Azərbaycan Yazıçılar Birliyində kitab təqdimatı olub və şəhid Səid Rəşidzadənin xatirəsi anılıb

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda şəhid Səid Nofəl oğlu Rəşidzadənin xatirə günü və AYB-nin nəşr etdiyi “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” kitabının təqdimatı keçirilib.
AzərTAC xəbər verir ki, tədbirdə ölkəmizin azadlığı, müstəqilliyi uğrunda canından keçərək Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı böyük qələbədən söz açan AYB-nin katibi Rəşad Məcid deyib ki, əldə olunmuş bu qələbə ilə Azərbaycan xalqının milli qüruru bərpa olundu, xalqımız dünyada qalib xalq imicini qazandı. Buna görə biz birinci növbədə şəhidlərimizə, qazilərimizə borcluyuq.
Yazıçılar Birliyinin nəşr etdirdiyi “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” kitabı haqqında məlumat verən R.Məcid deyib ki, otuz illik həsrətdən yoğurulan bu kitabının ideya müəllifi AYB-nin sədri Xalq yazıçısı Anardır. Kitabda dərc olunan məqalələri işğaldan azad olunan rayonlardan olan yazıçılar yazıblar. Füzuli haqqında Seyran Səxavət, Qubadlı haqqında Ramiz Rövşən, Kəlbəcər haqqında Adil Cəmil, Cəbrayıl haqqında Elçin Hüseynbəyli, Zəngilan haqqında Nəsiman Yaqublu, Ağdam haqqında Aqil Abbas yazıb. Sonralar bu ideya böyüdü və kitabda həm Qarabağa həsr olunmuş şeirlər, həm də Qarabağ haqqında tanınmış şəxsiyyətlərin tarixi məqalələri yer aldı.
Tədbirdə, eyni zamanda, şəhid baş leytenant, tabor komandiri Səid Rəşidzadənin xatirəsi də yad olunub.
AYB-nin katibi Rəşad Məcid deyib: “Səid mənim gözümün qabağında böyüyüb. Onu çılğın, vətənpərvər bir gənc kimi tanımışam. Mən döyüş getdiyi vaxtda Səidə zəng eləmişdim. Onda Səidin qələbəyə köklənmiş ruhunu və qalib əsgər təbəssümünü telefon danışığında sanki görürdüm”.
Tanınmış yazıçı, dramaturq Seyran Səxavət şəhid Səid Rəşidzadənin atası Nofəllə yaxın dost olduğunu, sonralar isə aralarında çox yaş fərqi olmasına baxmayaraq, Səid Rəşidzadə ilə dostluq etdiyini söyləyib. “Səid mənim qucağımda böyüyüb. Mən ona özüm kimi inanırdım. Səid həm mənim, həm ailəsinin, həm də Azərbaycan xalqının inamını doğrultdu. Biz bir az dərdin başına sığal çəkən xalqıq. Ona görə də dərd həmişə bizimlə yoldaşlıq edir. Amma bu gün Səid kimi şəhidlərimiz bizə azad və bütöv vətənimizdə gülə-gülə yaşamağı bəxş etdilər”.
Səid Rəşidzadənin komandanlı altında döyüşmüş əsgər Cavid Nuri S.Rəşidzadənin yüksək həbi biliyə, taktikaya yiyələnmiş bir komandir olduğunu, öz həyatını təhlükəyə atıb əsgərlərini qoruyan insan olduğunu qeyd edib: “Füzuli, Cəbrayıl istiqamətində döyüşlərdə baş leytenant Səid Rəşidzadə ilə çiyin-çiyinə döyüşmüşəm. Hadrud istiqamətində gedən döyüşdə komandirimiz Allahyar Telmanlı şəhid oldu. Ondan sonra komandirimiz Səid Rəşidzadə təyin olundu. Onu da deyim ki, Səid Aprel döyüşlərində iştirak etmiş və yaralanmışdı. Şuşa yüksəkliyi uğrunda gedən döyüşlərdə yüksəklikdə erməni bayrağı dalğalanırdı. Səid dedi ki, o bayrağı endirməliyik. Biz düşündük ki, hansısa əsgərə tapşırıq verib erməni bayrağını endirməyə göndərəcək. Ancaq əksinə o, özü getdi və erməni bayrağını aşağı atıb, qoynunda gəzdirdiyi Azərbaycan bayrağını qaldıranda Səidi vurdular”.
Sonrakı çıxışlarda əsgər Cəlil Mehrəliyev, Səid Rəşidzadənin orta məktəb müəllimi Nəbi Məmmədov, yazıçı Yunis Oğuz, şairə Ülviyyə Əsədova, Vətən müharibəsi qəhrəmanları mayor Gündüz Səfərli, Elnur Şirinov 44 günlük Vətən müharibəsində iştiraklarından, böyük Qələbənin əldə edilməsinin Ali Baş Komandanın məqsədyönlü siyasətinin və ümumxalq birliyinin nəticəsi olduğunu qeyd ediblər.
Sonda şəhid Səid Rəşidzadənin atası Nofəl Qasımov çıxış edənlərə təşəkkür edib, şəhidlərin Azərbaycan xalqının övladları olduğunu söyləyib.