Azərbaycanın ilk ali təhsilli müəllimlərindən biri - Süleyman bəy Əbdürrəhmanbəyzadə Featured

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi - “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

Sizə Azərbaycanın ilk ali təhsilli müəllimlərindən biri haqqında söhbət açmaq istəyirəm. H.Zərdabi, S.S.Axundov, A.Şaiq, F.Ağazadə, R.Əfəndizadə, S.M.Qənizadə, Ə.Kamal, M.Mahmudbəyov, R.Əfəndiyev, Ə.Hüseynzadə və digər görkəmli şəxsiyyətlərlə çiyin-çiyinə çalışmış Süleyman bəy Əbdürrəhmanbəyzadəni nəzərdə tuturam. 

 

Bir müəllim kimi xalq arasında geniş nüfuz qazanmış, ölkəmizin tanınmış maarif xadimlərindən olan Süleyman bəy 27 iyul 1860-cı il tarixdə keçmiş Nuxa qəzasının Qarabaldır kəndində (indiki Oğuz rayonunun Qarabaldır kəndində) anadan olub. Nəsəbcə kəndli mülkədar-bəy sinfindən idi. Atası Səlim bəy Hacı Əbdürrəhman bəy oğlu, anası isə Fatma xanım Hacı Əbdürrəhim bəy qızı olub.    

Hörmətli alimimiz Ə.Tahirzadənin “İ.Qutqaşınlı: Əsərləri” (“Lider nəşriyyatı”, Bakı-2005) kitabına yazdığı qeydlərə və aydınlatmalara görə, S.Əbdürrəhmanbəyzadə tanınmış yazıcı İ.Qutqaşınlı ilə eyni nəsildəndir. Onun əmisinin nəvəsi olub.

Orta təhsilini Nuxada (Şəkidə) alıb. 1878-ci ildə Nuxa şəhər altısinifli ali xalq məktəbinə gedib və 1883-cü ildə oranı bitirib. Attestatdakı 10 fənnin 5-dən qiymətləri “5+”, 5-dən isə “5”olmuşdur.

1883-cü ilin 26 avqustunda Tiflis Aleksandr Müəllimlər İnstitutunun direktoruna ərizə yazaraq qəbul imtahanlarına buraxılmasını xahiş edib. Qeyd edək ki, ondan başqa, həmin il bu məktəbə sənəd vermiş heç bir orta məktəb məzununun qiymətləri yuxarıda göstərilən kimi yüksək olmamışdır.  O, imtahanlardan uğurla keçərək həmin İnstituta qəbul edilib. (Bu institut Bakı milyoncusu Ş.Əsədullayevin şəxsi vəsaiti hesabına fəaliyyət göstərirdi.)

Azərbaycanın görkəmli şəxslərindən Sultanməcid Qənizadə və Həbib bəy Mahmudbəyov Tiflis Aleksandr Müəllimlər İnstitutunda onun tələbə yoldaşları olublar.

Sonralar tanınmış maarif xadimi, müəllim, yazıçı, tərcüməçi, jurnalist, bir sıra lüğətlər, dərsliklər, bədii əsərlər, felyetonlar müəllifi olmuş S.Qənizadə onun haqqında belə yazmışdı: “Əbdürrəhmanbəyzadə Süleyman bəy … dərslərdə bizdən güclü idi... Bu yoldaş nəsəbcə kənd mülkədar-bəy sinfindən idi. Din və savad cəhətcə Nuxa sufiləri kimi fanatiklik dərəcəsində pəhrizkar bir vücud olduğundan, pansion mühitində mümkün olan qədəri şəriət şərtlərini mülahizə edirdi. İçkidən o payədə nifrətli idi ki, çaxır şişəsi olan süfrəyə əl uzatmazdı. Pasxa bayramlarında kuxnyamız üçün üç gün tətil olduğuna görə, süfrəmizdə kolbasa, qaxac və bu qisim qızartma, sovutmalı yeyintilər düzülürdü. Əbdürrəhmanbəyzadə bunlardan elə gen qaçardı ki, hətta boyalı yumurtalar donuz yağına bulaşdıqlarına ehtimal etdiyindən, onlardan da etiraz edərdi. Demək olurdu ki, məktəb pansionuna gəlib düşmüş bu adam həyat yolunda azıxıb öz zamanəsində yüz il sonra dünyaya gəlmişdi. Yemək-içmək, seyrü səfa…onu maraqlandırmazdı, əmin-amanlıq kölgəsində ciddi səylə öz dərsinə məşğul olduğundan, dərs kitablarından savayı özgə kitabları mütaliə etməzdi. Dörd ilin müddətində müxtəlif millətlərdən ibarət yüz nəfərlik pansion ailəsində …bir nəfər müxalif düşməni yox idi. Heç kəsin də onunla çəkişməsi olmazdı... Bu acizanə Allah bəndəsinin xəmrəsində şeytan sifətindən bilmərrə birisi də yox idi. Kin, küdurət, ədavət, söyüş, savaş Abdurraxmançikə də yaraşmazdı”.

S.Qənizadə onun haqqında bunları da bildirirdi: “Süleyman bəy uşaqlığını Ərəş uyezdinin “Qarabaldır” adlı xüsusi bir kəndində keçirdikdən sonra Nuxa şəhərində altıklaslı ali xalq məktəbində parlaq surətdə kurs qurtarıb instituta imtahan vermişdi. İnstitut ənənəsincə, hər il baş sırada qurtaran tələbələrə bir qızıl və iki gümüş medal ənam olunurdu. O ilki mürəxxəslər cümləsində qızıl medalın Abdurraxmançikə veriləcəyi gözlənirdi”.

Sonrakı qeydlərdən bəlli olur ki, “tatar” (türk) olduğuna görə Süleyman bəyə qızıl deyil, gümüş medal verilib. Ədəbiyyat müəlllimləri, şovinist vəbaşqa dinlərə, özəlliklə islama nifrət bəsləyən İvan Qorodenski ilə onun mübahisəsi düşüb və ona etirazını bildirib: “Bəli, biz də dinimizdən dönübxristian olsaydıq, yəqin ki, bizə də qızıl medalverirlərdi”.

Dörd il ali məktəbdə təhsil alan Əbdürrəhmanbəyzadəyə 14 iyun 1887-ci ildə Tiflis Aleksandr Müəllimlər İnstitutundan verilmiş attestatonun institutu bitirdiyini və şəhər məktəbi müəllimi rütbəsi aldığını təsdiqləyir.

Bu institut 50 ilə yaxın bir müddətdə vilayətlərin şəhər məktəbləri üçün müəllim kadrları hazırlayıb. O vaxt müsəlmanların şəhər məktəblərində müəllim işləməsi çar hökuməti tərəfindən qadağan edildiyindən ali təhsilini başa vuran Süleyman bəy də 1887-ci ildə Şuşa qəzasının Tuğ kəndinə müəllimtəyin edilib. 1888-ci ildən 1899-cu ilədək olan 11 ilmüddətində Xaçmaz (Oğuzda), Bum (Qəbələdə), Gülablı (Ağdamda) və Padar (Oğuzda) kəndməktəblərində müdir işləyib. 1899-cu ildə Nuxaşəhərinə birinci ictimai rus-türk məktəbinə müəllim keçirilib.

Ümumiyyətlə, 1901-ci ildən Bakı şəhərməktəbində ştatlı müəllim vəzifəsində işləməyə başlayanadək 6 məktəbdə çalışmışdır.

S.Əbdürrəhmanbəyzadə müəllim kimi xalq arasında geniş nüfuz qazanmışdı. Sonralar məşhur müəllim və uşaq yazıçısı olmuş Süleyman bəy Axundov (onlar şəxsən tanış olmuş, dərsliklərin hazırlanmasında birgə fəaliyyət göstərmişlər) özünü fərqləndirməkdən ötrü “Süleyman Sani” (“ikinci Süleyman”) adını götürmüş, beləliklə, Süleyman Əbdürrəhmanbəyzadədən sonra ikinci olduğunu nəzərə çarpdırmışdı.

O, bir sıra nüfuzlu komissiyaların üzvü olmuşdur. Belə ki, rus-müsəlman qadın əktəblərində müəllimə və müdir vəzifələrini tutmaqüçün ərizə verənlərin türk dilində müsabiqə imtahanını götürəcək şəhər idarəsinin seçdiyi özəl komissiyanın (Ə.b.Hüseynzadə və Əhməd Kamalbəylə), “Nicat” Müsəlman Maarif Cəmiyyəti qəzetinin redaksiya heyətinin və s. üzvü olmuşdur. 

Həyatı boyu özünün içtimai-siyasi aktivliyi ilə fərqlənmiş, xalqın maariflənməsi üçün sağlamlığını belə əsirgəməmişdir. A.Şaiq, S.S.Axundov, H.Zərdabi, F.Ağazadə, R.Əfəndizadə, S.M.Qənizadə, M.Mahmudbəyov, R.Əfəndiyev, Ə.Kamal,Ə.Hüseynzadə və digər maarifpərvər ziyalılarla əməkdaşlıq etmişdir. 1906-cı ildə Azərbaycan müəllimlərinin birinci qurultayı keçirilərkən burada ən çox fəallıq göstərən müəllimlərdən də biri S.Əbdürrəhmanbəyzadə olub. “Həyat” qəzetində həmin qurultay haqqında getmiş yazıda onun da fəaliyyəti işıqlandırılıb. O, Azərbaycan müəllimlərinin ikinci qurultayının işində də fəaliştirak etmişdir.   

S.Abdürrəhmanbəyzadənin məktəblər üçün dərsliklərin hazırlanmasında böyük əməyi olmuşdur. O, müəllimlərin  birinci (1906) və ikinci (1907) qurultaylarından sonra  Mahmud bəy Mahmudbəyov, Süleyman Sani Axundov, Abdulla bəy Əfəndiyev, Fərhad Ağazadə ilə birgə “İkinci il” dərsliyinin hazırlanmasına başlamışdı. Bir il sonra bu dərslik hazır idi. Dərslik həm pedaqoji, həm də didaktik-metodik cəhətdən yeni tələblərə cavab verirdi. Kitabın dilinin sadəliyi, aydınlığı, bədiiliyi, məzmununun dolğunluğu, metodik cəhətdən materialların seçimi, uşaqlara veriləcək biliklərin onların yaş və anlaqlıq səviyyələrinə uyğun olması, sadə xalq dilində yazılması, uşaqlarda bədii zövq tərbiyə etməsi, cəlbediciliyi onun əsas məziyyətləriidi. Təsadüfi deyildir ki, Süleyman Sani Axundov “İkinci il”i "inqilabvari dərslik" adlandırmışdır. Ü.Hacıbəyov isə "Tərəqqi" qəzetində çap etdirdiyi rəydə yazırdı: “İkinci il" tərbiyə işlərində uşaqlarınhəm qəlbini, həm ağlını və həm də zövqünü tərbiyə edəcək”. C.Məmmədquluzadə Ö.F.Nemanzadə və digərləri də dərsliyi yüksək qiymətləndirmişdilər. Həmin dərslik 1920-ci illərdə təkmilləşdirmələrlə yenidən nəşr olunaraq I pillə məktəblərdə istifadə olunmuşdur.

Süleyman bəy Əbdürrəhmanzadə 1922-ci ildə Mahmud bəy Mahmudbəyovun başçılığı ilə hazırlanmış “Yeni türk əlifbası” adlı başqa bir dərsliyin də həmmüəlliflərindən olmuşdur.

O, dönəmin ən məşhur pedaqoji nəşrlərindən biri “Dəbistan” dərgisi, “Rəhbər” jurnalı və “Nicat” qəzeti ilə fəal əməkdaşlıq etmişdir. Əbdürrəhmanbəyzadə 1906-cı ildən nəşrə başlayan və ilk pedaqoji jurnal olan “Dəbistan”ın sonuncu nömrəsində  "Dil millətin həyatına bir vasitədir" başlıqlı yazısında ana dilimizin qorunması və işləkliyi baxımından H.Zərdabinin gördüyü işlərdən söz açmışdır. “Nicat” qəzetinin 1911-ci il 12-ci sayında onun hekayəsini, 56-cı sayında isə Mirzə Fətəli Axundzadənin yubileyi haqqında yazısını oxuyuruq.

14 dekabr 1917-ci ildə Bakı III ali ibtidai məktəbinin müəllimi S.Əbdürrəhmanbəyzadə Bakı Şəhər İdarəsi məktəblər komissiyasının sədrinə yazdığı ərizədə bu ilin dekabrından onu xidmətdən çıxmış saymağı və Şəhər Duması qarşısında ona şəhər məktəbindəki 16 illik xidmətinə görə təqaüd təyin edilməsi haqqında vəsatət qaldırmağı xahiş edib və görünür, elə o zamandan da təqaüdə çıxıb.

Xalq Maarif Komissarlığı Məktəb Şöbəsinin müdir əvəzi Komissarlığın Kollegiyasına  məktub göndərərək keçmiş Xalq Müəllimi, 33 il qulluq etmiş, yaşlı və az qala kor olan Süleyman bəyə ayda 6.000 manat yardım göstərilməsini xahiş edib. Komissarlığın Kollegiyası 12 iyun 1920-ci ildəyardım göstərilməsini təxirə salaraq, istənilən məbləğin hansı maliyyə qaynağından götürülə biləcəyini aydınlaşdırmağı təklif edib. Xalq Maarif Komissarlığının 21 iyul 1920-ci il tarixli kollegiyaiclasında  33 il xidmət etmiş, indi iflic olmuş və hədsiz ağır maddi duruma düşmüş müəllim  Əbdürrəhmanbəyzadəyə  birdəfəlik 1.000.000 manat həcmində yardım verilməsi və ona özəl sosial təminat kəsilməsi haqqında məsələyə yenidən baxılmışdır. Kollegiya həmin məbləği ödəməyi qərara almış və Xalq Komissarları Şurası qarşısında ona müəllimlərin orta əməkhaqqı hesabı ilə aylıq sosial yardım göstərilməsi haqqında vəsatət qaldırmışdı.

S.Əbdürrəhmanbəyzadənin 1922-ci ildə Bakıda vəfat etdiyi güman olunur.

 

“Ədəbiyyat və incəsənət”

(20.09.2024)