“Dəniz yox bu diyarda, sən necə boğulursan?” - Güneyli gənc şair Atila Ərfəyi Featured

Rate this item
(3 votes)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla bu gün sizləri güneyli gənc və istedadlı şair, 18 yaşlı Atila Ərfəyinin yaradıcılığı ilə tanış edəcək. 

 

Şəhərin içində yaşayan ölülər

Mən özümü asaram, sən heç qorxma

Siqaret tüstüsündən saralmış tavandan

Həbib özünü asır

Bir şairin

Eynəyi sınıq

Aynaları saf

Şeir yaza bilmir daha.

Yaşayanlar həsrət çəkir bir qəzəl olmağa

Xoşluq

Nəfəs

Kvadrat köklərinin gəldiyi kimi

Mədd olub qabağına belə baxmadan 

dalı-dalı gedir

Damcılar pəncərədə deyil daha

Yanaqlarımdan süzülür

Qovuşur sənsizliyə

Alqışlanır bütün dərdlərin simfoniyası.

Yazılmır,

Baxılmır

Oxunmur daha

Qəhvələrdən qaçan şairlər,

Tablolarda görünməyən rəssamlar

Bir qarğa yalnız oturub ağacda

Baxmır daha heç fotoqrafçı

Yaşam bir çantaya yığışmış

İki ulduzlu hotellərin

Saralmış pərdə və divarları

Viski yoxdur daha.

Soruram

Dəniz yox bu diyarda

Sən necə boğulursan?

Bilinmir daha

Danışıq

Gerçək yoxdur daha

Sürreal danışıqlar ölür havada

Bir rəsimdən rənglər axır

Tarixin unudulmuş parçasıdır

Mələklər diz çökür şeytana

Hansılar gəlir

Yaxşılar gedir.

Hər gün yeni bir Zeus çıxır

Qara buludların arxasından.

Bir klassik musiqi parçasıdır

Bu şəhərdə qələm satılmır daha

Şəhərin içində yaşayan ölülər

Mən özümü asaram, sən heç qorxma.

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2023)