BİRİ İKİSİNDƏ: Murad Köhnəqalanın “Buğdanın göyə çəkilməsi” hekayəsi Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının  “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün nəsr zamanıdır, sizlərə Murad Köhnəqalanın “Buğdanın göyə çəkilməsi” hekayəsi təqdim olunur. Hekayə, yeri gəlmişkən Mir Cəlal adına 3-cü hekayə müsabiqəsində 197 hekayə arasında üçüncü yerə layiq görülüb.



                           

 

Murad Köhnəqala: Dostlar, sizə təqdim edəcəyim bu hekayəm Mir Cəlal adına 3-cü hekayə müsabiqəsində 197 hekayə arasında üçüncü yerə layiq görülüb. Hekayənin əvvəlki variantında baş qəhrəmanın, yəni o balaca qızın adı yox idi. Bir gün hekayəni yenidən işləməli oldum və “balaca qız” adlandırdığım qəhrəmanı öz adı ilə canlandırmağı lazım bildim. Çox fikirləşdim, xoşuma gələn bir ad xatırlaya bilmədim. Yoldaşıma dedim, bu hekayənin qəhrəmanı üçün mənə bir gözəl qız adı deyə bilərsənmi? O da heç fikirləşmədən “İpək!” dedi. Ad çox xoşuma gəldi. Dərhal da əziz dostum Rəşad Məcidin nəvəsi İpək xanım yadıma düşdü. Onun 44 günlük müharibə dövründə sosial şəbəkədə paylaşdığı videolarını xoş xatirə kimi xatırladıq. Yadınızda olar, həmin tarixi dönəmdə balaca İpəyin o pozitiv videoları bizi qəlbən necə qələbəyə inandırır, dərdimizi necə yüngülləşdirirdi. Həmən fikirləşdim ki, qəhrəmanın adı İpək olacaqsa, elə, hekayəni də həmin İpək xanıma həsr eləməliyəm. Beləcə, hekayənin üstündə “Rəşad Məcidin sevimli nəvəsi İpək xanıma həsr edirəm” yazıb arxivimdə “Hekayələr” papkasına yerləşdirdim.
Aradan bir müddət keçmişdi, feysbukda təsadüfən Rəşad Məcidin səhifəsində Mir Cəlal adına hekayə müsabiqəsinin elanını gördüm. Elanda şərt kimi “beş min” söhbətini oxuyanda elə bildim təqdim olunan hekayə beş min işarədən çox olmamalıdı. Ona görə elanın üstündən keçdim. Sonradan həmin elan bir də qarşıma çıxdı, yenidən oxudum. Sən demə, qoyulan şərt beş min işarədən yox, “beş min sözdən artıq olmamalıdı” imiş.

İndiyə qədər heç bir yaradıcılıq müsabiqəsində iştirak eləməsəm də, nədənsə bu dəfə maraq məni götürdü. Özü də baxdım ki, müsabiqənin vaxtı sabah tamam olur. Dərhal topladığım hekayələr papkasına göz gəzdirdim və müsabiqə üçün “Buğdanın göyə çəkilməsi” hekayəsini  seçdim. Dərhal da fikirləşdim ki, ey dadi-bidad, birdən münsiflərin arasında Rəşad Məcid də olar, onçun onun nəvəsinə həsr etdiyimi hələlik yazmamalıyam. Beləcə, hekayənin üstündə yazdığım “Rəşad Məcidin sevimli nəvəsi İpək xanıma həsr edirəm” sözlərini müvəqqəti yığışdırıb göndərdim müsabiqəyə.

Müsabiqənin qalibləri elan olunan gün məlum oldu ki, Rəşad Məcid də münsiflərdən imiş. Düzdü, Rəşad hansısa üzrlü səbəbdən təqdimetmə mərasiminə gələ bilməmişdi, ancaq onun adı münsiflər arasında çəkiləndə öz zənnimdən razı qaldım. Münsiflər heyətinin rəhbəri hörmətli yazıçımız Elçin Əfəndiyev öz çıxışında hekayələrin anonim formada oxunduğunu və göndərilən əsərlərin tam obyektiv qiymətləndirildiyini dəfələrlə söylədi. Əlbəttə, hörmətli Elçin müəllimin səmimiyyətinə qətiyyən şübhə eləmirəm. 

Mənə maraqlı gələn təkcə odur ki, hekayəsi birinci və ikinci yerlərə layiq görülən müəlliflər Azərbaycanın çağdaş ədəbi aləmində heç vaxt görünməyən adamlardı. Yeganə, onların arasında  ikinci yeri tutanlardan birini, Cavidan xanımı tanıya bildim. Lakin “Yağışlı bir gün idi” adlı hekayəsi birinci yerə layiq görülən Seymur Həmzəyevi ilk dəfə orda gördüm. Deyim ki, Seymur elə ilk görüşdən çox səmimi insan təsiri bağışladı mənə. Ancaq çox istərdim Seymurun həmin hekayəsini oxuyam, görüm, doğrudanmı məndən yaxşı yazıb. (Bu yerdə bir gülüş smayliki təsəvvür eləyin). Zarafat bir yana, bu situasiyada həm də düşündüm ki, nə bilmək olar, bəlkə, doğrudan da, papaq altda biz tanımadığımız gənc, istedadlı yazıçılar yatır.  

Beləliklə, sözügedən hekayəmi “Ulduz” jurnalının oxucularına da təqdim edirəm.    

 

 

 

Rəşad Məcidin sevimli nəvəsi İpək xanıma həsr edirəm

 

Marketdən əlində dolu torba ilə çıxan qızcığazın arxasınca balaca bir it düşdü. İt qızın yanı ilə xeyli yeridikdən sonra “hey!” deyə bir səs çıxartdı. İtin qeyri-adi səsindən diksinən qızcığaz yüngülcə kənara atıldı. Onun bu təlaşını hiss edən it:

– Qorxma, dostum, mən danışa bilirəm, – dedi və əlavə elədi. – Adətən, səni mağazaya gələndə yox, daha çox məktəbə gedəndə görürəm. Mənimlə dost olarsan?

– Dost? Hə, olaram, heç heyvan dostum yoxdu, – qızcığaz mehriban səslə dilləndi. – Düz deyirsən, biz məktəbə həmişə bu yolla gedirik. Bayaq qardaşım dostları ilə futbol oynamağa getmişdi, ona görə anam mağazaya məni göndərdi.

– Qoxusundan bilirəm ki, torbanda kolbasa da var, – deyib it üst dodağını yaladı.

– Kolbasa, pendir, süd, çörək, konfet almışam, – qızcığaz yanı ilə tullana-tullana gedən itin sözlərini təsdiqlədi.

– Heey, mənə bir dilim kolbasa-çörək verərsən? – deyə it yalvarıcı səslə ondan soruşdu.

– Əlbəttə, verərəm!

Qızcığaz torbanı açıb bir az çörək, bir neçə dilim kolbasanı səkinin kənarında onun qarşısına qoydu və dayanıb gözlədi. İt kolbasa-çörəyi cəld yedikdən sonra oturub arxa ayağı ilə qulağının dibini qaşıdı.

– Sənə nə olub, niyə qaşınırsan? – itdən  soruşdu.

– Bilirsəəən?.. – it utanaraq cavabını bir az ləngitdi. – Axmaq birələrdi, bədənimizə düşüb bizi yeyir, dəhşət qaşınır, qaşınır, qaşınır...

– Bəs onun dərmanı yoxdu?

– Hoho! Niyə yoxdu? Bunun dərmanı siz insanlardadı. Bit-birəyə qarşı şampunlar var, gərək insanlar həmin şampunlarla bizi çimizdirsin. Yazıq küçə pişiklərini də birələr məhv eləyir. Əşi, nə isə, bu söhbəti buraxaq, sən mənə yenə kolbasa verə bilərsən?

– Əlbəttə! – deyib qızcığaz onu yenə kolbasa-çörəyə qonaq elədi. İt onun bu hədiyyəsini də yedikdən sonra ağız-burnunu yalayıb aralarında yaranmış dostluğu dərinləşdirmək üçün soruşdu:

– Sən çox yaxşı qızsan, adın nədi?

– Adım İpəkdi! Bu adı mənə nənəm verib. Dediyinə görə, o mənim ipək kimi mülayim bir insan olmağımı arzulayıb.

– Oy, nə yaxşı addı! – İt qızcığazın qarşısında tullanıb-düşdü. – Mənim də adım Bibodu, Bibo! Bu adı mənə dostlarım qoyub. Bilirsən niyə? Küçədə siqnal verən maşınları görəndə əsəbiləşib dəli oluram, ona görə.

– Hə, yersiz siqnal verən maşınlara mən də əsəbiləşirəm. Lazım oldu-olmadı siqnal verir, ətrafdakıları veclərinə almırlar. Halbuki maşınlardakı siqnallar ən gərgin vəziyyətlər üçün quraşdırılıb.

İpəyin mehriban bir insan olduğunu duyan Bibo ürəyini ona açmaq qərarına gəldi:

– Dərdimiz təkcə siqnal olsaydı, nə vardı, İpəkciyim? Bir də görürsən, yekə-yekə kişilər əlinə daş alıb bizi qovurlar. Bəzi uşaqlar da onlardan öyrənib, biz itləri harda gördülər, daşlayırlar. Hərdən olur, gedib uzaqdan qorxa-qorxa ət satan kişilərin əllərini güdürük ki, bəlkə, bizə də bir tikə atdılar. Atmırlar! Dəhşət zalımdırlar! Fikirləşmirlər ki, bizim həyatımız onların insafından asılıdır. Həmin kişilərin çayxanalarda oturub zalımdan, zülmdən danışdıqlarını çox eşitmişəm, ancaq öz zalımlıqlarından xəbərləri yoxdu.

– Aaa, gör ee, bu şeylərə heç mən də fikir verməmişdim! Bibo, indən belə anam məktəb üçün qoyduğu buterbrodların hamısını sənə verəcəm, yaxşı? – deyə İpək kövrək səslə dilləndi.

– Yoox, İpək, gəl belə eləməyək! Onda sən ac qalarsan. Bilirsən, necə eləmək lazımdı? Sən anana de ki, buterbrodu bir az çox qoysun, bax onda yarısını mənə verə bilərsən.

– Hə, hə, bu, əla fikirdi!

İpəyin razılığından ürəklənən Bibo fürsət ikən yol boyu ona ürəyindəkilərdən danışmağa başladı:

– Bilirsən? Gəl sənə bir əhvalat danışım, gör insanlar bizə qarşı necə amansızdır. Bunu mənə anam söyləyib. Ona da öz anası danışıbmış. Deyir, qədimlərdə Tanrı təbiətdə hər cür nemətdən bol yaradıbmış. İnsanlar bir-biri ilə çox mehriban dolanırmış. İtlər də həmişə onların yanında olurmuş. O qədər bolluq imiş ki, sünbüllərin gövdəsindəki buğdalar lap aşağıdan yuxarıyacan düzülürmüş. Başa düşürsən? Yəni sünbülün üstü tamam buğda ilə örtülü olurmuş.
Bir gün insanlar Tanrının bəxş elədikləri ilə kifayətlənməyib ona asi düşərək öz aralarında müharibələrə başlayırlar. Onlar bir-birinin yurd-yuvasına hücum edir, güclü olanlar zəifləri əsir götürüb işgəncələr altında qul kimi işlədir. Tanrı insanların bu bolluqda qudurğanlıq etməsindən qəzəblənib onların çörəyini azaltmaq üçün buğdanı yavaş-yavaş göyə çəkməyə qərar verir. Beləcə, buğdalar sünbüllərin aşağısından yavaş-yavaş yuxarıya doğru yoxa çıxmağa başlayır. Başları didişməyə qarışan insanların bundan heç xəbəri də olmur.

Lakin itlər görür ki, çörək tamamilə yoxa çıxacaq, yığışıb üzü göyə ulaşaraq Tanrıya yalvarırlar. Tanrının onlara yazığı gəlir və itlər  ac qalmasın deyə, sünbülün ucunda buğda saxlayır. İnsanların hələ də xəbəri yoxdu ki, onlar bizim payımızı yeyirlər. Qoy yesinlər, ancaq bizə də verməlidirlər axı!

– Ay aman, gör sizə qarşı nə qədər haqsızlıq eləyirik! – deyə İpək bu dəfə lap ağlamsındı.  

– Yox, yox, sən kövrəlmə, İpəkciyim! Sənin nə günahın? Sənin çox gözəl qəlbin var! – Bibo ona təskinlik verdi. – Ümumiyyətlə, uşaqların qəlbi gözəl olur, lakin təəssüf ki, böyüdükcə onlar da zalımlaşırlar.

Bibo getdiyi yerdə dayanıb əlini çənəsinə qoyaraq filosof görkəmi aldı və söhbətinə belə bir yekun vurdu:

– Bu yerdə qeyd etməliyəm ki, balacaları da sonradan böyüklər zalımlaşdırır.

– Mən də böyüyəndə zalımlaşacam, Bibo? – İpək təlaşla soruşdu.

– Qulaq as! Baax, böyüklər həmişə həyatı, yaşayışı çətinləşdirməklə məşğul olublar. Həyatda nələrəsə nail olmaq istəyən gənc də getdikcə zalımlaşır və nəticədə zalımlardan ibarət kişi sürüsü meydana gəlir. Zalım kişilərdən də zalım bir cəmiyyət yaranır. Onu da deyim ki, qadınlar həyat çarpışmalarında nisbətən passiv olduqlarına görə kişilərlə müqayisədə o qədər də zalımlaşmırlar. Yəni sən böyüyəndə heç də zalım olmayacaqsan, İpək! Ancaq insanın özündən də çox şey asılıdı. Mən fikir vermişəm, ən zalım insan, əsasən, savadsızlardan, bilgisizlərdən əmələ gəlir.  Belələri elə bilir, həyatda yalnız onlar yaşamalıdı. Qətiyyən başqaları haqda düşünmür, ehtiyacı olanlara yardım eləmirlər. Həmin insanlar  öz həmcinslərinə bu cür baxırsa, gör bizlər haqda nələr düşünürlər?! Elələrinə qalsa, bizim nəslimizi yer üzündən silərlər.

– Çox sağ ol, Bibo, sən mənə çox şey öyrətdin. Mənim üçün çox gərəkli söhbət elədin. Mən artıq evə çatıram...

– Hə, başa düşürəm, mən küçə itiyəm, narahat olma, səninlə evinizə getmərəm, indi geri qayıdıram.

– Bibo, bəs bu hekayəni yazan kimdi? – deyə İpək boynunu azacıq yana əyərək maraqla soruşdu.

– Bu hekayənin müəllifi? Hə, o da mənim kimi bir küçə şairidi! – Bibo kədərli səslə cavab verdi.

– Anladım, Bibo! Salamat qal, mənim əziz dostum! Sabahdan hər səhər məni məktəb yolunun üstündə gözləyərsən, buterbrodunu gətirəcəm.

– Oldu, mütləq gözləyəcəm, hələlik! Heeey, kolbasasını bol eləyərsən!!!

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2023)