“Hər kəs vəzifəyə gəlmək istəyir, kürsüdə oturanda isə ən başlıcası - azadlığını itirdiyini anlayır” - Mehmet Nuri Parmaksız

Pupor.az saytında dərc edilən
“Kitab ölümsüzlük yolunda alınan nəfəsdir” başlıqlı yazını - istedadlı jurnalist Ceyhun Musaoğlunun tanınmış türk şairi, İLESAM başqanı Mehmet Nuri Parmaksızla müsahibəsini oxucularımıza təqdim edirik.  


Mehmet Nuri Parmaksız. 1974-cü ildə İstanbulda dünyaya gəlib. İlk, orta və lisey təhsilini bu şəhərdə alıb. Qazi Universitetinin Sənət və Elmlər Fakültəsini, o cümlədən Türk Dili və Ədəbiyyatı bölümünü bitirib. Magistr dərəcəsini Qazi Universiteti Sosial Elmlər İnstitutunda tamamlayıb. Mardin Derik Lisesi və Ankara-Gölbaşı Anadolu Liseyində ədəbiyyat müəllimi kimi çalışıb.
Şeirləri, məqalələri müxtəlif jurnallarda dərc olunub. 2006-2008-ci illərdə İLESAM İdarə Heyətinin üzvü və vitse-prezidenti vəzifələrində çalışb. Türk ədəbiyyatına və poeziyasına verdiyi töhfələrə görə müxtəlif mükafatlara layiq görülüb. Hazırda  İLESAM başqanıdır.
Mehmet Nuri Parmaksız azərbaycanlı oxucunun həm tanıdığı, həm də sevdiyi şairdir. O, Azərbaycanda tez-tez olur. Mehmet Nuri Parmaksız bizə olduqca doğma imzadır.
Dəyərli şairimiz, Rupor.az xəbər portalının qonağı olub. Onunla etdiyimiz söhbəti müsahibə formasında təqdim edirik.

- Azərbaycana növbəti dəfə də xoş gəlmisiniz. Bu gəlişinizin məqsədi barədə daha ətraflı öyrənmək istərdik.

- Dünyada pandemiya elan olunandan sönra qardaş ölkəmə ikinici səfərimdir. Birinci səfərimizdə Mədəniyyət Nazırliyinə 10 min kitab hədiyyə etdik. Həmin kitablar işğaldan azad olunan ərazilərdəki kitabxanalar üçün nəzərdə tutulur. Bu dəfə isə kitab yarmarkasında iştirak etmək üçün gəldik. Bununla yanaşı, müxtəlif qurumların rəhbər heyəti ilə də görüşlərimiz oldu. Gələcəkdə birgə maraqlı layihələr üzərində planlar qururuq. 

- “Kitab” sözü blkə də ən çox eşitdiyimiz sözdür. Xüsusən jurnalist, yazıçı, aktyor, rəssam, rejissor, bir sözlə yaradıcı adam olan yerdə kitabdan daha çox danışılır. Bununla yanaşı, mütaliə mədəniyyətinin formalaşması üçün dünyada sonsuz sayda layihələr gerçəkləşdirilir. Özünüz də dediyiniz kimi, Azərbaycana hədiyyəniz 10 min kitab olub. Bütün bunlara baxmayaraq, yer üzündən qan-qada kəsilmir. Əksər ölkələrdə müharibələr, terorrlar yaşanır. O kitabların bu davaları durdurmağa heçmi gücü çatmadı? Çatmadısa, çatmırsa, kitab aksiyalarına daha nə ehtiyac var?
 
- İLESAM olaraq kitab hədiyyələrimizi təkcə Azərbaycana vermədik. Sizin Yazıçılar Birliyinin mətbuat katibi, dəyəri yazıçı, şair, mənim əziz dostum Xəyal Rzanın yardımı ilə digər türk ölkələrinə də kitablar verdik. Hətta balkanlara qədər gedib çıxdıq. Özbəkistana daha 20 min kitab verməyə hazırlaşırıq. Üs-üstə 100 min kitab hədiyyə etmişik.

- Niyə axı?
 
- Kitab ölümsüzlük yolunda alınan nəfəsdir. Kitabın müəllifi rəhmətə gedəcək, amma o əsər min illər boyu oxunacaq. Oradakı fikirlər min illər boyu dildən-dilə, düşüncədən-düşüncəyə keçəcək. Bizim türk dünyasına bu qədər kitabla qucaq açmağımızın əsas məqsədi də ortaq türk dilinin yaranmasına nail olmaqdır. Müxtəlif ölkələrin türk təmsilçiləri bir araya gələndə daha çox rus dilində danışırlar. Halbuki onların ana dilləri bir-birinə rus dilindən daha yaxın, daha anlaşılandır - kökü türk sözlərindən ibarətdir. Niyə ortaq dil yaranmasın? Türkiyə türkçəsi ortaq türk dili ola bilər. Əlbəttə, kimsə öz dilini unutsun demirik. Bir araya gələndə həmin ortaq dilimizdən danışaq. O dildə türk, Azərbaycan, özbək, qazax, qırğız kəlmələri də olsun. Belə olanda fkirlərimizi 300 milyonluq türk dünyasına çatdırmış olarıq. Türk birliyi rəsmi yaranmasa belə, dildə, fikirdə, sevgidə bu birlik var, təkcə qalır onu bir qurum kimi rəsmiləşdirmək. Artıq Zəngəzura açılan qapılar bzimdir. Belədə türk ölkələri bir-birinə xüsusən ekonomi baxımından daha asan yaxınlaşa biləcəklər. Sualınızın ikinci hissəsinə gələk: bu qədər kitab təbliğatı aparılarkən niyə dünya hələ də qan içində? Savaşı çıxardan insanlarmı, yoxsa idarə edənlərmi? Birinci, ikinci dünya müharibəsində insanlardan “savaş istəyirsinizmi” deyə sorsaydınız, çoxluq yox deyərdi. Bəzən elə olur ki, savaşsız mümkün olmur. Sizin Qarabağ uğrunda  savaşınızı bu qənaətimə misal kimi göstərə bilərəm. Kaş ki, Azərbaycanın haqq savaşı daha tez olardı. Kaş zəfəri 10 il öncə qazanaydıq. Şükür ki, bu gün Qarabağı işğaldan azad etdik. Ümumilikdə isə savaş pisdir. Başqa tərəfdən, məgər indi savaşlar ancaq döyüş meydanında, siahlamı aparılır? Sosial şəbəkələrdə bir probelm yarandı. Bilirsiniz nə qədər iş adamı bu əngəldən milyonlar itirdi?! Bunun adı savaş deyil, bəs nədir? Bir ölkə o biri ölkəyə hansısa işlərdə embarqo qoyur, nə güllə atır, nə raket, ama onların təsirindən daha betər təsir göstərir. Bunun adına müharibə demiyəlimmi? İnsanlara ziyalı fikirlərlə savaş açıblar. Nə qədər kötü fikirlər eşitmək olar... İnsanların zövqünü korlamağa yönələn planlar ən dəhşətli savaşdır. Zövqsüz insan yaxşı olan heç nəyi bacaramaz.

- Belə çıxır ki, müasir savaşları məhz kitab oxuyanlar törədir.

- Belə çıxır yox, belədir. Burada günah kitabda, onun müəllifində deyil, həmin əsəri oxuyanın beynindədir. Hitler də kitab oxuyan, hətta kitab yazan adam idi. Sadəcə özü xarakter etibarı ilə şeytanı hisslərlə yaşayıdı. İnsanın düşdüyü mühitin təsiri hər şeydən güclüdür, ona kitab kömək edə bilməz. Ancaq kitab oxumaq təhlükələri öncə görmək, çıxış yolları tapmaq, qəhrəman bu vəziyyətdə hansı addımları atardı, bu prinsipləri öyrənmək baxımından vacibdir. Kitab oxuyan insanla danışmaq, anlaşmaq, onu pis yoldan çəkindirmək asandır. Oxuduğun üzərində düşünmək, təhlil etmək, əsərdəki hadisləri fikrində canlandırmaq insana lazım olan ən vacib qidalardandır. 
 
- Neçə kitabınız var?

- 28 kitabım var, onların içərisində Azərbaycan dilinə çevriləni cəmi 3 ədəddir. Müxtəlif dillərdə tərcümə olunan şeirlərim də var. 17 kitabım isə məhz mənim müəllifliyimlə yazılan müstəqil əsərlərdir. Onlardan 3-ü şeir, ikisi roman, 5-i esse, 7-8-i akademik çalışmadır. 
 
- Müşahidə etdiyimizə görə, Sizin əsərlər yazmağa vaxtnız lap az olur. İnzibati işlər yaradıcılığınza nə dərəcə əngəl yaradır?

- Düzgün müşahidədir. Ayın çox hissəsini təyyarələrdə keçirən yazar nə vaxt yazsın axı... Bir romanı yazmaq üçün ən azı altı ay vaxt lazım olur. Bu da o şərtlə ki, əlavə bir iş yapmadan ancaq həmin romanı yazacaqsınız. Sadəcə şair, sadəcə yazıçı olanlara qibtə edirəm. Vaxtları var, o vaxtı əsər yaratmağa həsr edirlər. Əsər ən nazlı sevgilidir. Öylə nazlıdır ki, onu bir gün görməsəniz, halını sormasanız Sizi unudar. Kiçik həcmli əsərlər, şeirlər, esselər, hekayələrlə ara-ara görüşə bilərsiniz. Ancaq romana başladınsa, gərək onu qoynundan yerə qoymayasan, nazını bir an əksik etməyəsən. 

- İLESAM neçə ildir fəaliyyət göstərir? 

- 1986-ci ldən fəaliyyətə başlamışıq. 35-ci ilimizi qutladıq. 4 min üzvümüz var

- İLESAM-ı biznes baxımından gəlirli təşkilat hesab edə bilərik? 

- Təbii, gəlir əldə edirik. Bizə üzv olanların müəllif hüquqlarını qoruyacağımız üçün onlar üzvülük haqqı verirlər. Biz o maddiyata dayanaraq, KİV orqanlarında yayımlanan hər müəllifin əsərinə görə, onlara pul ödənilməsini təşkil edirik. Bizdə kitabların arxasına xüsusi möhür vurulur ki, nə qədər nəşr olunduğu bilinsin, nəzarətdən kənarda qalmasın. Biz müəlliflərə hüquqi yardım da göstəririk. Əgər onlar hansısa bir nəşriyyatla sövdələşmənin nəticəsini əldə edə bilmirlərsə, o zaman bizim vəkillər işə qarışır. Həmin vəkillərin ödənişini də biz edirik. Əlbəttə həyata keçirdiyimiz layihələrlə də para qazana bilirik. Artıq Türkiyədə belə bir qayda formalaşır, siz də bu formanı tətbiq edəcəksiniz. Hansısa əsəri telefonla çəkib, onu PDF-ə çevirib, müəllifin xəbəri olmadan yayanlara gömrükdəcə vergi tətbiq olunacaq. Həmin vergi müəllifin qonorarıdır, yazdığı əsərdən onun xəbəri olmadan pul qazanırsınızsa, həmin əsəri yaradana para ödəmək zorundasınız. İLESAM bu məsələlərin də tənzimlənməsini öz üzərinə götrüəcək. 

- Satmaq məqsədi ilə yox, hansısa dostuna göndərmək məqsədi ilə əsərin şəklini çəkibsə, onda necə olacaq?
 
- Fərq etməz, əgər sən müəllifin icazəsi olmadan onun əsərindən nəsə əldə etməyə çalışmısansa, vergi ödəyəcəksən. 

- Türkiyədə nəşriyyatlar yazıçıya sifariş verirlər? Nəşriyyat bazarı araşdırır, hansı mövzuda əsərin satıla biləcəyini müəyyənləşdirib yazıçı ilə bazarlığa girir. Bu sistem qardaş ölkəmizdə necə işləyir? Məsələn Folkner, Markes və bir çox başqalar belə fəaliyyət göstəriblər. Hətta Folkner müsahibəsində deyir ki, yazdığı bəzi əsərləri özü sonradan oxumayıb, çünki sifarişlə yazıb, məqsədi pul qazanmaq olub. 

- Öylə omaz ki...Əlbəttə belə bir iş birliyi var. Sadəcə yazıçının sifarişlə yazdığı əsərdən əsər olmaz. İmza mediatik olunca, tanınmış ismə çevrilincə, nəşriyyat onunla açıq biznes münasibəti qurur. Məsələn, deyir ki, bu il Yunus Əmrə ilidir, dahi şairlə bağlı nələrsə yaz. Daha açıq sifariş vermək düzgün deyil. Yazıçı nə qədər azad olacaqsa, o qədər yaxşı əsər yazacaq. Əsas odur sən imzaya çevriləsən. İnsanlar kitab alırsa, müəllifinə baxr, tanış gəlirsə alır, nə yazdığını, məhz bu əsəri necə yazdığnı, kitabın nədən bəhs etdiyinin fərqinə varmır. 

- Siz özünüzü daha çox yazıçı hesab edirsiniz, yoxsa şair? 
 
- Ahmet Hamdi Tampinar adlı həm şair, həm yazıçı, həm akademik düşüncəli, bacarıqlı insan var Türkiyədə. Ona bu soruyu sormuşlar. Cavab vermiş ki, mənim üçün əsas olan şeirdir, sadəcə şeirdə anlada bilmədiklərimi hekayədə, hekayədə anlada bilmədiklərimi romanda, romanda anlada bilmədiklərimi akademik əsərlərimdə anlatmağa çalışmışam. Mən də elə düşünürəm. Axı şeirdə deyə bilmədiyini romanda demək mümkündür. Romanın genişliyi buna imkan verir, nə qədər obraz istəyirsən yaradrsan, onlara nə qədər xarakter verə bilirsən verirsən, hadislərin axarını istədiyin kimi dəyşirsən. Şeirdə elə deyil. Şeir daha çix hisslərə bağlıdır. Şeiri çox önəmsəyirəm. Kaş ki, şeirdə hər şeyi anlada bilsəydim, daha başqa janrlara keçməzdim.

- Folkner deyir ki, şeir yaza bilməyənlər hekayəyə, hekayə yaza bilməyənlər romana keçdilər. Böyük yazıçı şeiri ən çətin janr hesab edib. Yeri gəlmişkən özü də 22 yaşına qədər şeir yazıb, elə yaradıclığa da bu janrla başlayıb, sonra görüb ki, şeir yazmağa gücü çatmır. 
 
- Maraqlı fikirlərdir, dolaysı ilə biz də öncəki sualın cavablnda elə bu mənada danışdıq. 19-cu əsrə qədər şeir sultan idi. Nə yazırsan yaz, şeir yazmırsansa qəbul edilmirdin. Sənaye inqilabından sonra dəyərlər dəyişdi. Şeir həm də ona görə sevilirdi ki, onu əzbərləyə, istədiyin yerdə deyə bilirdin. Şeir yaddaşlardan yaddaşlara keçirdi. Sonralar bir bum yarandı. Hər kəs şeir yazmağa başladı və özünə şair dedi. Hər şeir yazan şairmi? Ən çətin iş şeir yaza bilmək, nə qədər ziddiyətli olsa da, elə buna görə əksəriyyət şeir yazır. Özündə guya çətinin öhdəsindən gəlmiş olur. Beləcə də özünü aldada-aldada şeir dünyasına da mənasız cızma qaralar atıb getmiş olur. 

- Kitabların elektronlaşması prosesi sürətlənib. Belə gediş, klassik kitab anlayışını, kağız kitabları məhv etməz ki? 
 
- Elektron kitab əlinizə alıb oxuduğunuz kitabın zövqünü vermir, o ləzzəti ala bilmirsən. Səsli kitablar da geniş yayılıb. Yol gedəndə dinləməyə şərait yaradır. Nə qədər üstünlüyü olsa da bu o deyil. 

- Bir vaxtlar posmodernizm cərəyanı da ədəbiyyata hücum etdi. Hətta Azərbaycan misalında məlum oldu ki, Avropa ədəbiyyatında postmodernizm dövrü olub, keçib. Təəssüf bizə gec gəlib çatıb. Çox az illər ötdü postmodernizm cərəyanı qaya kimi sərt və sıldırım olan klassik romançılıq ənənəsinə dəyib cilik-cilik oldu. Bu gün də elekton kitabla kağız kitabın arasında ciddi ixtilaflar yaranıb. Sizcə hansı qalib gələcək?
 
- Disketlər vardı, yəqin xatırlayırsız, deyirdilər içərisinə yüzlərlə əsər yerləşir. Bu gün hanı həmin disketlər. Ardınca CD-lər gəldi, içərisində minlərlər yazılar yerləşirdi. Artıq onlar da fləşkartlara uduzur. Bir anlıq təsəvvür edək ki, yazıçı əsərini fləşkartda oxucuya təqdim edir. Oxucu istəyir ki, yazıçının imzası olsun. İndi imzamızı hara ataq?  Düşünün ki, sizdə Mikayıl Müşviqin öz imzası olan kitab var. Sizin üçün o kitabın qiyməti qiymətsizdir. Dahi şair kitaba imza atb, öz əli ilə. O kitab milyon diskə dəyər. Əfsanəvi şair sizdəki kitaba toxunmuş, bundan böyük hadisə olurmu oxucu üçün... Xeyir, kitab heç vaxt yoxa çıxmayacaq. Dünyanın yaradılış fəlsəfəsi buna imkan verməz. 

- Sizdən bir şeirini söyləmənizi istəsək, yox deməzsiz?

- Yox demərəm, amma bir jurnalistin sualı və ona verdiyim cavabla başlamaq istərdim. O vaxt 15 il idi İLESAM-a rəhbərlik edirdim. Soruşdu ki, İLESAM sizə nə qazandırdı? Cavab verdim ki, İLESAM-ın qazandırdıqları göz önündə, sən soruş bu təşkilat səndən nələri aldı, nələri kayb etdirdi? Məndən yazmadığım şeirlərimi aldı indiki görəvim. Bəkə də kitablarımın say 17 yox, 37 olacaqdı. Bəlkə də elə şeirlər yazacaqdım ki, ədəbiyyatın şah əsərləri olacaqdılar.  Bununla yanaşı təşkilat rəhbəri olmağım məni ailəmdən də uzaq saldı, beş gün orda, üç gün burda... Həyatım üçün də təhlükədir. Insan nə qədər yollarda olar. Siyasi tərəfdən də əziyyəti var. Bizim türk ölkələrinə kitablar paylamağımız türkün ortaq düşüncəyə gəlməsini istəməyən qüvvələri qıcıqlandırır, onlar hər türlü pis nəyəsə əl ata bilərlər. İnsanlara şair kimi deyəcəyim çox sözlər var. O sözləri deməyəsə zaman bulamıyorum. Hər kəs vəzifəyə gəlmək istəyir, o kürsüdə oturanda isə ən başlıcası azadlığını itirdiyini anlayır. İnsan azad varlıqdır, onun hər şeyini al, dözəcək, azadlığına toxunanda isə gücü çatsa, cavab verəcək, gücü çatmasa ürəyi partlayacaq, mənəvi baxımdan məhv olacaq. Elə birc kəlmə deyə biləcək: “Yandım anam”. 

- Şeiriniz dinləmədik.

- Dinləyin:

Şimdi ölsem,
Hangi şiir ağıt yakar arkamdan.
Hangi kitap gözyaşı döker hüznüme.
Ve hangi göz
Derdimin dermanı olur yüzüme.
 
Şimdi ölsem
Hangi okur ortak olur melâlime.
Hangi sözlükte manam yerini bulur.
Ve hangi çağ
Sözlerime aşina olur.
 
Şimdi ölsem
Ellerimin yalnızlığını hangi soğuklar örter.
Biliyorum şimdi ölsem,
Kalbimdeki aşkın dumanı
Sonsuzluğun sonsuzluğu kadar tüter.
 
Qeyd: müsahibədə müsahibin dilindən səslənən bəzi sözləri elə türk dilində də saxladıq. Ortaq türkcəyə damla da olsun kömək etmək istədik.