“Akademik Mirzə İbrahimov” biblioqrafiyası nəşr olunub

 

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Akademik Mirzə İbrahimov” biblioqrafiyasını nəşr etdirib.

Görkəmli Azərbaycan yazıçısı, dramaturq və ictimai xadim Mirzə İbrahimov haqqında ilk biblioqrafiya yazıçının anadan olmasının 55 illiyi əlaqədar 1966-cı ildə, ikinci biblioqrafiya isə yazıçının anadan olmasının 100 illiyi əlaqədar tərtib edilib.

Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından tərtib etdiyi “Akademik Mirzə İbrahimov” fundamental biblioqrafiyası isə Azərbaycanın görkəmli yazıçısı, dramaturq, ədəbiyyatşünas və publisisti, ictimai-siyasi xadim Mirzə İbrahimovun anadan olmasının 110 illiyinə həsr edilib. 

Kitabxanadan AzərTAC-a bildirilib ki, biblioqrafiyanın elmi redaktoru professor, Əməkdar mədəniyyət işçisi Kərim Tahirov, “Ön söz” müəllifi isə akademik, Əməkdar elm xadimi İsa Həbibbəylidir.

Azərbaycan Milli Kitabxanasının hazırladığı bu fundamental biblioqrafiya 1930-2021-ci illərin materiallarını əhatə edir. Biblioqrafiyada Mirzə İbrahimovun kitabları, dərsliklərdə, məcmuələrdə, dövri mətbuatda çap olunmuş əsərləri, yazıçının həyat və yaradıcılığını əks etdirən ədəbiyyat öz əksini tapıb. Materiallar Azərbaycan, rus və başqa dillər üzrə verilib. Biblioqrafiyada ədibin əsərləri, həyat və yaradıcılığı haqqında material, habelə onun dünyanın ən zəngin kitabxanalarında mühafizə olunan nəşrləri öz əksini tapıb. Biblioqrafik göstəricidə ədəbiyyat xronoloji qaydada qruplaşdırılıb, xronoloji çərçivə daxilində isə əlifba sırası gözlənilib. Biblioqrafiyada ilk dəfə yazıçının dünyanın ən zəngin kitabxanalarında mühafizə olunan nəşrləri “Mirzə İbrahimov dünya kitabxanalarında” və “Mirzə İbrahimov dünya universitet kitabxanalarında” bölmələrində öz əksini tapıb.

Azərbaycanın Xalq yazıçısı Mirzə İbrahimov qüdrətli nasir və dramaturq olmaqla bərabər, həm də görkəmli ictimai xadim, tanınmış tənqidçi və ədəbiyyatşünasdır. O, zəngin bədii yaradıcılığı ilə yanaşı, ana dilinin, milli-mənəvi dəyərlərin qorunması uğrunda mübarizə aparmış vətəndaş yazıçıdır.

Biblioqrafiya ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı‒biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Biblioqrafik göstərici ilə tanış olmaq istəyənlər http://anl.az/down/M.ibrahimov.pdf linkindən istifadə edə bilərlər.