Ədəbi ictimaiyyətin rəğbətlə qarşıladığı, şair Qulu Ağsəsin baş redaktorluğu ilə “Ulduz” jurnalının iyun sayı işıq üzü gördü.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, jurnal şairə Nübar Eldarqızının “Özüylə söhbəti və şeirləri”ylə açılır. “Ulduz” jurnalı ilə “525-ci qəzet”in birgə layihəsi olan “9-luq”da “Müharibə – Ədəbiyyat – Müharibə ədəbiyyatı” mövzusunda ənənəvi olaraq üçlük: şair Musa Urud, nasir Günel Anarqızı və kinorejissor Rövşən İsax danışır.
“Nəsr” bölməsində Tural Cəfərli, Arzu Murad, Vüsal Bağırlı, Fariz Yunisli və Məlahət Hümmətqızı təmsil olunublar. “Şeir vaxtı”nın budəfəki qonaqları isə Elnur Uğur, Mahirə Nağıqızı və Kəmaləddin Qədimdir.
Jurnalda həmçinin Fərid Hüseynin Musa Yaqubun poeziyası barədə fikirləri, Günel Eyvazlının “Xan qızı” yazısı, “Türk eli” rubrikasında Canər Gökcəoğlunun şeirləri, “Hücrə” rubrikasında Emin Pirinin “Posttənqidçi” yazısı yer alıb.
“Ulduz”un bu sayında 55 illik yubileyini qeyd edən Əsəd Cahangirin “Xarıgülnar” poeması da oxucuların ixtiyarına verilib.
Maraqla qarşılanan “Debüt” rubrikasında isə bu dəfə İntiqam Can və Aqil Bəkir ocucularla üz-üzə qalıblar.
Jurnalda daha bir maraqla qarşılanan rubrika “Tərcümə saatı”dır ki, bu dəfə oxuculara Vasili Belovun “Atlar” hekayəsi Elçin Hüseynbəylinin, Helen Bannermanın “Qızıl pəncərə” hekayəsi Zəhra Namazlının tərcüməsində təqdim edilib. Əcnəbi yazarlardan
tanınmış türk yazıçısı Bəxtiyar Aslanın “Ah, nə deyim, ömrüm, səni?!” yazısını isə oxucular Aygün Ələkbərzadənin tərcüməsində oxuya biləcəklər.
İyun sayında eləcə də Qərib Mehdinin “Gülgünün rəngli muncuqları” sənədli hekayəsi, Rövşən Yerfinin “Şəhidlik zirvəsi” sənədli oçerki, İlham Abbasovun “Ədəbiyyat üzrə Nobel mükafatçıları” rubrikasında görkəmli Amerika dramaturqu Yucin O’Nil barədə yazısı yer alıb.
Bir sözlə, mütaliə saatının rəngarəng və bol təəssüratlı olacağı şübhəsizdir.