QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

 

8-Cİ DƏRC

 

 

1-Cİ PROSES.

STEPAN ZATİKYAN

Hava quşların cəh-cəh səsi ilə işıqlaşmağa başladı, yaxından axan çayın şırıltısı bu səsi bir qədər də gözəlləşdirir, ahəstə axan küləyin yarpaqları xışıldatması isə bu səsin dərin zəngulələrinə çevrilirdi.

Bu dünyanın insanları informasiyanı Əsl dünyadakı kimi televizordan, internetdən, mətbuatdan deyil, məhz bu cür səslərdən alır. Obaşdandan oyanır, səhər prosedurlarından sonra bir stəkan qəhvələrini içib evdən çıxırlar, təbiətlə təmasa, onun gözəllikləri ilə ünsiyyətə can atırlar. Yalnız özəl günlər fərqli olur. Teatr və balet nümayişi, lektorların mühazirələri, poeziya günləri, bir də Divan buranın adiliyini özəlləşdirən mərasimlərdir. Bu səhər də Divanın 1-ci prosesi keçiriləcək deyə hamının yolu Baş Meydana döğru yönələcəkdi.

Böyük Divan – Axirət dünyasının ən diqqətçəkən mərasimi sayılır, burada tarixin ağ ləkələri aşkara çıxır, səhvlərə düzəlişlər edilir, cinayətlər öz cəzasını alır. Ona görə də, digər mərasimlərdən qalmağa nəsə səbəb tapılsa belə Axırət əhli üçün Böyük Divandan qalmağa heç bir səbəb yoxdur. İnsanlar bura həvəslə gəlir, bəzən nəfəs dərmədən, bəzən çılğın reaksiya ilə səhnədə baş verənlərə hakim kəsilirlər, qeydlər aparır, müzakirələr açır, bütün cisimləri və ruhları ilə prosesə transfer olunurlar.

Baş Meydanda qələbəlik idi. Proses saat 8-də başladığı halda başlanğıca yarım saat qalanda artıq stulların tutulmasına başlanmışdı. Divanın xidməti heyəti gələnlərə yerlərinə keçməyə köməklik edir, sıralar boyu içməli su şüşələri və stəkanlar düzülürdü.

Çox keçmədi ki, proses də başladı. Çalınan üçüncü zəng izləyiciləri xəbərdar edəndən sonra Divanın Baş Hakimi səsgücləndiricisini işə salıb nitqinə başladı:

-Hörmətli Divan üzvləri, hörmətli tamaşaçılar. Bu gün biz növbəti Divanın ilk prosesinə başlayırıq. Prosesimiz xeyirli və uğurlu olsun, tarixdə iz qoya bilsin!

Alqış sədaları qopdu, sədalar səngiyən kimi Baş Hakim sözünə davam etdi:

-Bizim 17 təqsirləndirilənimiz var, sizinlə 17 proses keçirəcəyik. 17 rəqəmi mənə gəncliyimdə dəfələrlə baxdığım, çox sevdiyim “Baharın 17 anı” filmini xatırladır. Gözəl bir sovet filmi idi, faşistlərin içində fəaliyyət göstərən sovet casusu Ştirlis barədə idi. Ştirlis ən çətin situasiyalardan belə çıxırdı, baharın 17 anı ərzində inanılmaz uğurlara imza atırdı. Bizim də indi 17 təqsirkarımız var, hamısı saxta ideyaların, qondarma tarix qurmağın müəllifidir. O film baharın 17 anını əks etdirirdi, bizim Divansa yalanın 17 anını əks etdirəcək!

Yenə də alqış sədaları qopdu.

Baş Hakim davam etdi:

-Siz bilirsiniz ki, Böyük Divanın öz qanunları var. Burda bəzən tarixi ardıcıllığı bir qədər pozmuş olur, prosesin gedişinə daha çox dinamika, canlılıq gətirməyin qeydinə qalırıq. Bu dəfə də elə olacaq. Tarixi ardıcıllığa riayət etmədən, Müttəhimlər sırasında əyləşmiş əsrlər öncə yaşayıb cinayətlər törətmiş şəxsləri gözlədib, məhz 1977-ci ildə cinayətə imza atmış şəxslə proseslərə başlamağımız heç də əbəs deyil. Biz dünənki ilk hazırlıq və tanışlıq iclasında qeyd etdik ki, burada “Böyük Ermənistan” xülyası ilə torpaqlar zəbt edən, eləcə də “erməni genosidi” deyib göz yaşı axıdan erməni millətçiliyinə Divan qururuq. Və lap öncədən sizə bildirmək istəyirik ki, bu millətçiliyin dünyaya bəxş etdiyi ən mənfur irs – 19-cu əsrin sonlarından ta ki 21-ci əsrədək uzanan qanlı terror tarixidir. Bəli, əgər Ginnesin məşhur rekordlar kitabı milli antirekordları da qeydə alsaydı, şübhəsiz, erməni milləti tarixdə ən çox terror aktı həyata keşirən millət adını alardı. Bu səbəbdən də, ilk prosesə erməni saxta tarixçilərini, saxta qəhrəmanlarını deyil, məhz erməni terrorçusunu cəlb etmək barədə Divan heyəti yekdil qərar çıxarıb. Dünyanı sarsıdan, yüz minlərlə insanlara rahatsızlıq, xəsarət, əzab, şikəstlik gətirən, yüz minlərlə insanın qətlinə rəvac verən erməni terrorizmi məfhumu dünya tarixi leksikonunda əsaslı bir yer tutur. Erməni terrorizmi -  erməni millətçi qruplarının və təşkilatlarının sistematik təhdid və fərdi intiqam aktlarından biridır. Erməni terrorizmi mütəşəkkil və yaxşı təşkilatlanmış bir terrorizm olmaqla, beynəlxalq terrorizminin geniş qanadı və şəbəkəsidir. Və onu da qeyd edim ki, "Erməni terrorizmi" termini ilk dəfə ABŞ-da 1982-ci ilin avqust ayında nəşr olunan ABŞ Dövlət Departamentinin aylıq bülletenində rəsmən istifadə edilmişdir. Mən indi Divan heyətindən xahiş edərdim ki,  erməni terror təşkilatlarının tanıtım listəsini tamaşaçılarımıza təqdim etsinlər. Dəyərli ekspertlərimiz, buyurun.

Müttəhimlər sırasından səslər ucaldı:

-Mən etiraz edirəm, erməni terrorizmi anlayışı yoxdur, erməni milli-azadlıq hərəkatı anlayışı var.

-Siz xalqının çiçəklənməsi və inkişafı yolunda fədakarlıqla çarpışan erməni partiyalarını və dərnəklərinimi erməni terror təşkilatları adlandırırsınız?

-Mən vəsadət qaldırıram ki, obyektivliyə xələl gətirdiyi üçün sözügedən siyahı oxunmasın!

Baş Hakim səsinə aşkar qəzəb tonu qatıb söylədi:

-Bir qədər sonra buradakı minlərlə insan “Xalqının çiçəklənməsi və inkişafı yolunda fədakarlıqla çarpışan” erməni partiyalarının və dərnəklərinin nə qədər insanı tələf etdiyindən, nə qədər yerləri viran qoymasından xəbər tutacaq. Vəsadətiniz qəbul edilmir, siyahının səslənməsini xahiş edirəm.

Tamaşaçı alqışları dərhal Baş Hakimin qərarının düzgünlüyünə əminlik ifadə etdi. Ekspert heyətindən bir nəfər diktorların masasına yaxınlaşıb onlara kağızlar təqdim etdi, iki kişi diktor qalxıb tribunaya keçərək yazılanları oxumağa başladılar:

Birinci diktor:

-1.”Armenakan” terror təşkilatı. 1885-ci ildə Osmanlı İmperiyasında – Van əyalətində yaradılıb. Türkiyənin Van, Muş, Bitlis, Trabzon bölgələrində və İstanbulda silahlı toqquşmalar və terror aktları törədən bu partiya İran və Rusiyada yaşayan ermənilərlə əməkdaşlıqda olub.

2.”Qnçak” Sosial Demokrat Partiyası. 1887-ci ildə Rusiya İmperiyasında yaradılıb. Qurumun əsas məqsədi Türkiyənin Anadolu bölgəsini, "Rus və İran Ermənistanları” adlandırdıqları əraziləri birləşdirməklə "Böyük Ermənistan" dövləti yaratmaqdır. Partiyanın proqramının 4-cü bəndində göstərilir: "Qarşıya qoyulmuş məqsədə çatmaq üçün təbliğat, təşviqat, terrorizm və dağıdıcılıq funksiyalı təşkilat yaratmaq”

3.”Daşnaksütun” partiyası. 1890-cı ildə Rusiya İmperiyasında – Tiflisdə yaradılıb. Əsas qayəsi Azərbaycanın Dağlıq Qarabağ və Naxçıvan bölgələrində, eləcə də Türkiyənin Anadolu torpaqlarında "Böyük Ermənistan" dövləti qurmaqdır. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən "Daşnaksütun" türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar çıxarmışdır. Məhz bu qurultaydan sonra "Daşnaksütun" rəhbərliyindəkilər çox mürtəce "türkü, kürdü hər yerdə, hər bir şəraitdə öldür, sözündən dönənləri, erməni xainlərini öldür, intiqam al!" əmrini vermişlər. "Daşnaksütun" partiyası tərəfindən yaradılan bir sıra terror qrupları mövcuddur: Məsələn, 1973-cü ildə fəaliyyətə başlamış ESƏD qrupu 1980-82-ci illər ərzində Avstriya, Danimarka və Portuqaliyada türk diplomatlarını qətlə yetirmişdir; Məxfi terror qrupu DRO və onun bölmələri: DRO-8, DRO-88, DRO-888, DRO-8888 xüsusi amansızlıqları ilə seçilirlər. Çox təəssüf ki, daşnakların hazırda da terror istiqamətində fəaliyyətləri davam etdirilir.

4.”Erməni soyqırımı ədalət komandosları” terror təşkilatı. 1972-ci ildə Avstriyanın paytaxtı Vyanada "Daşnaksütun" partiyasının qurultayı zamanı yaradılıb. Təşkilatın məqsədi erməni əsilli gənc Livan vətəndaşlarını hərbi birləşmələrdə cəmləşdirmək, türklər və azərbaycanlılara qarşı qanlı terror aksiyaları təşkil etməkdir.

5.”Yeni erməni müqaviməti” terror təşkilatı. 1973-cü ildə Fransada yaradılıb. 1977-ci ildən Belçika, Fransa, İsveçrə və İtaliyada Türkiyə diplomatik korpuslarına və vətəndaşlarına qarşı bir sıra terror aktları törətmişdir.

İkinci diktor:

-6.ASALA terror təşkilatı. 1975-ci ildə Livanın paytaxtı Beyrutda yaradılıb. Ən təşkilatlanmış, ən kütləvi, ən qəddar terror təşkilatıdır. Təşkilatın məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində "Böyük Ermənistan" qurmaqdır. Bu təşkilat əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir.

7.”Erməni gizli azadlıq ordusu” terror təşkilatı. 1975-ci ildə Suriyanın paytaxtı Dəməşqdə yaradılıb. Fələstin hərbi bazalarında hazırlıq keçən mindən artıq döyüşçüsü vardır. Fəaliyyətinin ilk 6 ilində təşkilat dünyanın müxtəlif ölkəsində 19 türk diplomatının ölümünə səbəb olan terror aktları həyata keçirib.

8.”Erməni inqilab ordusu” terror təşkilatı. 1979-cu ildə yaradılıb. Təşkilat 1983-cü ildə Brüsseldə Türkiyə səfirliyinin attaşesi Dursun Aksoyun qətlinin, Lissabonda Türkiyə səfirliyinə hücumun və 1985-ci ildə Ottavada Türkiyə səfirliyinə hücum aktının məsuliyyətini öz üzərinə götürüb.

9.”Erməni azadlıq cəbhəsi” terror təşkilatı. 1979-cu ildə yaradılıb. ASALA-nın tərkib hissəsi sayılır. Türkiyə və Azərbaycan əleyhinə terrorçular hazırlayır.

10.”Orli qrupu” terror təşkilatı. 1981-ci ildə Fransada orada yaşayan erməni gəncləri tərəfindən yaradılıb. Təşkilat 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı həyata keçirib.

Birinci diktor:

11.”İntiharçılar eskadronu” terror təşkilatı. 1981-ci ildə Fransada yaradılıb. 1981-ci ildə təşkilat ağlasığmaz aksiyada - Türkiyənin Fransadakı baş konsulluğunun zəbt edilməsində iştirak edib, nəticədə qrupun 4 nümayəndəsi, həmçinin rəhbəri Yan Kaşkayan həbs edilib.

12.”Erməni Birliyi”  terror təşkilatı. 1988-ci ildə SSRİ-nin paytaxtı Moskvada yaradılıb. ASALA ilə sıx əlaqələri vardır, keçmiş Sovet məkanında terrorçuların fəaliyyəti üçün onları saxta sənədlərlə təmin edir. 1990-cı illərdə Qarabağa silah və muzdluların ötürülməsində iştirak edib.

13.”Gənc Ermənilər İttifaqı” terror təşkilatı. 1990-cı ildə Fransada yaradılıb. Təşkilat diplomatların oğurlanması ilə məşğul olur.

14.”9 iyun qrupu” terror təşkilatı. 1991-ci  ildə İsveçrədə yaradılıb. Təşkilat həbsdə olan erməni terrorçularının azad olunmasına çalışır.

15. “Erməni azadlıq hərəkatı”  terror təşkilatı. 1991-ci ildə Fransada yaradılıb. Terror fəaliyyətini "ASALA" ilə sıx əlaqədə həyata keçirir.

İkinci diktor:

-16.”Geqaron” terror təşkilatı. 2001-ci ildə  ASALA  tərəfindən yaradılıb. Təşkilatın məqsədi Cənubi Qafqaz və Orta Asiya ərazilərində türk mənşəli siyasi lider, diplomat və biznesmenlərə qarşı terror aktlarının həyata keçirilməsidir.

17.”Apostol”  terror təşkilatı. 2001-ci ildə yaradılıb. Ermənistan, Suriya və Livan vətəndaşlarından ibarət olan Ermənistan Müdafiə Birliyi tərəfindən yaradılmışdır. Təşkilatın məqsədi Türkiyə və Azərbaycan ərazilərində terror aktlarının  həyata keçirilməsidir.

18.”Isveçrə qrupu”  terror təşkilatı. 2000-ci illərdə yaradılıb. Avropanın bir çox ölkəsində fəaliyyət göstərən bu təşkilat Fransa, İtaliya və Yunanıstanda keçirilmiş 4 terror aktının məsuliyyətini öz üzərinə götürüb.

19.”Demokratik cəbhə” terror təşkilatı. 2000-ci illərdə yaradılıb. ABŞ, Kanada və Qərbi Avropada fəaliyyət göstərir. Təşkilatın əsas məqsədi türk dövlətinin parçalanmasıdır.

Baş Hakim diktorlara minnətdarlıq bildirdi, terrorizm deyiləndə ən çox “Əl Qaida”, “Belfast”, “Kataloniya” terminlərinin xəyala gəlməsini, sadəcə, havadarlarının hesabına erməni cinayətlərinin gizlədilməsində gördü, balaca bir xalqa məxsus 19 nəhəng terror təşkilatının olmasını möcüzə adlandırdı. Sonra  türk millətindən olanlara tutduqları divana görə erməni terrorçularını şiddətlə qınadı. Bu vaxt Baş Hakimin solunda əyləşmiş yaşlı hakim onun qulağına nələrsə pıçıldadı, Baş Hakim cəld sözünə düzəliş etdi...

 

(Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(30.08.2023)