Allah qapısını açsın! Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” Cavid Zeynallının bu günün təqvimiylə bağlı olan bir yazısını diqqətinizə çatdırır. 

 

Əjdər Ol 65 illik yubileyini qeyd edir. İnanıram ki, inşallah, növbəti doğum gününü azadlıqda, doğmalarının yanında qeyd edəcək. 

Allah qapısını açsın! Şairi bu gözəl şeiri ilə təbrik edirəm. 

 

Ömür

 

Ağrılara, əzablara darılma,

Öz işindən bərk-bərk yapış, yorulma,

Çalış ölmə, çalış itmə, vurulma,

Canım-gözüm, ömür elə budur, bu!

Tale, qismət deyirdin ha, odur bu!

 

Yağlı vədlər, yaman "ayır-buyur"lar,

Demə mənə nə ad, nə san qıyırlar,

Tez artmağa axı kimi qoyurlar?!

Canım-gözüm, ömür elə budur, bu!

Yarışmağa meydan budur, cıdır bu!

 

Adamsan də, incidərlər adamı,

O dünyadan haraylama atanı,

Alan yoxsa, dur özün al qadanı,

Canım-gözüm, ömür elə budur, bu!

Dadına bax, gör nə şirin dadır bu!

 

Neynəsən də, hər gələn gün xoş olmaz,

Adam gedib ağlağana qoşulmaz,

Fors eləmə, dünya sənsiz boşalmaz,

Canım-gözüm, ömür elə budur, bu!

Səni, məni diri-diri udur bu!

 

Keçmək olmur payızından, yazından,

Üzülürsən bir gözəlin nazından,

Əşşi, yüz yol mən demişəm azından,

Canım-gözüm, ömür elə budur, bu!

Ürəkdə od, gözümüzdə sudur bu!

 

Hər istəkdə, hər diləkdə düyün var,

Nə istəsəm, olmasa da, deyin: "Var!",

Əjdər Olsan, kimsən, boş hay-küyün var,

Canım-gözüm, ömür elə budur, bu!

Adəm budur, Nəbi budur, Xıdır bu!

 

“Ədəbiyyat və incəsənət”

(25.08.2023)