İsraildə Abdulla Şaiqin əsəri cuuri dilində təqdim olunub

İsrailin Qiryat Yearim şəhərində Azərbaycanın görkəmli yazıçısı Abdulla Şaiqin cuuri (Dağ yəhudilərinin dili) dilində nəşr edilmiş “Tıq-tıq xanım” kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə şəhər ictimaiyyətinin, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının və Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, tədbirdə çıxış edənlər Abdulla Şaiqin anadan olmasının 140 illiyinə həsr olunmuş bu layihənin həyata keçirilməsini yüksək qiymətləndiriblər. Bildirilib ki, layihə Azərbaycan ədəbiyyatının, onun görkəmli ədiblərinin İsraildə tanıdılması və təbliğ olunması məqsədinə xidmət edir.
Qeyd edək ki, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının dəstəyi ilə nəşr olunmuş kitabın İsraildəki kitabxanalara, tanınmış mədəniyyət və ictimai-siyasi xadimlərə bəxş edilməsi, yaxın zamanda, Bakıda təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub.