Xalq qəhrəmanı Qaçaq Nəbinin 170 illiyinə həsr olunmuş kitab nəşr edilib


“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Hacı Nәrimanoğlunun “Qaçaq Nəbi tarixdә, elmi, yazılı və şifahi ədəbiyyatda, incəsənətdə” monoqrafiyası çapdan çıxıb. Azərbaycan xalqının milli azadlıq hərəkatı və qəhrəmanlıq tarixində xüsusi yeri olan, 20 ildən çox rus çarizminin işğalçılıq siyasətinə, bu imperiyanın əlaltısı olan nankor, xəyanətkar erməni hampalarına, sapı özümüzdən olan zalım xan, zülmkar bəylərə qarşı silahlı partizan mübarizəsinin başında duran Qaçaq Nəbiyə, dəstəsinə və ən yaxın silahdaşı, ömür-gün, əqidə yoldaşı Həcər xanıma həsr olunmuş kitabda Azərbaycan, Rusiya, Gürcüstan, İran və Türkiyə mənbələrinə, sənədlərə, arxiv materiallarına, tədqiqatçı alimlərin əsərlərinə istinadla Qaçaq Nəbi mübarizəsinin həqiqi mahiyyəti, əsas qayəsi, gerçək tarixi xronikası oxuculara çatdırılıb. Kitabda bu mübarizənin xalq yaddaşında, incəsənətimizin müxtəlif növlərində, folklorumuzda, ədəbiyyatımızda bədii inikasını əks etdirən nümunələrə də yer ayrılıb.
Kitab Qaçaq Nəbi, Qaçaq Həcərin timsalında xalqımızın azadlığı, müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda yadellilərə qarşı savaşlarda canlarını fəda etmiş igid vətən övladlarının, şəhidlərimizin, qazilərimizin əbədiyaşar xatirəsinə həsr olunub.
Qeyd edək ki, kitab AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilib.
“Mütərcim” nəşriyyatında çıxan 208 səhifəlik kitabın elmi redaktoru AMEA-nın Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov, rəyçisi AMEA-nın Tarix İnstitutunun icraçı direktoru professor Cəbi Bəhramov, məsləhətçiləri “Akademkitab”ın direktoru professor Əliağa Cəfərov və yazıçı-jurnalist Dostəli Abdullayevdir.