Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Moldova arasında tərəfdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr aparılıb

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Moldova Respublikasının Azərbaycandakı səfiri Aleksandr Esaulenko ilə görüşüb.

 

Fonddan verilən məlumata görə, görüşdə türk xalqlarının çoxəsrlik dəyərlərinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində fəaliyyət göstərən təşkilatın xarici dövlətlərlə əlaqələrin qurulmasına mühüm önəm verməsindən söz açılıb. 

Təşkilat tərəfindən Türk və digər dünya xalqları arasında mədəni mübadilələrin intensivləşdirilməsi məqsədilə həyata keçirilmiş layihələrə diqqət çəkilib. Fondun əsas prioritetləri sırasında müxtəlif ölkələrdə məskunlaşmış türk etnik kökənli xalqların irsinin mühafizəsi qeyd olunub. Eyni zamanda təşkilatın Moldova Respublikası ərazisindəki Qaqauziya Muxtar Bölgəsində yaşayan türk mənşəli qaqauz xalqının mədəni-mənəvi dəyərlərinin yaşadılması yönündə əməkdaşlığa hər zaman açıq olduğu vurğulanıb.

Görüşdə Fond ilə Moldova Respublikası arasında tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi istiqamətində gələcək birgə əməkdaşlığa dair müzakirələr aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2023)