QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

 

9-CU DƏRC

 

 

, Baş Hakim cəld sözünə düzəliş etdi:

-Erməni terroru dedikdə ilk olaraq fikrə dünyanın dörd tərəfində türklərə qarşı yönəli qanlı aksiyalar gəldiyindən mən də az öncə türk millətindən olanlara yönəlmiş erməni terrorunu şiddətlə qınadım. Amma həmkarım indicə mənə irad bildirdi ki, bu gün müttəhimlər kürsüsündə əyləşəcək erməni  terrorçu  Stepan Zatikyan heç də türklərə qarşı deyil, rus millətindən olanlara qarşı terror aktının təşkilatçısıdır. Proseslərimizin sonuna yaxın isə daha bir terrorçunu mühakimə edəcəyik ki, Monte Melkonyan adlı həmin terrorçu bu dəfə məhz türklərə qarşı törədilən terrorların əsas simasıdır. Amma onu, bu dəfə terror aktında yox, 1992-ci ildə Azərbaycan türklərinə qarşı törəddilmiş Xocalı soyqırımına görə mühakimə edəcəyik. Beləliklə, mən bayaqkı fikrimi korrektə edirəm: milliyyətcə türklərə və ruslara qarşı olan erməni terrorizmi...

Tamaşaçılar sırasından narazılıq sədaları eşidildi. Baş Hakim sözünü yarımçıq kəsib yerdən alovlu-alovlu çıxış edən şəxsdən mikrofona yaxınlaşıb fikrini aydın izah etməsini xahiş edəndə həmin şəxs – orta yaşlı kişi mikrofona yaxınlaşıb söylədi:

-Möhtərəm hakim, siz fikrinizi korrektə yox, tam redaktə etməli olacaqsınız. Belə ki, erməni terroru dedikdə tək türklər və sonradan əlavə etdiyiniz kimi, ruslar bu terrordan əziyyət çəkməyiblər. Bu işin kökü daha dərinlərə gedib çıxır. Biz isveçrəlilər, eşidəndə ki, erməni canilərə Divan tutulur, böyük sevinclə bura təşrif buyurduq. Və indi görürük ki, dünyada erməni millətçiliyini kimlərinsə birtərəfli məzmunda göstərməsi kimi zərərli tendensiya öz işini görüb. Siz də bu tendensiyanın təsiri altında məsələyə səthi yanaşırsınız. Niyə yalnız türklər və ruslar? Kim məsələni dalana dirəyir axı? Biz isveçrəlilər erməni terrorundan o qədər əziyyətlər çəkmişik ki. Mən Divandan xahiş edirəm ki, həmin terror aktları ardıcıllıqla bu tribunada səsləndirilsin.

Mikrofon arxasında dayanmış orta yaşlı kişinin yanında bir neçə qadın peyda oldu. Kişi onları Baş Hakimə göstərib söylədi:

-Bu isveçrəli qadınlar 1981-ci ilin 21 iyul tarixində Lozanna şəhərinin univermağında qadın qeyimləri bölməsində özləri üçün şad-xürrəm halda alış-verişlə məşğul idilər. Qəfildən "9 iyun təşkilatı"  adlı mənfur erməni terror təşkilatı univermaqda dəhşətli partlayış həyata keçirdi, 20 nəfər qadın alıcı müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Ömürlük şikəst qalanlar da oldu. Niyə dünya ermənilərin təkcə türklərə qənim kəsildiyini iddia edir? Onlar şəxsən biz isveçrəlilərə də qənim kəsiliblər. Ölkəmizdə nə qədər terror həyata keçiriblər, dünyadakı nə qədər vətəndaşımıza, diplomatlarımıza xəsarət yetiriblər. Mən bir daha tələb edirəm, bütün İsveçrə xalqı tələb edir, erməni terrorunun İsveçrəyə yönəli qatları bu Divan zamanı tam açılsın.

Tamaşaçılar isveçrəlini alqışlara bürüyəndə bu zaman daha bir şəxs mikrofona yaxınlaşdı, sakitlik yaranan kimi söz aldı:

-Möhtərəm hakimlər, möhtərəm xanımlar və cənablar. Mən isveçrəli cənabın çıxışına ürək ağrısı ilə qulaq asdım. Çünki o yaşayanları bir fransız olaraq mən də, mənim xalqım da yaşayır. Təkcə 70-ci, 80-ci illərdə mənim ölkəmin Paris, Marsel, Lion kimi şəhərlərində erməni terrorçuları saysız- hesabsız terror aktları həyata keçiriblər. Hətta Eyfel qülləsi, Yelisey çölləri belə onların dəhşətli terrorlarına şahidlik edib. Nə qədər fransız həyatını qeyb edib, nə qədəri ömürlük şikəst qalıb. Siz indi deyirsiniz ki, erməni terrorizmi təkcə türk millətinə qarşı yönəlib? Əsla xeyir! Yüz dənə də nida! 15 iyul, 1983-cü il. Parisin "Orli" hava limanında baş vermiş dəhşətli partlayışı mən, mənim xalqım necə unutsun? Erməni terroru nəticəsində 8 nəfər həlak olub, 60 nəfər yaralanmışdı. Həlak olanlar arasında Fransa, ABŞ, İsveç və Türkiyə vətəndaşları vardı. Fransa bir neçə gün bu hadisəylə bağlı matəmə büründü, xəbəriniz varmı? Biz fransızlar da tələb edirik ki, erməni terrorizmi tam mahiyyəti ilə burada açılsın.

Yenə də meydanı alqış səsləri bürüdü. Bu zaman bir neçə nəfərin də mikrofona sarı gəldiyini görən Baş Hakim tamaşaçılara səsləndi:

-Mən görürəm, müxtəlif xalqların nümayəndələri də söz istəyir, demək, onlar da erməni terrorundan çəkiblər, Divan ən ədalətli bir yerdir, burda heç vaxt ədalətsizliyə yol verilməz. Biz tamaşaçıların, əslində onlara şahid deyək, İsveçrə və Fransa terroru şahidlərinin tələbini nəzərə alırıq, mən Divan ekspertlərindən xahiş edirəm ki, erməni terroru xronologiyasının bu mötəbər kürsüdən səsləndirilməsini təmin etsinlər.

Alqış sədaları altında xırda məşvərətdən sonra Divan ekspertlərinin gənc bir üzvü bir arayış səsləndirdi:

-Möhtərəm Hakim, möhtərəm izləyicilər, erməni terror təşkilatları tərəfindən həyata keçirilmiş əsas terror aktlarının xronologiyasını çox təəssüf ki, burada tam səsləndirə bilməyəcəyik. Bu xronologiya 1892-ci ildən ta ki 2001-ci illərə qədər – olduqca böyük bir dövrdə həyata keçirilmiş yüzlərlə qanlı aktı özündə birləşdirir, 1626 səhifəlik bir məlumatdır, prosesdən sonra kim istəsə yaxınlaşıb onunla tanış ola bilər. Bir belə məlumatı oxumağa bizə günlər lazımdır, əfsus ki, məhkəmənin belə bir imkanı yoxdur. Odur ki, Divanın işçi qrupu təkcə ASALA, "3 oktyabr"  və ESƏD terror təşkilatlarının 1975-1991-ci illər ərzində həyata keçirdikləri terror aktları listəsini təqdim edir. Buradakı çıxışlarda toxunulan terror aktları məhz həmin dövrə təsadüf etdiyindən bizim seçimimiz belə oldu. Üstəlik, bu gün məhkum olunan Stepan Zatikyanın həyata keçirdiyi terrorun da tarixi həmin vədəyə - 1977-ci ilə təsadüf edir. Bizcə, elə 16 il də kifayətdir ki, erməni terrorunun necə genişmiqyaslı və necə qanlı olmasını sübut etsin.

Sonra Divan üzvü üzünü diktorlar əyləşən sıraya tutdu:

-Diktorlar, siyahı çox uzundur, mümkünsə hamınız çıxıb növbəli şəkildə onu oxuyun.

Səhnəyə 4 kişi və 2 qadın diktor çıxdılar. Sıra ilə düzülüb əllərindəki kağızı hazır vəziyyətə gətirdilər. Birinci dayanan kişi diktor oxumaq istəyəndə Baş Hakim onu saxlayıb söylədi:

-Reqlamentə görə biz təqsirləndiriləni bir qədər gec bura gətirməli idik. Amma əgər uzun bir terror siyahısı oxunursa, nəyə görə bu terrorun törədicilərindən biri onu öz qulaqları ilə eşidib arlanmasın? Odur ki, mən Divan heyətindən xahiş edirəm ki, reqlamentə dəyişiklik edilsin, Zatikyan məhz bu anda Müttəhim kürsüsündə əyləşdirilsin.

Divan heyəti təklifi qəbul etdi. Səhnədəki portretinin örpəyi açılınca üzü qara örtüklü iki mühafizəçi Müttəhimlər sırasında əyləşmiş bir gənci gətirib Müttəhim kürsüsündə əyləşdirdilər. Onun arıq sifətini uzun qıvrım saçları və upuzun bakenbardları xeyli sıxıb görünməz etməkdəydi. Tipik 70-ci illər sovet gənci idi.

Baş Hakimin işarəsi ilə hazır vəziyyətdə dayanmış kişi diktor mətn oxunuşuna başladı:

-Beləliklə ötən əsrin 1975 – 1991-ci illərinə aid erməni terrorları siyahısı. 20 yanvar, 1975-ci il. Beyrut, Livan. Ümumdünya kilsə şurasının mənzil qərargahı partladılıb.

7 fevral, 1975-ci il. Beyrut, Livan. Türkiyə informasiya və turizm bürolarının ofisində quraşdırılmış bombanı zərərsizləşdirmək istərkən bomba işə düşüb və bir nəfər livanlı polis ağır xəsarət alıb.

20 fevral, 1975-ci il. Beyrut, Livan. Türkiyə avia şirkətinin ofisinin qarşısında partlayıcı qurğu işə düşərək ofisin binasına ciddi ziyan vurub.

14 oktyabr, 1975-ci il. Paris, Fransa. Türkiyənin Fransadakı səfiri İsmail Erez və onun sürücüsü Talip Yener qətlə yetirilib, ESƏD məsuliyyəti öz boynuna götürüb, lakin sonra ASALA bu terror aktını özünün təşkil etdiyini bildirib. Mütəxəssislərin fikrincə bu aksiyanın təşkilində hər iki terror təşkilatı birlikdə iştirak edib.

22 oktyabr, 1975-ci il. Vyana, Avstriya. Türkiyə səfirliyinə daxil olan üç nəfər erməni terrorçu səfir Danış Tunalıgili avtomatik silahla qətlə yetiriblər.

28 oktyabr, 1978-ci il. Beyrut, Livan. Türkiyə səfirliyi raketlərlə atəşə tutulub.

1976-1979-cu illər. Türkiyə. İqtisadi və hərbi xarakterli obyektlərdə ardıcıl olaraq diversiyalar və obyektlərə hücumlar həyata keçirilib.

16 fevral, 1976-cı il. Beyrut, Livan. Türkiyə səfirliyinin birinci katibi Oktar Sirt  qətlə yetirilib.

2-ci kişi diktor:

-17 may, 1976-cı il. Frankfurt, Köln, Essen şəhərləri, Almaniya Demokratik Respublikası. Türk konsulluqlarında partlayışlar həyata keçirilib.

8 yanvar, 1977-ci il. Moskva, SSRİ. Eyni gündə şəhərin üç yerində - bir metro stansiyasında və iki ərzaq mağazasında güclü partlayışlar törədilib, 7 nəfər ölüb, 27 nəfər yaralanıb. Həmin bu cinayəti bizim Divanımızın bugünkü təqsirləndiriləni Zatikyan törədib.

Zatikyan şoumen kimi yerindən durub publikaya əl elədi. Publika onun bu jestini anlaşılmazlıqla qarşıladı, narazılar hiddət səslərini çıxartdılar.

2-ci diktor mətnin davamını oxudu:

-2 mart, 1977-ci il. Beyrut, Livan. Türkiyə səfirliyinin hərbi və inzibati məsələlər üzrə attaşesi  Nahit Karakay və İlhan Özbabakanın avtomobilləri partladılıb.

6 iyun, 1977-ci il. Sürix, İsveç. Güclü partlayış nəticəsində milliyyəti türk olan Hüseyn Bülbülə məxsus mağaza tam dağıdılıb.

2 iyun, 1978-ci il. Madrid, İspaniya. Avtomatik silahla silahlanmış üç erməni terrorçusu türk səfiri Zəki Küneralpın maşınını atəşə tutub, bunun nəticəsində səfirin həyat yoldaşı Neqla Küneralp, maşında olan keçmiş səfir Bəşir Balsoğlu həlak olub, milliyətcə ispan olan sürücü Antonio Torres aldığı yaralardan xəstəxanada keçinib.

17 dekabr, 1978-ci il. Cenevrə, İsveçrə. Şəhərdə yerləşən türk aviaşirkətlərindən birinin ofisində partlayıcı qurğu işə düşüb, partlayış nəticəsində ofisə ciddi ziyan dəyib.

7 avqust, 1979-cu il. Frankfurt-na-Odr, Almaniya Demokratik Respublikası. Türk aviaşirkətinin ofisində partlayış baş verib, partlayış nəticəsində küçədən keçən alman vətəndaşı yaralanıb.

22 avqust, 1979-cu il. Cenevrə, İsveçrə. Türkiyənin Cenevrədəki konsulu Niyazi Adalının maşınına qoyulmuş partlayıcı qurğu işə düşüb, bunun nəticəsində küçədən keçən bir neçə isveçrəli yaralanıb.

4 oktyabr, 1979-cu il. Kopenhagen, Danimarka. Türk aviaşirkətinin ofisi yaxınlığında baş vermiş partlayış nəticəsində ofisə ciddi ziyan dəyib, iki nəfər danimarkalı yaralanıb.

3-cü kişi diktor:

-12 oktyabr, 1979-cu il. Haaqa, Niderland. Türkiyənin bu ölkədəki səfiri Özdəmir Benlərin oğlu 27 yaşlı Əhməd Benlər öz maşınında qətlə yetirilib, bu qətlə qörə məsuliyyəti ASALA və ESƏD birlikdə öz üzərilərinə götürüblər.

30 oktyabr, 1979-cu il. Milan, İtaliya. Türk aviaşirkəninn ofisində partlayış törədilib.

8 noyabr, 1979-cu il. Roma, İtaliya. Həyata keçirilmiş partlayış nəticəsində Türkiyə səfirliyinin binasına ciddi ziyan dəyib.

18 noyabr, 1979-cu il. Paris, Fransa. Üç aviaşirkətin ofisinin qarşısında partlayışlar baş verib, bunun nəticəsində Türk hava yolları, KLM və Lufthanza şirkətlərinin ofislərinə ciddi ziyan dəyib, iki fransız polis isə yaralanıb...

 

(Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(31.08.2023)