Ramiz Qusarçaylı: “Ədəbiyyatımızda istedadsızların diktaturası istedadlıların demokratiyasını məhv etməyə yön alıb” Featured

 

 “Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə layihəsi olan “Şənbə qonağı”nda İntiqam Yaşar bu dəfə sizi Qubada yaşayıb-yaradan vətənpərvər şair, dillər əzbəri olan “Azərbaycan bayrağı” şeirinin müəllifi Ramiz Qusarçaylı ilə görüşdürür.

 

 

 

- Salam Ramiz müəllim. Qubadan Bakı ədəbi mühiti necə görünür?

 

-Salam. Şeir də daxil olmaqla ədəbiyyatı, ümumiyyətlə ədəbi həyatı səməni kimi saf, sünbül kimi dolu sevirəm. Çox yaxın zamanlaradək xalqımızın yaraları şeirlə sarınırdı, qanı şeirlə silinirdi, şeir hardasa məlhəm rolunu oynayırdı. Hazırda isə... Müasir dünyanın elm və tərəqqi sahəsindəki ardıcıl yenilikləri, siyasi arenadakı bir-birini əvəz edən hərbi və diplomatik gedişlər ədəbiyyatı çox rahat şəkildə üstələyə bildi. Yaranan ciddi əsərlərlə yanaşı mühitin şeir “iltihabı” da (eləcə də nəsr) dərinləşməyə başladı, yeniləşən dünyanın təfəkkür doğanağında töyşüyən mərkəzdə ədəbi riyakarlıq və mədhiyə məhsulları bollaşdı, əyalət mühitinə təhrif olunan tərif gözlüyündən boylanan Bakı mühitinin benefisləri anşlaqa çevrilmədi, əksinə, nə qədər arınsa da saflığını qoruya bilmədi, əvvəllər də qeyd etdiyim kimi, “akademik” feodal təfəkkür arenasında istedadsızların diktaturası istedadlıların demokratiyasını məhv etməyə yön aldı. Tək-tük imzalar istisna olmaqla mədhiyə janrı kütləviləşdi, bəzi yazarlar nəinki kitablarının içində, cildində belə mədhiyyə dərc etdirdilər, sərgilərdə sərgilədilər. Ədəbi örnəklər seyrəldi, sözün pir yerləri pozuldu, əyalətin mərkəzdəki ədalət söykənci uçurulub dağıdıldı. Bu gün Bakı ədəbi mühiti itmiş-bitmişlərlə doludu,- nə istəsən danışdır, yazdır, istifadə elə özün üçün. Cırcırama cəngisi, qurbağa kapellası... Mədhiyələri bir çox hallarda ustalıqla mədh edən ədəbi tənqidimizin də ədəbiyyata riyakarlıq amfiteatrından boylanışını seyr edən əyalətin halını duyub anlamaq o qədər də çətin deyil.

 

- İnternet dövrü məsafə anlayışını nisbətən aradan götürsə də, paytaxt və region fərqi hər sahədə olduğu kimi ədəbiyyatda da mövcuddur. Sizin fikrinizcə, regionlarda ədəbiyyatın inkişafı üçün, yazarların aktiv fəaliyyəti üçün nələr etmək zəruridir?

 

-Dövrümüzün paytaxt və reqion anlayışında məsafədən başqa elə bir ciddi fərq görmürəm. Təbii ki, paytaxtda yaşayan yazarların aşağı-yuxarı tədbirlərə qatılması, efirlərə dəvəti, müxtəlif səfərlərə çıxmaq kimi üstünlükləri var və bu da hardasa onlara əyalətdə yaşayıb yaradan yazarlarla nisbətdə məşhurluq gətirə bilər, ancaq bu məsələnin böyük ədəbiyyatın yaranmasına aidiyyatı yoxdur. Bir də ki, indiki bölgələr əyalət deyil, ədəbiyyatdır, özü də əsil ədəbiyyat. Əyalət təfəkkürüylə mərkəzdə yaşayıb yaratmaqdansa mərkəz təfəkkürüylə əyalətdə yaşayıb yaratmaq daha önəmlidir. Elə bizim Zakir Məmməd kimi...

 

- Qubada və ətraf rayonlarda yaşayan yazarlarla bir ustad yazar olaraq görüşə bilirsinizmi, ədəbi diskussiyalar olurmu?

 

- Quba ədəbi mühiti ilə bağlı bir az ətraflı danışmaq istəyirəm. Təməli böyük mütəfəkkir Abasqulu Ağa Bakıxanov tərəfindən 1835-ci ildə qoyulan  “Gülüstan” ədəbi məclisinin əhatə dairəsi Rusiyadan adlayaraq bir sıra Avropa ölkələrinə qədər uzanmış, bu əlaqələrin nəticəsi kimi nəinki  Azərbaycanda, eləcə də bütün Şərqdə ilk qadın dramaturq olan Səkinə xanım Axundzadənin, Mirzə Möhsün Xəyalinin, Xaltanlı Tağının, Xınalıqlı Əminin, Baba Buduqinin, Hacı Qubalının və digər saz və söz ustalarının yetişməsinə gətirib çıxarmış, milli ədəbiyyatımızın və mədəniyyətimizin zənginləşdirilməsi sahəsində böyük tövhələrini vermişdi. Ədəbiyyat və mədəniyyət tariximizin bir sıra mənalı və maraqlı səhifələri bilavasitə Quba ilə bağlıdır. 1830-cu illərdə Tiflisdə Azərbaycan türkcəsində 300 nüsxədən ibarət “Tatar-əxbari” qəzetinin qubalılar arasında 30-a yaxın abunəçisi vardı. Bu qəzetin Qubada yayılmasına Qafqaz canişinliyinin dəftərxanasında tərcüməçi işləyən Abasqulu Ağa Bakıxanov köməklik göstərirdi. 1873-cü ildə qubalı mülkədar Abdulla ağa Bakıxanov (A.A.Bakıxanovun qardaşı) Həsən bəy Zərdabiyə “Əkinçi” qəzetini nəşr etdirmək üçün 1000 manat pul göndərmişdi.

 

Quba ədəbi mühitinin müasir mərhələsi olaraq 1993-cü ildə Qubada bölgə yazarlarını özündə birləşdirən “Ay işığı” adlı ədəbi məclis yaratdım və hazırda məclisə sədrlik edirəm. “Ay işığı” ədəbi məclisi əyalətin dağılmaqda və çürüməkdə olan ədəbi dağıntıları arasından boy verib böyük sənət işığına qovuşdu, öləziməkdə olan əyalət düşüncəsinin sarımtıl işıqlarına yeni rəng qatdı, qədim tarixi olan Qubanın zəngin mədəniyyətindən, füsunkar təbiətindən, Şah dağından Xəzərəcən bir ərazini əhatə edən yeraltı və yerüstü təbii sərvətindən, Fətəli xan əzmindən, Şeyxəli xan qeyrətindən, A.A.Bakıxanov mütəfəkkirliyindən qaynaqlandı, ölkənin çoxmillətli bir ərazisində sözə sədaqət, ədəbi mehribançılıq və səmimiyyət yaratdı...

 

1994-cü ildən etibarən “Ay işığı” ədəbi məclisinin almanaxları dərc olunmağa  başladı, respublikanın  jurnal və qəzetlərində  bölgə yazarlarının əsərləri mütəmadi olaraq dərc olundu, efirdə səsləndirildi. “Ay işığı” şərqin ilk qadın dramaturqu Səkinə xanım Axundzadənin tanıdılmasında böyük işlər gördü. Bölgə yazarlarının bir araya gəlməsi, ziyalı potensialının bədii meyarlar üzərində köklənməsi ilə ədəbi əlaqələrin coğrafiyasını günbəgün genişləndirməyə nail olaraq yeni-yeni ədəbi dairələrə yol açdı. Məclisin görüşünə Bakı ilə yanaşı Türkiyədən, Təbrizdən, Dərbənddən, Borçalıdan, Naxçıvandan, Qazaxdan və digər bölgələrdən qonaqlar gəldi.

 

1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin Milli Məsələlər üzrə Dövlət Müşaviri Hidayət Orucovun “Ay işığı” ədəbi məclisinin Qubanın “Sevinc” sarayında keçirilən 5 illik yubileyinə göndərdiyi təbrik teleqramında deyilirdi: “Ay işığı” ədəbi məclisinin beş illiyi münasibəti ilə Sizi və məclisinizin bütün üzvlərini ürəkdən təbrik edirəm. Məclisiniz ölkəmizin dilbər guşələrindən olan Şimal bölgəmizdə yaşayan istedadlı yazıçıların üzə çıxarılmasında, onların əsərlərinin müzakirə edələrək çap olunmasında səmərəli fəaliyyət göstərir. Doğma Dərbəndin yazıçıları ilə mütəmadi ünsiyyətiniz, ardıcıl əlaqələriniz diqqətəlayiqdir. Sizə yeni yaradıcılıq uğurları arzulayıram!”

 

Xalq şairi Bəxtiyar Vahabzadə yazırdı: “Mənim çox sevdiyim, haqqında bir neçə dəfə yazdığım şair Ramiz Qusarçaylının rəhbərlik etdiyi “Ay işığı” ədəbi məclisinin fəaliyyətini yarandığı vaxtdan izləyirəm. Məclisin yaratdığı  təzə səs, təzə nəfəs bu gün Azərbaycanın heç bir bölgəsində yoxdur.” Xalq şairi Söhrab Tahir çıxışında: “- Qubada mədəniyyət səviyyəsi o qədər yüksəkdir ki, “Ay işığı”  adlı bir məclis bu şəkildə formalaşıb. Məclisin görüşünə Dərbənddən, Dağıstandan, Bakıdan və Türkiyədən qonaqlar gəlib ki, bu da məclisin səviyyəsini göstərir” söyləmişdi. Əməkdar İncəsənət xadimi Məmməd Aslan -“Ay işığı” poetik ümid parıltılarının bir yerə toplaşıb gurlandığı ədəbi məclisdir,”  Türkiyədən gəlmiş professor Adəm İşıq: - “Həm Türkiyənin, həm də Azərbaycanın bayrağında  ortaq bir şəkil var ki,  o da Aydır”. İnşaallah, bu “Ay işığı” da Türkiyə-Azərbaycan dostluğunun möhtəşəmliyinə böyük tövhələrini verəcəkdir”, Dərbəndin “Narınqala” ədəbi məclisinin sədri, “Dərbənd” qəzetinin baş redaktoru  Təhmiraz İmamov: -“İşığa, sözə, fikrə sərhəd yoxdur. Torpaq, yer kürəsi Allahındır. Onda da sərhədlər yox idi. Sərhədləri biz insanlar, hökmdarlar yaratdıq. Müqəddəs “Ay işığı”! Bizə sərhədlər olsa da sözlərimiz qoy sərhədsiz  olsun, bütün ürəklərə yol tapsın, hətta sərhədləri yaradan daş ürəklərə belə. Bəlkə yumşaldı...”  deyərək bu məclisi qiymətləndiriblər.

 

Bölgədə ədəbi mühitin bu şəkildə canlanması söz yox ki, AYB-nin Quba bölməsinin təşkil edilməsinə gətirib çıxardı... Düz on üç il sədri olduğum AYB-nin Quba bölməsi və rəhbəri olduğum “Ay işığı” ədəbi məclisi adına nəinki Qubada, eləcə də ətraf rayonlarda yazıb yaradan yazarlarla işgüzar əlaqədə olduq, birgə ədəbi görüşlər, diskussiyalar, yubileylər, kitab təqdımatları keçirdik və bu gün də bu işlər uğurla həyata keçirilir.

 

- "Ay işığı" ədəbi məclisi yenə fəaliyyət göstərirmi, orada nə kimi işlər görə bildiniz?

 

-“Ay işığı” ədəbi məclisinin uğurları barədə cild-cild kitablar yazılıb, toplular  nəşr edilib. Məclisə ardıcıl olaraq Azərbaycanın görkəmli sənət və elm xadimlərindən Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nəbi Xəzri, Söhrab Tahir, Nəriman Həsənzadə, Musa Yaqub, Ramiz Rövşən, Famıl Mehdi, Qabil, Məmməd İsmayıl, Zəlimxan Yaqub, Şahin Fazil, Məmməd Aslan, Ələkbər Salahzadə, Vaqif Arzumanlı, Şahmar Əkbərzadə, Firuzə Məmmədli, Vaqif Yusifli, İlham Abbasov və başqaları dəvət olunub. Belə görüşlərin nəticəsi kimi məclis barədə onlarla məqalə yazılıb, rəylər söylənilib, münasibət bildirilib.

 

Quba ədəbi mühiti tarixində ilk dəfə olaraq burada 2000-ci və 2012-ci illərdə Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin, Quba Rayon İcra Hakimiyyətinin və “Ay işığı” ədəbi məclisinin təşkilatçılığı ilə iki dəfə “Poeziya bayramı” adlı tədbirlər keçirildi, bir qrup yazar müxtəlif hədiyyə və diplomlarla təltif olundu. “Ay işığı” ədəbi məclisinin gənc üzvləri AYB üzvlüyünə qəbul olundu, ilk şeir  kitabları işıq üzü gördü. Təbii ki, bu işlərin başında rəhbəri olduğum birliyin saf və doğru fəaliyyəti olub.

 

Qubalı ziyalılar milli ədəbiyyatımızın zənginləşdirilməsində, öyrənilməsində və təbliğində öz xidmətlərini bu gün də davam etdirirlər. Hazırda Bakıda yaşayıb yaradan Şahin Fazilin, Füruzə Məmmədlinin, Əlibala Məhərrəmzadənin, Qvami Məhəbbətoğlunun, Rövşən Yerfinin və başqalarının Quba ədəbi mühitinin və tarixi keçmişinin incəliklərinə qədər təhlil edilib gələcək nəsillərə çatdırılmasında gördükləri işlər təqdirəlayiqdir.

 

Qubada isə bölməyə rəhbərlik etdiyim dövrlərdə dünyasını dəyişmiş böyük yazarlar Rəhim Alxas və Rahim Dünyamalı AYB-nin üzvləriydilər, sonralar isə rəhmətlik Bəxtiyar Ərşad, Şövkət Tacibəy və Naməddin Mirzəxanlı, eləcə də bu gün yazıb yaradan Zakir Məmməd, Zərifə, Cəlaləddin Budadoğlu, Səbuhi Hacıxanlı, Sevinc Məmmədova, Şixəmməd Seyidməmmədov və başqaları AYB-yə üzv qəbul edildilər. Məclisinin hazırda 40-a yaxın üzvü var. Qərib Aşkari, Əli Qəzənfəroğlu, Rahib Alpanlı, Cavanşir, Habil Rzanur Mustafayev, Mövlud Ağamməd, Mürfəttar, Nəzər Mirzəyev, Lətafət, Telman Təravət, Rəfiqə Məmməd qızı, Mövlan Şahid, Pənah Elqəm, Gülarə Aydın, Səyyad Sərraf, Qəhrəman Kamiloğlu, Rahimə Dünyamalı, Sərvinaz Sərvər və başqaları...  

 

-Ramiz müəllim, bu gün Azərbaycan şeiri və nəsri arasında müqayisəli təhlil aparsaq hansı istiqaməti daha öndə hesab edərdiniz?

 

-Şeir içinə yıxılan qəbir daşları kimidir. Dərbənd, Təbriz, İrəvan, Şuşa qəbristanlıqlarındakı soydaşlarımızın qəbirləri kimi. Üstünü ot örtsə də yurdu-məskəni itib batmır.  Şeir  yazmaq Vətən tarixinin yaralarını torpaqla yuyub təmizləmək, şair ürəyindəki göyərçin südüylə bəsləyib böyütməkdi.. Şeirin işi çox ağırdır. Nəsrinsə işi poeziyanın işindən asandı. Mövzu bolluğundan kefə düşən istedadlı nasirin peşəkarlığı kifayət edir ki, ortaya oxunaqlı əsər qoya bilsin. Düşünürəm ki, tarixin heç bir mərhələsində nəsr üçün belə münbit şərait olmayıb. Nəsr Mirzə Cəlilin, Dədə Qorqudun, İsa Muğannanın təkrarından çıxıb öz əhatə dairəsini yaratmalı, müasir dünya nəsrinə yan almalıdı.

 

-Bu gün dillər əzbəri olan, dərsliklərdə yer almış "Azərbaycan bayrağı" şeirinizdən danışaq. Bu şeir nə zaman yazılıb? Şeirin bu qədər əks-səda doğuracağını gözləyirdinizmi?

 

-Beş bəndlik "Azərbaycan bayrağı" adlı şeirimi düz beş ilə yazmışam. Şeir 2000-2004-cü illərdə yazılıb. Bir misranı bir aya yazdığım da olub. “Cəngidə cövlan yerim, cövlanda can yerimsən” misrası kimi. Bu mövzuda yazılan şeirlərin mayası yaxşı mənada pafosla yoğrulur, ən əsası odur ki, gərək o, istər məna, istərsə də forma cəhətdən özündən əvvəl yazılan şeirlərə bənzəməsin, sənətkarlıq baxımından mükəmməl olsun. Bütöv Azərbaycanın poetik xəritəsini beş bəndlik bir şeirə yerləşdirə biləsən, səndən sonra yazmaq istəyənlərə bu xəritədə boş yer saxlamayasan. Özü də iki nəhəng sənətkardan - Cəfər Cabbarlıdan və Arif Nihat Asyadan sonra bayraq mövzusuna baş vurmağa hər şair özündə cəsarət tapa bilməzdi, bu, necə deyərlər, pələngin ağzından öpməyə bənzəyirdi...

 

Açığını deyim ki, müstəqil bir məmləkət olaraq bayrağımıza şeirlər yazılacağını, adına meydan, muzey, abidə tikiləcəyini, bayram təsis ediləcəyini hiss edirdim və şeiri yazıb tamamlayandan sonra bu qədər əks-səda doğuracağını görüb buna bir daha əmin oldum və gümanım özünü doğrultdu. Hazırda "Azərbaycan bayrağı" şeirinə eyni üslubda, eyni ölçüdə, eyni formada onlarla nəzirə yazılıb və yazılmaqda davam edir...   

 

-"Şuşada sən qonduğun daşa pir deyəcəyəm"... Şuşa azad olunan gün Ramiz Qusarçaylının hisslərini öz dilindən eşidək.

 

- Şuşa azad olunan gün yox e, Şuşa azad olunan andaca evimdəki bayrağa sarılıb eşiyə cumdum, “Şuşada sən qonduğun daşa pir deyəcəyəm, Çəkəcəyəm gözümə kölgən düşən torpağı, Azərbaycan bayrağı!“  misralarını hayqırıb üzü Şahdağa bir nərə çəkdim. Elə bildim Yer titrədi, göy əsdi, zəng zəngə, təbrik təbrikə qarışdı, özü də zəng vuranların kimliyini soruşmurdum, o başdan “Azərbaycan bayrağı” şerinin sədalarını eşidirdim, özüm də eləcə Şuşam deyə bağırırdım...

 

Bir vaxtlar yazmışdım ki, “Qarabağda iki alıb, Sinifdə qaldığım Vətən...” İndi deyirəm ki, “Qarabağda beş aldığım, Əlaçı olduğum Vətən!..” Bu Qələbəni bizə bəxş edən uca şəhidlərimizin ruhu qarşısında baş əyirəm, müzəffər ordumuza və qazilərimizə eşq olsun deyirəm.

 

- Səs-küylü Bakıdan uzaqda yaradıcılıqla məşğul olmağın zövqü varmı?

 

-Bu günün Bakısı çox yüklənib, özü də o qədər yüklənib ki, heyi qalmayıb, ağırlığından yan üstə yıxıla bilər. Yazarların əksəriyyəti mərkəzə yığılıb, tək-tək, dəstə-dəstə, sanki üst-üstə qalanıb boğulurlar, nəfəslik də saxlamayıblar ki, asudə nəfəs dərə bilsinlər. Mən Bakıda nəinki yaradıcılıqla məşğul ola bilərəm, heç bir ay yaşaya bilmərəm. Bu tünlükdən, bu sıxlıqdan, bu his-pasdan qaçıb durulmağa yer tapa bilmərəm. Əyalətdə də bulanırsan, bulaşırsan, ancaq bilirsən ki, durulmağa yerin çoxdu.

 

Gül gülə ötürər, sünbül sünbülə,

 

Yaşıl heydən salar, al vurar məni.

 

Elə durulmuşam, elə yüngüləm,

 

Bir quş dimdiyində qaldırar məni...

 

- Ədəbi mətbuatı izləmək baxımından necədir durum? Regiona hansı ədəbi dərgilər gəlir?

 

-Regionda ədəbi mətbuat ardıcıl olaraq izlənilir, dərgilər abunəçilərə vaxtında çatdırılır, satışı təşkil edilir. Özüm də “Azərbaycan”, “Ulduz”, “Qobustan”, “Yada düşdü” dərgilərinə, “Ədəbiyyat”, “525-ci qəzet”, “Ədalət” qəzetlərinə abunəçiyəm. Abunə ola bilməyənlər də, ədəbi prosesləri sosial şəbəkədən izləyirlər. Etiraf edək ki, bu günün sosial şəbəkələri operativlik baxımından dövri mətbuatı üstələyir. 

 

- Gəncliyi oxuyursunuzmu?  Necə qiymətləndirirsiniz?

 

-Ədəbiyyatın gözəlliyini gənc istedadlar daha gözəl yaşayır. Yaradıcılıq nəhayətsiz ədəbi prosesdir, hər anın bədii mənzərəsindən içi yeniliklərlə dolu mövzular boylanır, o mövzuları qarşılamağa qadir gənclərimiz az deyil. O gənclərin yaradıcılığını mütəmadi olmasa da ara-sıra izləyirəm və bəyəndiyim şeirləri facebook  səhifəmdə həvəslə paylaşıram. Hiss edirəm ki, ədəbi gənclik özünü təbliğdə çətinlik çəkir, daha doğrusu, gənc istedad sahibləri yetərincə təbliğ edilə bilmir. Bu baxımdan ədəbi tənqidin üzərinə ciddi yük düşür.

 

-Sizin dövrün ədəbi gəncliyi ilə indiki ədəbi gəncliyi müqayisə etsəniz, fikirləriniz necə olardı?

 

-Ən çox üzüldüyüm məsələ bizim ədəbi nəslin gənclik illərinin Sovetlər Birliyi dönəminə düşməsi olub, o ölkə ki azad fikir və sərbəst düşüncə qəbristanlığıydı, çiynimizdə özgə başlarıydı, beynimizdə icazəli ideyalar, ideyaların da çürük sonluğu. Gec olsa da sevindiyim həmin birliyin dağılması olub. İndiki ədəbi gəncliyin isə müstəqil və qalib məmləkəti, azad və sərbəst yaradıcılıq imkanları, informasiya bolluğuna malik yaradıcı mətbəxi var. Hər bir gənc istedada ədəbi uğur arzulayıram.

 

-Təşəkkür edirəm söhbət üçün.

 

-Sağ olun.