Beynəlxalq Türk Akademiyası Yunus Əmrənin “Seçilmiş şeirlər” kitabını təqdim edib

Qazaxıstanda - Türküstan şəhərində Beynəlxalq Türk Akademiyası, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Qazaxıstan Parlament sədri Nurlan Niqmatullinin iştirakı ilə Yunus Əmrənin türk və qazax dillərində çap olunmuş “Seçilmiş şeirlər” kitabını təqdimatını keçirilib.
AzərTAC xəbər verir ki, tədbirdə Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdıralı, TÜRKPA Baş katibi Altınbek Mamayusupov, Türkistan vilayəti akimi (qubernatoru) Umirzak Şökeyev, Qazaxıstan və Türkiyədən olan deputatlar, qardaş ölkələrdən dövlət xadimləri və ziyalılar iştirak ediblər.
Türk Akademiyası tərəfindən “Yunus Əmrə və Türk ili” çərçivəsində hazırlanan kitabda Yunus Əmrənin şeirlərinin daha əvvəl nəşr olunmamış yeni tərcümələri yer alıb.
Tədbirdə çıxış edənlər bu əhəmiyyətli hadisənin iki ölkə arasındakı qardaşlıq əlaqələrinin güclənməsinin bariz göstəricisi olduğunu bildirdilər.
Qeyd edək ki, 2021-ci il Yunus Əmrənin ölümünün 700-cü ildönümüdür. Bu münasibətlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci ili "Yunus Əmrə və Türk İli" elan etdi. UNESCO müdrik şair Yunus Əmrəni bütün dünyada anmaq qərarını qəbul edib.