BİRİ İKİSİNDƏ - Müşfiq Cəbinin şeirləri Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Poeziya saatıdır, oxucularımıza Müçfiq Cəbinin şeirləri təqdim edilir.

 

 

 

 

***

(Tərlan Əbilova sms əvəzi)

 

Baxışlar asılıb bu çərçivədən,

Çəkilə biləydim bircə bu şəklə.

Göy belə dəyişib tərzini, qardaş, 

Döşənib yoluna yer bu şəkildə...

 

Biçdin öz əyninə kürkünü belə,

Sevmədin taleyin ərkini belə.

Bir an dəyişmədin görkünü belə,

Otur bu şəkildə, dur bu şəkildə...

 

Sən sözdən, şeirdən umdun təsəlli,

Bir fikrə getmisən gör neçə ildir

Rəssamı bəllidir, ustası bəlli,

Götür divarını hör bu şəkildə...

 

Təbin dövrə vurdu, çağladı ilham,

Az qala başına çökmüşdü bu dam.

Şəhərin görkəmin korlayan adam,

Nə gözəl düşmüsən gör bu şəkildə.

 

 

QAYIDIB QAPINI DÖYSƏM BİR GECƏ

 

Nə mənə, nə də ki heç hara yazma,

Sənsiz darıxıram, hər şey çətindir.

Baş vurub gedirəm lap uzaqlara,

Xəyalınla qalmaq daha şirindir.

 

Qayıdıb qapını döysəm bir gecə,

Mənim gəlişimə sevinərsənmi?..

Sevincdən qəlbimdən bir haray qopsa,

Çəkdiyim bu ahla isinərsənmi?..

 

Ah, yenə xəyaldır, bu dediklərim,

Hardasa adınla adım qovuşur!

Bir oğlan dolaşır tək küçələri,

Hardasa təklikdən bir qız üşüyür...

 

Dizin göynəyirmi başımdan ötrü?

Saçın darıxırmı sığalım üçün,

Bir az yastığında yer saxla, gülüm,

Gecə qəfil gələn xəyalım üçün...

 

 

O KÜLƏK, ÇƏTİN Kİ, QAPINI DÖYƏ

 

Açılan pəncərəm səndən danışır,

Örtülən qapıma səni yazmışam.

İynənin ucundan keçə bilməyən

İpimə, sapıma səni yazmışam.

 

Hissimin çözulməz qəzəbi sənsən,

Ruhumun hər zaman tələbi sənsən,

Ürək ağrımın da səbəbi sənsən,

Könül əzabıma səni yazmışam.

 

Sağım qubarlanir, solum daşlanır,

Bütün ümidlərim sənə tuşlanıb.

Birinci səhifəm səndən başlanır,

Ən son hesabıma səni yazmışam.

 

O külək, çətin ki, qapımı döyə,

O bulud mənimdir, sancılıb göyə.

Bir ömür dillərdə oxunsun deyə,

Ömür kitabıma səni yazmışam.

 

 

AXTARMA, TAPMAZSAN CAN YERİ MƏNDƏ

 

Gecəsi üstünə çökmüş səhərəm,

Bir daha qızarmaz dan yeri məndə.

Səni axtarmağa gedirəm, gülüm,

Axtarma, tapmazsan can yeri məndə.

 

Özümdən içəri gedirəm, çəkil,

Əriyib qanıma qarışım təki...

Sən də gəl üstümdə elə ağla ki,

Zərrə də qalmasın qan yeri məndə.

 

Qarışıb gecəyə çəkdiyim bu ah,

Yaman çox gecikir bu gələn sabah.

Sənə də bir canlıq borcum var, Allah,

Onu da gəl alıb yan yeri məndən.

 

 

SƏNİ UZAQLARA APARAN GƏMİ

 

Səni uzaqlara aparan gəmi

Gəlib, gözlərimin yaşından keçir.

Burda bir qadın var, xəbəri yoxdur,

Hər gün ürəyimin başından keçir.

 

Dər məni nəfəstək, könlünə dolum,

Bir də gözlərindən salmayım yolu.

Gəl tut əllərimdən, qurbanın olum,

Ömrün payızından, qışından keçir.

 

Daha yolun da heç düşməz yanımdan,

Sən getdin, sanma ki, qopdun canımdan.

O itmiş xəyalın bir qız donunda

Gəlib səhər-axşam qarşımdan keçir...

 

 

NƏSƏ DÜZ ÇIXMADI BU YAZIN, ALLAH

 

Ölüb-diriləsən yatdığın yerdə,

Üstündə bir yuxu yozanın ola.

Deyirəm, yuxuda gördüklərini

Götürüb  alnına yazanın ola.

 

Daha gözlərimin gecə vaxtıdır, 

Daha gəncliyim də düşübdür taxtdan. 

Dağılıb bu ömrün qara saçları, 

Açılıb taleyin yaxası çoxdan. 

 

Elə kar olmuşam mən bu həyata, 

Çatmır qulağıma avazın, Allah.

Mən ayaq üstündə çoxdan olmüşəm,

Nəsə düz çıxmadı bu yazın, Allah.

 

“Ədəbiyyat və incəsənət”

(29.08.2023)