QƏRBİ AZƏRBAYCAN ŞEİRLƏRİ – Eldar İsmayıl, “Yoxdu yox” Featured

“Ədəbiyyat və incəsənət” portalı QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsində sizlər üçün  yağı əlində olan o ellərimizlə bağlı şeirləri təqdim edir.

 

 

Eldar İSMAYIL

 

YOXDU, YOX...

 

İnanmıram şeytanların sözünə,

Bilinməyən o yaxşılıq ölübdü.

Yağlı dili saxla, qalsın özünə,

O kirvəlik, o qonşuluq ölübdü,

Məndən ötrü əhdi-peyman yoxdu, yox!

Bu diyarda Xətainin qılıncı,

Telli sazın şirin dili olubdu.

Dik qayalar igidlərin balıncı,

Bu torpaqda Göyçə gölü olubdu,

Məndən ötrü burda Sevan yoxdu, yox!

 

Torpağımız qıyma-qıyma doğranıb,

Sinəmizə yad gülləsi dəyibdi.

Bir oba var qədim Qazax yurdunda,

Babam ona Karvansara deyibdi,

Məndən ötrü, bil, İcevan yoxdu, yox!

 

Ələyəzin saçlarına düşüb dən,

Bu fəlakət tariximin inadı...

Dərələyəz silinərmi tarixdən?

İrəvandı İrəvanın ilk adı...

Məndən ötrü bir düşmən var-erməni,

Məndən ötrü özgə düşmən yoxdu, yox!

 

Məndən ötrü oğuz dilli min oba,

Göyçə adlı bir arzu var, dilək var.

Məndən ötrü Vedibasar, Ağbaba,

Dərəçiçək, Zəngibasar, Pəmbək var,

Məndən ötrü Ermənistan yoxdu, yox!

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2024)