Azərbaycanın Xalq Artisti Farrux Zakirov! - “YALLA” XATİRİNİZDƏDİRMİ? Featured

Malik Məmmədov, “Ədəbiyyat və incəsənət”

 

Biz uşaq olanda türkdilli xalqlar birliyi-filan, belə söhbətlər yox idi. Onda özbəklərlə qardaşlıq SSRİ səbəbindən idi, 15 “qardaş” (qardaşı ona görə dırnaq arasında yazıram ki, 15 xalqdan biri də ermənilər idi) xalq bir bayraq altında yaşayırdı. 

 

Onda ən güclü mədəniyyət xadimləri ümumSSRİ səviyyəsində tanınanlar hesab olunurdu. Rusların Alla Puqaçovası, “Samosvetı” qrupu, ukraynalıların Sofiya Rotarusu, belarusların “Pesnyarı” qrupu, gürcülərin Vaxtanq Kikabidzesi, latışların Raymond Paulsu, estonların Valdis Pelşesi… 

Bu sırada Azərbaycanın “Qaya” qrupu və Zeynab Xanlarovası, özbəklərinsə “Yalla” qrupu şərəfli yer tuturdu. “Yalla”nın bədii rəhbəri və solisti Farrux Zakirov o qədər sevilirdi, “Üç kuduk” mahnısını onunla bərabər hər bir millətin nümayəndəsi oxuyardı. 

İllər ötüb, Azərbaycanla Özbəkistan bu gün türk xalqları qardaşlığı birliyində qoşadırlar. Farrux Zakirov isə hələ də səhnədədir. 

Və onun Azərbaycan Prezidenti tərəfindən Azərbaycanın Xalq artisti adını almasına hədsiz sevindim. 

Yaşasın dostluğumuz! 

 

F.K.Zakirova “Xalq artisti” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                             

Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Farrux Kərimoviç Zakirova “Xalq artisti” fəxri adı verilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyul 2024-cü il

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2024)