Vətən müharibəsinin zərif qəhrəmanı Featured

Rate this item
(1 Vote)

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Anam bacım qız gəlin

Əli ayağı düz gəlin

Yeddi oğul istərəm

Bircə dənə qız gəlin 

 

Yeddi oğul istəyərdi dədə-babalar həmişə, bircə dənə qız. 

Atalar övlad çiynində getmək istəmişdi son mənzilə, övlad ananın qürur yeri olmaq istəmişdi həmişə.

Amma zaman daha hökmlüdür insana nisbətdə. Və o bəzən təsdiq etdi bu istəkləri, bəzən qarşı çıxdı onlara.

Gün gəldi, ata çiynində getmək istədiyi övladını özü öz əlləriylə aparmalı oldu son mənzilə. Və anasının qürur yeri olmaq istəyən övlad özü fəxr etdi anasıyla.

Bəli həyat belədir.. 

 

May ayının 4-ü 44 günlük vətən müharibəsinin qadın qəhrəmanı, şəhid Arəstə Baxışovanın doğum günüdür.

 

Arəstə Kərim qızı Baxışova 1989-cu il may ayının 4-də Xaçmaz rayonunun Qımılqışlaq kəndində anadan olub. Atası - baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin dörd yaşı olanda vəfat edib. 

Arəstə Baxışova 1995–2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 saylı tam orta məktəbdə təhsil alıb. 2004–2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində "İngilis dili" üzrə orta ixtisas təhsil alıb. 

2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Klinik Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində operator vəzifəsində xidmət edib.

Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərib. O, oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında torpağa tapşırılıb. 

Şəhidimizin Mərdan adında oğlu və Zəhra adında qız övladı var. 

Arəstə Baxışova ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda" medalı və Beynəlxalq Qırmızı Xaç Komitəsinin qərarına əsasən, ingiltərəli tibb bacısı Florens Naytingelin şərəfinə təsis edilən "Florens Naytingel" medalı ilə təltif edilib. 

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(02.05.2024)