əsrin əvvəllərində bütün bu ərazilərdə ermənilər məskunlaşıblar, məhz bu ərazi də tarixi Ermənistan adı alıb.

Şotland ekspert bu yerdə nitqini dayandırıb elan etdi ki, mətnin “Böyük Ermənistan” hissəsini ingilis ekspert hazırladığından həmin hissəni o özü oxuyacaq.

Şotland ekspert yerinə keçdi, ingilis ekspert kürsüyə çıxıb izləyicilərlə salamlaşaraq nətn oxunuşunu davam etdirdi:

-Erməni mənbələrinin iddiasına görə, “Böyük Ermənistan” adı eramızın 77-ci ilində Qarnidəki yunan yazılarında işlənir, Çar 1-ci Trdat həmin ərazinin çarı kimi göstərilir. Yaxud 2-ci əsrə aid Roma mənbələrində Çar Bakur “Böyük Ermənistan” çarı adlandırılır. Ermənilər özləri bu yaxınlarda Aparanda qazıntılar aparıb 4-cü əsrə aid mənbə tapdıqlarını iddia ediblər, iddiaya görə orda “Böyük Ermənistan” çarı 3-cü Trdadın adı qeyd olunub. Erməni mənbələri onu da iddia edirlər ki, çoxlu latın, fars, gürcü, rus mənbələri var ki, orda da “Böyük Ermənistan” adı keçir.

Erməni mənbələrinə görə, “Böyük Ermənistan”da dövlət quruluşu mütləq monarxiya imiş. Bu dövlətin paytaxtı müxtəlif illərdə Artaşat, Tiqranakert, Dvin və Vaqarşapat olub. Dinə gəldikdə, iddia edilir ki, 4-cü əsrədək burada zərdüştiliyə itaət ediblər, 4-cü əsrdən xristianlıq qəbul edilib.

 Dövlətin 120 min nəfərlik daimi Çar ordusu olub. Həmin dövrə aid erməni qəhrəmanları arasında sərkərdə Vardan Mamikonyan Ermənistanda çox məşhurdur. 4-cü əsrdə yaşamış, İran Sasanilərinə qarşı vuruşub sücaət göstərmiş bu şəxsə abidələr qoyulub, adına küçələr salınıb, ən yaxşı erməni konyakı da onun adınadır.

Prosesin ağırlıq yükünü nisbətən yüngülləşdirmək üçün Baş Hakim replika atdı:

-Bax, Böyük Ermənistandan fərqli olaraq bu təkzibedilməzdir, erməni konyakı çox gözəldir!

Dərhal sıralarda bir canlanma əmələ gəldi. Ekspert mətninin davamı yenidən hamını sükuta qərtq etdi.

-2-ci Tiqran “Böyük Ermənistan”ın ən məşhur şəxsidir, sözügedən dövlətin əsas qurucusudur, Böyük Tiqran deyə ermənilərin sevə-sevə vəsf etdikləri bu şəxsin adı da kifayət qədər əbədiləşdirilib. Erməni tarixində bir də ən çox vəsf edilən qəhrəman 8-ci əsrdə Ərəb xilafətinə qarşı döyüşən Sasunlu David olub.

Baş Hakim ekspertə minnətdarlıq bildirib sözü yanında əyləşmiş yaşlı kolleqasına verdi. Söylədi ki, əks arqumentləri kolleqam səsləndirəcək.

Yaşlı hakim Baş Hakimə minnətdarlıq bildirib üzünü erməni nazirə tutaraq söylədi:

-Cənab Melkunyan, mən sizi pərişan edəcəyəm. Yanınızda əyləşmiş və 800 il əvvəl yaşamış, bəlkə də heç erməni də olmayan, alban olan, yazdıqlarını təhrif edib Böyük Ermənistan xülyanızın başlanğıcı hesab etdiyiniz şəxs belə məni indi duya bilirsə, onun durub sizin üzünüzə tüpürmək istəyəcək həddinə qədər sizi pərişan edəcəyəm. 17 qədim tarix mənbəsindən çıxarışa görə, Ermənistan Krallığı - İran mənşəli Artaşeslər və Parfiya mənşəli Arşakilər sülalələrinin hakimiyyətindəki torpaqları nəzərdə tutan termindir. Günümüzdə bu termindən erməni ideologiyasının təşəkkül tapması və erməni ekspansiyasını vurğulmaq üçün istifadə edilir. Mənbələrə görə "Böyük Ermənistan" ifadəsi iki mənada işlədilir: coğrafi və siyasi mənalarda. Həmin ifadəni coğrafi mənada 1800-cü ildə erməni Qriqoryan kilsəsinin ortaya atması sübut olunub. Mənbələrə görə, III Antiox Selevki Ararat çarlığını işğal edərək həmin ərazini Ermənistanın əsas ərazisi olan Van gölü ətrafı ilə birləşdirmiş, “Böyük Ermənistan” ifadəsi də o vaxt yaranmışdır. Yəni indiki ermənilərin – hayların həqiqi ermənilərlə - ərmənlərlə və ya armanlarla heç bir bağlılığı yoxdur. “Böyük Ermənistan” deyib iddia etdikləri qədimi dövlət də hətta mövcud olsa belə, indiki ermənilərin - hayların qurduğu bir dövlət deyildir. Haylar bu əraziyə daha sonrakı tarixi dövrlərdə Şimali Fərat hövzəsindən gəlmişlər. Dəqiq tarixi qaynaqlara görə, ermənilərin iddia etdikləri kimi “Böyük Ermənistan” heç də dənizdən-dənizə  - Aralıq, Qara və Xəzər dənizlərinədək hüdudsuz ərazidə olmamışdır. “Kiçik Ermənistan” (Van gölü ətrafı) ifadəsini də erməni kilsəsi ortaya atmışdır.

Müttəhimlər sırasından gələn etriaz səsləri o qədər yüksək həddə çatdı ki, Baş Hakim prosesə fasilə verməli oldu.

 

 (Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2023)