Məti Osmanoğludan “Gənc yazarlar üçün nəzəriyyə dərsi” Featured

Rate this item
(0 votes)

İPPOLİT TEN: “SƏNƏTDƏ İDEAL HAQQINDA” -2-cı hissə

 

 

“Ədəbiyyat və incəsənət” portalı tanınmış ədəbiyytaşünas Məti Osmanoğlunun Gənc yazarlar üçün nəzəriyyə dərslərini davam etdirir. Bu gün o, sizlərə İppolit Tenin “Sənətdə ideal haqqında” adlı məqaləsini tərcümə edərək təqdim edir.

Bu gün sizə məqalənin 2-ci hissəsi çatdırılacaq.

 

 

İppolit TEN

 

SƏNƏTDƏ İDEAL HAQQINDA

(Sent-Bövə həsr olunur)

 

Bu araşdırmanın mövzusu və metodu. – İdeal sözünün mənası.

 

 

II

 

Müxtəlif əsərlərin daha çox və ya daha az dəyəri. – Zövqlərin uyğunluğu və bir çox məsələlərdə yekun hökm. – Fikrin irəli sürüldüyü üsulla təsdiqlənən nüfuzu və ya çəkisi. – Onun sonuncusunun ən son tənqid üsulları ilə möhkəmləndirilməsi. – Doğrudan da, sənət əsərinin dəyərini müəyyən edən qanunlar var.

Yenə də  – gerçək, real dünyada olduğu kimi – eynilə fantaziya aləmində də müxtəlif səviyyələr və ya yerlər var, çünki dəyərlər fərqlidir. Camaat və bilicilər birincini göstərir, ikincini isə müəyyənləşdirir. Üç il ərzində beş əsrlik İtaliya rəssamlığından qaçaraq biz də eyni şeyi etdik. Biz hər yerdə, hər addımda hökm oxuduq, qiymət verdik. Ancaq özümüz də bilmədən ölçünü əlimizdən buraxmadıq. Başqaları da bizim kimi davranır, ümumiyyətlə, hər bir işdə olduğu kimi, tənqiddə də hazır, artıq deyilmiş həqiqətlər var. İndi hər kəs etiraf edir ki, Dante və Şekspir kimi məşhur şairlər, Motsart və Bethoven kimi məşhur bəstəkarlar aid olduqları sənətdə mühüm yer tuturlar. Çağımızın bütün yazıçıları arasında birinci yer yekdilliklə Göteyə verilir. Onu fleminqlər arasında Rubenslə, hollandlar arasında  Rembrandtla, almanlar arasında Albrext Dürer ilə, venesiyalılar arasında Titsianla heç kim müqayisə etmir. İtalyan İntibah dövrünün üç rəssamı Leonardo da Vinçi, Mikelancelo və Rafael, yekdil fikrə görə, hamıdan üstündür. Nəsillərin elan etdiyi bu yekun hökmlər, onların irəli sürülmə üsulu ilə qəbul edilmiş avtoritetə haqq qazandırır. Əvvəla, sənətklar haqqında mühakimədə müasirlər razılığa gəliblər və bu qədər fərqli düşüncələrin, temperamentlərin və tərbiyənin qarşılıqlı təsirindən doğan bu fikir artıq özlüyündə əhəmiyyətlidir, çünki hər bir fərdi zövqdəki çatışmazlıq öz aralarında  mübahisə edən başqa mülahisələrin müxtəlifliyi  ilə tamamlanır, nəhayət, tarazlaşır və bu daimi qarşılıqlı tənzimləmə yekun rəyi get-gedə həqiqətə daha çox yaxınlaşdırır.

Bunun ardınca tamamilə yeni bir ruhla başqa bir dövr gəldi və ondan sonra yenə başqa bir dövr gəldi; onların hər biri iddiaya öz nöqteyi-nəzərindən baxır və onu yoxlayır; bunların hamısı eyni zamanda həm dərin düzəlişlər, həm də güclü təsdiqlərdir. Beləcə, müxtəlif məhkəmələr qarşısında dayanan əsər onlardan eyni qiymətlə çıxdıqda və neçə əsrlər boyu qırılmayan zəncir kimi dayanan hakimlər eyni hökmü verməyə razılaşdıqda, yəqin ki, onların hökmü ədalətlidir: əgər bir əsər başqalarından, həqiqətən, üstün olmasaydı, bu qədər müxtəlif rəğbəti öz üzərinə çəkməzdi. Müəyyən dövrlərə və xalqlara xas olan idrakın məhdudluğu bəzən ayrı-ayrı şəxslər kimi dövlətləri və xalqları da yanlış mühakimə yürütməyə və dərk etməyə sövq etsə belə, burada da baxışlardakı fərdi fərqlər aradan qaldırılır, tərəddüdlər bir-biri tərəfindən məhv edilir və tədricən o qədər sabitlik və düzgünlük əldə edilir ki, biz belə möhkəm və qanuni əsaslara söykənən rəyə əsaslı şəkildə etibar edə bilərik. Nəhayət, insanların fitrətindəki bu instinktiv zövq həmrəyliyinə əlavə olaraq, tənqidin ən son üsulları sağlam düşüncənin avtoritetinə elmin də avtoritetini əlavə edir. Hazırda tənqidçi onun şəxsi zövqünün heç bir əhəmiyyət daşımadığını, öz xasiyyətini, öz meylini, öz partiyasını, öz maraqlarını tamamilə kənara qoymalı olduğunu, istedadının hər şeydən öncə rəğbət olduğunu yaxşı bilir. Yaxşı bilir ki, tarixdə ilk iş özünü mühakimə etmək niyyətində olduğu insanların yerinə qoymaq, onların instinkt və vərdişlərini mənimsəmək, onların hisslərinə nüfuz etmək, fikirlərini yenidən yaratmaq, onların daxili vəziyyətini öz daxilində canlandırmaq, özünü onları əhatə edən mühitdə  hərtərəfli və olduqca aydın şəkildə təsəvvür etmək,  daxili vəziyyətini özündə əks etdirmək, fitri xarakterləri ilə birləşərək onların fəaliyyətini təyin edən və həyatlarını istiqamətləndirən şərait və təəssüratları təxəyyül vasitəsilə izləməkdir.

Belə bir əsər bizi sənətkarların nəzər nöqtəsinə qoyaraq onları daha yaxşı başa düşmək imkanı verir və bu əsər bir sıra təhlillərdən ibarət olduğundan, hər hansı digər elmi əsər kimi, yoxlama və təkmilləşdirmə üçün əlçatandır. Bu metoda istinad edərək məşhur bir sənətkarı bəyənə, yaxud bəyənməyə bilərik, eyni əsərdə bir hissəni pisləyib digərini tərifləyə bilərik, hər şeyin qiymətini müəyyən edə bilərik, uğur və sapmaları göstərə bilərik, çiçəklənmə və tənəzzül dövrlərini tanıya bilərik və bütün bunları özbaşına deyil, hamıya məlum ümumi qaydalar əsasında edə bilərik. Mən də elə bu sirli qaydanı aydınlaşdırmağa, dəqiq müəyyənləşdirməyə və sizə sübut etməyə çalışıram.

 

DAVAMI VAR

 

“Ədəbiyyat və incəsənət”

(29.08.2023)