Yusif Səmədoğlunun “Qətl günü” romanı özbək dilində çap olunub

Daşkənddəki “İjod press” nəşriyyatı Azərbaycanın Xalq yazıçısı Yusif Səmədoğlunun “Qətl günü” romanını özbək dilində çap edib.

AzərTAC Özbəkistandan  xəbər verir ki, romanı orijinaldan özbək dilinə ədəbiyyatımızın yaxın dostu, mərhum şair və tərcüməçi Usman Kuçkar çevirib.

U.Kuçkar uzun illər Azərbaycan ədəbiyyatı nümunələrini özbək dilinə tərcümə edib. O, Azərbaycanın Xalq yazıçıları Elçinin “Mahmud və Məryəm”, “Ağ dəvə” romanlarını, “Baladadaşın ilk məhəbbəti”, “Baladadaşın toy hamamı” povestlərini, Anarın “Mən, sən, o və telefon” kitabını özbək dilinə çevirib və bu əsərlər vaxtilə Daşkənddə ayrıca kitab kimi çap olunub.

U.Kuçkarın tərcüməsində Xalq şairi Sabir Rüstəmxanlının “Göy tanrı”, Yunus Oğuzun “Əmir Teymur”, “Şah arvadı və cadugər” romanları da işıq üzü görüb. Bir neçə il bundan əvvəl çap edilən “Müasir Azərbaycan poeziyası antologiyası” kitabının tərcüməçilərindən biri də Usman Kuçkardır.