Çingiz Aytmatov ilk dəfə “Cəmilə”ni məhz ona oxumuşdu Featured

Rate this item
(1 Vote)

 

Etibar Əbilov, “Ədəbiyyat və incəsənət” üçün

 

Neçə vaxtdır ki, Çingiz Aytmatov haqqında kitab üzərində işləyirəm. Yazdığı əsərlərin bəzisini yenidən oxuyuram. Haqqında Azərbaycan, Türk, rus dillərində olan kitablara, məqalələrə göz yetirirəm. Xeyli maraqlı faktlarla qarşılaşıram. Ən çox ilgimi çəkən məqamlardan  biri Çingiz Aytmatovun Cənubi Azərbaycanlı şair İsmayıl Cəfərpur haqqında dedikləridir. 

1982-ci ildə mərhum şair Şahmar Əkbərzadə Qırğızıstana gəlir. Səfərinin məqsədi Bakıda işlədiyi redaksiyanın tapşırığı ilə Çingiz Aytmatovdan müsahibə almaq olub. Sonralar Şahmar müəllim Çingiz Aytmatovla çox yaxın dost olsalar da, həmin 1982-çi ildə baş tutan görüş onların ilk görüşü olub. Mənim o görüş haqqında müfəssəl yazmaq fikrim yoxdur. Sadəcə həmin ğörüşdəki bir məqam haqqında yazmaq istəyirəm. Şahmar müəllimin yazdığına görə, söhbətə başlamazdan əvvəl ortaya çay gəlir və Çingiz Aytmatovun ilk sözü:

-İsmayıl Cəfərpuru tanımırdız ki?...- olur.

Şahmar müəllim:

-Gözəl tanıyırdım. Tanışlığımız da vardı-deyir.

Çingiz Aytmatov:

-Bax, tanıdığım ilk azərbaycanlı o rəhmətlik idi. Moskvada ali ədəbiyyat kurslarında bir yerdə idik. Qiyamət oğlan idi. Azərbaycanı hər üzünə mənə o tanıdıb. O vaxt zootexniklikdən ədəbiyyat aləminə yenicə qədəm qoymuşdum. “Cəmilə"ni də ilk dəfə ona oxumuşam- deyir.

İndi çox adamın tanımadığı, haqqında çox təsadüfü hallarda (o da sadəcə ad çəkməklə) danışılan İsmayıl Cəfərpur ilgimi niyə bu qədər çəkib... İsmayıl Cəfərpur əslən İran Azərbaycanındandır. Salmas mahalının Sədəqiyan kəndində anadan olub. Vətənpərvər gənc olan ismayıl 1940-cı illərdə Təbrizdə Milli Azadlıq Hərəkatına qoşulub. Azərbaycan Milli Hökuməti dövründə partizan hərəkatının rəisi,

daha sonra Salmas şəhərinin hərbi komendantı olub. 1945-ci ilin sonunda isə Təbriz Şəhər milis idarəsinin rəisi olub. Milli hökumət dağılandan sonra Şimalı Azərbaycana pənah gətirib.

İsmayıl Cəfərpurla bağlı şəxsən mənə maraqlı olan daha mühüm bir məsələ var. İsmayıl Cəfərpur Moskvada Ali ssenarı kurslarında təhsil almamışdan əvvəl Bakı Dövlət Universitetində təhsil alıb. Atam İmamverdi Əbilov da Bakı Dövlət Univrersitetində həmin illərdə oxuyub. İsmayıl Cəfərpurla tələbə kimi yataqxanada da eyni illərdə qalıblar.

Atam həmişə onun haqqında son dərəcə böyük ehtiramla söz açırdı. Ona olan hörməti, ehtiramı o qədər böyük idi ki, mən özüm də görməzə-bilməzə (hətta bir şeirini belə oxumamışdım) qiyabi də olsa ona böyük hörmət edirdim. Atamın kitabxanasında  göy üzlü, nazik üz qabıqlı bir kitab var idi (o kitab indi də atamın kitabxanasındadır). Səhv etmirəmsə Cənublu şairlərin kollektiv şeirləridir. 40-ci illərdə Təbrizdə çap olunub. Həmin kitabçada İsmayıl Cəfərpurun da şeri var idi. Və ismayıl Cəfərpur şeiri olan səhifəyə köhnə əlifba ilə atam üçün uzun bir avtoqraf yazmışdı.

Yuxarıda yazdığım kimi, atam İsmayıl Cəfərpur haqqında həmişə ürək genişliyi ilə söhbət açırdı. Bir dəfə İsmayıl Cəfərpurla birlikdə, 50-ci illərin axırlarında Əliağa Vahidi də qonaq etmişdilər.

Atam bu əhvalatı da həmişə xoş bir ovqatla yad edirdi.

İsmayıl Cəfərpur 1977-ci ildə vəfat edib.

Sonda bir hadisəni də xatırlamaq istəyirəm. 1994-cü ilin sentyabrında atam Azərbaycan nümayəndə heyətinin tərkibində İraqa-Füzulinin 500 illik yubileyinə getmişdi. Azərbaycan mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının, elminin ən görkəmli xadimlərinin təmsil olunduğu o məşhur Füzuli təntənələrində Azərbaycan nümayəndə heyəti Kərbəlada, Bağdadda, Kərkükdə olmuşdu. Qayıdanda İrandan qayıtmışdılar, doğma Təbrizi, Ərdəbili... gəzmişdilər. Salmasda da olmuşdular. Atam deyirdi ki, ilk dəfə olduğum Salması sanki əvvəllər də bir neçə dəfə görmüşdüm. İsmayıl mənə Salmaşdan o qədər danışmışdı ki...

 

“Ədəbiyyat və incəsənət”

(25.08.2023)