Əsəd Cahangir Aqşin Yeniseyi bayağılıqda, intellekt kasadlığında, plagiatçılıqda və vulqarizmdə ittiham etdi

Həftəsonu “Kulis.az” saytında tənqidçi Əsəd Cahangirin yazar Aqşin Yeniseyin “Kəlləmayallaq” hekayəsi haqda  “Kəndinə qayıt, Aqşin!” adlı yazısı dərc edildi. Aqşin Yeniseyi bayağılıqda, intellekt kasadlığında, plagiatçılıqda, məntiqsizlikdə, gəvəzəçilikdə və vulqarizmdə ittiham edən tənqidçinin yazısı qərəzdən tam uzaqlığı, obyektivliyi ilə fərqlənməklə yanaşı, həm də onun dərin ədəbiyyat  bilgisini ortaya qoymaqla əsl akademik tənqid təsiri bağışlayır.
Əsəd bəy yazır:

“Bu hekayə gündəmə gəlmək üçün dürlü-dürlü şeylər düşünüb tapan hekayə müəllifinin növbəti oyunudur və oxuduqca gördüm ki, əsla yanılmamışam – o, yenə də özünün həmişəki ampluasındadır. Bunları deyərkən nələri göz önünə alıram:
- yenə makiyajlı, axırına çatanda əvvəli yaddan çıxan, məntiqi pozuq cümlələr;
- yenə bayağı, vaxtı keçmiş, on səkkizinci əsr ensiklopedistləri dönəmində qalmış “maarifçi” gəvəzəçiliyi;
- yenə həmişəki kimi Mirzə Cəlildən açıq, Gi de Mopassandan (“Eybəcərlər anası” novellasını nəzərdə tuturam; Aqşin patriarxal şərqli düşüncəsiylə onu “eybəcərlər atası” ilə əvəzləyib) gizli plagiatçılıq; ordan-burdan mənimsəmələr;
- yenə nəsr texnologiyasına heyrət doğuran nabələdlik, XXI yüzilin 21-ci ilində çikviçento dönəmi italyan novellistlərinin üslubu ilə nağıl söyləmək, Heminqueyin “danışmaq yox, göstərmək” tələbiylə bağlı tövsiyəsini qulaqardına vurmaq, nəticədə hekayə yazmaq əvəzinə əhvalat nəql etmək;
- yenə Stendalın güzgü metaforasını unudaraq, olayın obyektiv təsvirini bir yana qoyaraq, tendensiyalı, tərəfgir, çılpaq, birbaşa müəllif münasibəti sərgiləmək;
- yenə oxucu cəlb etmək naminə ürək bulandıran, ekskrement qoxuyan vulqar ifadələr işlətmək;
- yenə də əvvəldən axıracan rəmzi-alleqorik düşüncənin torunda çabalamaq, özünü postmodernist saya-saya, simvolist olmaq;
- yenə də Mirzə Cəlil, Məhəmmədhəsən, onun bədbəxt arvadı və yazıq eşşəyini uğursuz ələ salmaq cəhdi, postinsan zamanında poçtinsandan danışmaq,
bir sözlə - ortaya kəlləmayallaq bir şey qoymaq.
Bir sözlə, qüsurlar çoxdur, bilmirəm, hamısını saya bildimmi? Yəqin ki, nələrsə diqqətimdən qaçdı. Amma əsas bu deyil, odur ki, axı, Mirzə Cəlilə dönə-dönə qayıdış nəyi göstərir? Niyə Aqşin irəli yox, öz hekayəsini qəhrəmanı Dərəbəy kimi kimi dalın-dalın gedir?!
Məhəmmədhəsən, onun birincisi kəlləmayallaq, ikincisi altıbarmaq oğlu insan sivilizasiyanın degenerasiyasını, homo sapiensin sonunu göstərir. Aqşinin öldürən Aristotel düşüncəsi var, dirildən Platon düşüncəsi isə yoxdur. Buna görə vaxtilə yazdığı “Leş Əli” kimi, “Kəlləmayallaq” da ölü mətndir. Yaxşı bəs dirilmənin sirri nədir? Bu suala cavab vermək yerinə, hekayə ilkin ölüm, ilkin qətl barədə əskidən əski Habil-Qabil arxetipinə qayıdışla tamamlanır: “Həyat növbəti dəfə Habili Qabilsiz qoymadı...”
Tarkovskinin “Solyaris” filminin qəhrəmanı ilkin kosmik başlanğıcı – Okeanı görəndən sonra Yerə qayıdıb, atasının dizlərini qucaqladığı kimi, Aqşin də Məhəmmədhəsənin eşşəyinin quyruğunu buraxıb, bu dəfə əski yəhudi əfsanəsindən yapışır. Və bununla da əsas rəqibi Şərif Ağayardan bir məsələdə geri qalır. Şərifin “Gülüstan” romanının qəhrəmanı Adəm (yəni homo sapiens, müasir insan sivilizasiyasının ilk nümayəndəsi) heç olmasa son nəfəsdə ulduzlara baxır. Bununla da Tarkovsknin əsas rəqibi, “Kosmik Odiseya - 2001” filminin qurululuşçusu, ünlü Hollivud rejissoru Stenli Kubriki simgələyir. Gülməyin, bizim Tarkovskimiz elə Aqşin, Kubrikimiz də Şərif olmalıdır.
Sual edə bilərsiniz ki, əgər bir adam yazdığının nə olmasının fərqində deyilsə, publisitik köşə yazısıyla hekayənin fərqli şeylər olduğunu bilmirsə - özü də 50 yaş hüdudunda – ona nəsə deməyin anlamı nədir? Əgər bu sual fikrinizdən keçibsə, tamamilə haqlısız, amma mən bu yazını Aqşindən daha çox, onu “nasir” sayanlar üçün yazıram. Necə ola bilər ki, sən Pelevinin “Büllur dünya”, yaxud Qoderzi Çoxelinin “Küknarlara məktub”unu, sonra da Aqşinin “Kəlləmayallaq”ını oxuyasan və onları eyni dərəcədə hekayə sayasan? Axı, biz qapalı sovet mədəniyyəti yox, açıq dünya sivilizasiyasının adamlarıyıq. Bəs, onda niyə dünya və özümüzə belə dürlü ölçülər, ikili standartlarla yanaşırıq?”

Uğurlu zənn etdiyi hekayələrin və onların müəlliflərinin adlarını sadaladıqdan sonra və hətta ilk qələm təcrübələrini ortaya qoyan gənc yazarlardan bir neçəsinin adıarını çəkməklə onların Aqşin Yeniseydən üstün olmalarını iddia etdikdən sonra Əsəd bəy “Bəs Aqşinin uğursuzluğun səbəbi nədir?” ritorik sualını verir və sualı bu cür cavablandırır:

“Birincisini dedim artıq – intellekt kasadlığı və gələcəyi görməmək, çıxış yolu tapa bilməmək. İnsan ölür, yerinə postinsan gəlir və yazıçının işi ölənə fatihə verməklə bitmir, gələni qarşılamaq da olar.
İkincisi, Aqşinin digər “nəsr əsərləri” kimi bu “hekayə”si də mənəvi tənəzzül, etik deqradasiya göstəricisidir. Həvari Pavel məktublarından birində yazırdı: “İndi 3 şey qalır – ümid, sevgi və iman. Bunlardan ən başlıcası sevgidir”. Hekayədə bu 3 şeydən heç biri yoxdur. Yazıçı imansız ola bilər - məsələn, Axundov kimi - bu, onun vicdan işidir. O sevməyə də bilər - məsələn, Selin kimi - bu da onun ürək-könül məsələsidir. Amma ümidi oxucunun əlindən almağa yazıçının ixtiyarı yoxdur. Çünki ədəbiyyatın əsas missiyası bu amansız-imansız dünyada ümidə ayaq yeri qoymaqdır. Volterin təbiriylə desək, hətta Allah olmasaydı belə, onu uydurmaq lazım gələrdi. Təəssüf ki, Aqşin Allaha ancaq görkəmli nasir, Xalq Yazıçısı Kamal Abdullanın kitabına yazdığı ön sözdə “inanır”. Onun artıq iki dekadanı geridə qoyan bütün bu qara-qışqırığının kökündə də inana bilməməyin doğurduğu ruhi narahatlıq durur. Ruh Allahın zərrəsidir və o, özünü görmək, bilmək, dərk etmək, tanımaq istəyir. Ruhun bədənə girib bu maddi dünyaya gəlməkdən əsas məqsədi məhz budur – özünü dərk etmək. Aqşinin ruhu özünü dərk edə bilməməyin ağrılarını çəkir. Onun bütün yazdıqlarının psixoloji əsasında bu amil durur - anlamaq dərdi. Amma məsələ Anar deyəndən fərqlidir. Anar bir eksiztensialist kimi deyir ki, başqaları məni anlamır. Aqşin isə özü-özünü anlaya, dərk edə bilmir. Və buna görə də insanı dərk etmir, onun hara gedəcəyini görə bilmir, çıxış yolunu keçmişin qaranlıqlarına qayıtmaqda görür.
“Kəlləmayallaq” Aqşinin bundan öncə yazdıqlarıyla eyni sistemə daxildir. Onun bir neçə il əvvəl yazdığı “Göləqarğısancan” “hekayə”sindəki nevroz öz yerini psixoza verib. Yəni ağrıyan diş artıq çəklib, amma yeri hələ də sızılayır. Bəs, bu nə ağrıdır belə? Bu, müəllifin Herostrat kompleksi ilə bağlıdır. O nəyin bahasına olursa-olsun nasir olmaq istəyir, amma nə istedadı, nə də intellekti buna imkan vermədiyi, özünü təsəvvüründə olduğu kimi realizə edə bilmədiyi üçün sözə qələm sancmağa, hamını və hər şeyi qaralamağa, dünyaya ölüm hökmü oxumağa başlayır.”

Əsəd bəy yazısında Aqşinin bütün nəsr “əsərlərində” rast gəldiyi şəhər-kənd qarşıdurması kompleksinə də diqqət yetirir, qeyd edir ki, Aqşinin “qəhrəmanları” bəzən şəhərə gəlsələr də, “şəhərli” ola bilmir, nəticədə bu iki məkan arasında qalıb kəlləmayallaq aşırlar. Qeyd edir ki, bunun səbəbi müəllifin məkan hissini itirməsidir. Təsadüfi deyil ki, onun indiyəcən yazdıqları arasında ən uğurlusunu hansısa nəsrində deyil, “Kənd” şeirində görən Əsəd bəy sözügedən şeiri nümunə gətirir (şimşək çaxar göydən qaçar yağışlar, yağışlar/
doluşar ot tayasına sərçələr, sərçələr/ sərçələr ot tayasında gecələr, gecələr/ yorğun sürü axşam kəndə gec gələr, gec gələr…), bu şeirlə “Kəlləmayalaq”ı tutuşdurmağı təvəqqe edir, bildirir ki, onların müəllifi 20 ildə hardan hara enib. Əsəd bəy yazır:

“Bu şeirdə ümid də, sevgi də, iman da var. Bu şeirdə təsvir olunan, əlbəttə ki, əsl kənd deyil, kəndin Pirsomaninin rəsmlərini xatırladan, “primitivizm” üslubunda, bir “uşaq” tərəfindən çəkilən idillik mənzərələridir. Amma əvvəla əsl poeziya zatən elə belə olur - uşaqcasına, iddiasız. İkincisi söz konusu bu deyil, odur ki, Aqşinin bədii məkanı şəhər deyil, kənd, janrı nəsr deyil, poeziyadır. O özünün bu poetik təyinatına sadiq qalsa, bəlkə də, çağdaş şeirin Yesenini ola bilərdi, indi isə sadəcə Aqşindir. Kəndinə qayıt, Aqşin!”

Amma Kulisdəki yazı heç də hamısı deyil. Əsəd bəy yazının davamı olaraq öz Facebook hesabında müəllifin həqiqətən də adamı diksindirən, iyrənc təhkiyəsindən sitat gətirir:

“Hamıdan üzr istəyib Aqşinin "hekayəsindən" bəzi cümlələri bura atıram. Görün, bu adama yazıçı ikimi yanaşmaq olar? Bunun özünə ədəbi degenetordan, bunun yazdığına mənəvi-tənəzzül göstəricisindən başqa nə demək olar? Bu nəinki yazıçı, normal ağıl, təfəkkür sahibinə yaraşan şeydir? Bu sitatları verdiyimə görə bir daha hamıdan üzr istəyirəm:
"Çünki bir youtuberin yanına salıb gətirdiyi və gecələr utanmadan Məhəmmədhəsənin ailəsi ilə birlikdə yatdıqları otaqda, guya, gizlincə altdan-altdan qayırdığı dalşalvar, genyaxa xanım bütün günü həyətdə eşşəyin üstündən düşüb altına girirdi ki, yazıq eşşəyin dal ayaqlarının arasına qısılmış tısbağasını qıdıqlayıb qınından çıxmağa sulandırsın və uzunluğunu ölçsün."
"Məhəmmədhəsən əsəbindən güldü: "Bacı, heç nə demirəm, pox olsun sən görən işin içinə!"
"Hətta eşşəyə qibtə edən olmasa da, Məhəmmədhəsənin paxıllığını çəkən var idi ki, bəxtəvər başına, eşşəyin də ən ağıllısı, dilli-dilavəri ona rast gəlib, yoxsa bizim eşşəklər, ağnayıb, anqırmaqdan başqa bir poxa dərman deyillər."
Məhəmmədhəsəndə şəhər həyatına siftədən nifrət vardı; bu nifrət onda əsgərliyə gedəndə şəhərdə bir gecə qaldığı qohumunun bina evində ayaqyolunu evin içində görüb, evin içinə sıçmağa utandığından sancı içində qıvrıla-qıvrıla səhərə qədər dözməyə qərar versə də, iradəsinin xəyanəti nəticəsində hamı yatandan sonra qəfildən gurultu ilə şalvarı doldurub gecə-səhərəcən hamamda düşdüyü poxdan çıxmağa çalışdığı gün yaranmışdı"

Elə biz də bu iyrəncliyi mənzərənin tam aydın olması səbəbindən dərc etdiyimizə görə oxucularımızdan üzr istəyirik. Bəli, ədəbiyyat söz sənətidir. Amma sözü tələffüz etmək üçün lal olmamaq şərtdir.