Nəyə görə futbol ədəbiyyatdan daha üstündür? Featured

Rate this item
(2 votes)

Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”

 

"Prime"(ən parlaq) dönəmini bitirən bütün məşhur futbolçular yaşlandıqca Ərəbistan liqasına axın edirlər. Həm də 100, 200 və ya 300 milyon dollar kimi fantastik qiymətə transfer olurlar. Məntiqlə düşündüyün zaman top qovalayan bir insanın futbol oynamasına görə 300 milyon kimi fantastik məbləğlər xərclənməsi hansı dərəcədə ədalətlidir? Bu pulları kasıblar və ya Afrikada susuzsuzdan əziyyət çəkən insanlar üçün xərclənsəydi daha ədalətli olmazdımı? 

 

Amma bu gün mövzumuz bu deyil. Nəyə görə yaxşı futbolçular milyon dollarlar qazanarkən yaxşı yazıçıların böyük bir qismi bu dünyadan səfalət içində ayrılırlar? Həqiqətən futbol incəsənətdən daha üstün sayılmalıdır, yoxsa bir futbolçu yaradıcı insandan daha yuxarda hesab edilir? 

Reallıq budur ki, idmançılar hər daim üzərlərində disiplinlə çalışıb özlərini inkişaf etdirdikcə yaradıcı insan öz eqoizminə bürünərək özünü hamıdan daha dərində olduğunu zənn edir. Təbii ki, futbol konktet idman növü olduğu üçün, bəlli qaydalar və şərtlər əsasında oynanıldığı üçün oyunçunun göstəricilərini qiymətlərdirmək olur. Ədəbiyyatda isə 32 hərflə sonsuz sayda dünyalar qurub bütün sərhədləri aşmaq mümkündür. Bəlkə də bu yaradıcılıq iddiası bir yazıçını zaman keçdikcə daha da paslandırır. 

Bir yazıçı 4-5 il oxuyub təhsil aldıqdan sonra dünyanın bütün elmlərinə vaqif olduğunu zənn etdiyi halda bir idmançı həftədə 6 dəfə komanda ilə birlikdə məşq edir, daima öz bacarıqlarını inkişaf etdirmək üçün öz üzərində çalışır. Çünki rəqabətdə olduğu şəxsləri görərkən, kimsə onun sütətini keçsə bunun fərqinə vara bilir. Buna görə futbol inkişaf etdikcə edir, yaxşı futbolçunun maaşı isə gün keçdikcə artmağa davam edir. 

Yazıçı isə çox gözəl bir əsər ortaya qoyduqdan sonra özünü dünyanın ən dahi şəxsi hesab edir, düşünür ki, bəsirət gözü açılıb və istədiyi hər şeyi istədiyi hər zaman yaza bilər. Buna görə də tükəndiyinin fərqinə varmır, yaradıcılığa olan hərisliyi o qədər güclənir ki, daxilində bir rahatlıq hissi yaranır. O qədər rahat olur, gözləri o qədər tutulur ki, ondan daha yaxşı yazan yeni yazıçıları görmək bacarıqlarını itirir. Tükəndiyinin fərqinə varmadan yaddaşlardan yox olub gedir. 

 

Sonra başlayır günahkar axtarmağa  bəhanələr uydurmağa ki, "futbol bəsit insanların işidir", "insanlar məni anlamır və ya qısqanır deyə bəyənmir" və ya "kitabları hər adam başa düşmür" deməyə. 

Su axmayanda bulandığı kimi disiplin də olmadığı zaman insanı çürüdür. Təbii ki, yalnız başına disiplinlə çalışmaq da mümkündür. Lakin komanda şəklində çalışmaqda birliyin tərkibində ikən sağlam rəqabətin gücünü gördüyün zaman insan gücləndikcə güclənmək istəyir.

 

Bəlkə də bir olmağımızı istəmirlər, çünki inkişaf etmək onların işinə gəlmir. Çünki tükəndiklərinin fərqinə varsalar sağlam rəqabətdə ən arxada qaldıqlarını hiss edə biləcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(29.08.2023)