Sultan Raevin “Dəlixana”sının pasiyentləri –VARİS YAZIR Featured

“Ədəbiyyat və incəsənət” portalı yazıçı Varisin Qırğızıstanın Xalq yazıçısı Sultan Raevin ölkəmizdə nəşr edilən “Dəlixana” romanı barədə qeydlərini diqqətinizə çatdırır.

 

Son illərdə romançılıq öz əzəli funksiyalarına xeyli korrektə edir. Adı roman olan bu nəsnədə istər-istəməz metaforalar, allyuziyalar, paralellər, iqtibaslar və ən əsas da informasiya və sənədlilik - bütün bu müxtəlif formatlar axtarışı oxucunu o qədər alüdə edir ki, bunlarsız mütaliə onunçün boş vaxt itkisi hesab olunur. Buna görə də nəsr selinə düşən yazıçı onunla yanaşı həyata keçirə bilmədiyi, içində qaldığı ümidlərinin, düşüncələrinin axdığını müşahidə edir. Bəlkə də, selə təslim olur, “Əcəb əyyam idi əyyəmi sələf, gərək o günlərdə olaydıq tələf” deyərək, “kaş ki, internetsiz, mobil telefonsuz, bol sərbəst vaxta malik oxucuları olan o keçmiş əyyamlarda yaşayıb yaradaydım” düşüncəsinə güc verir.

Amma çağdaş populyar nəsri yaradanlar bu yükün altına lazımi qaydada girməyi, hər halda, bacarırlar.

Bu yükü daşıyanlardan biri də qırğız nəsrinin və dramaturgiyasının görkəmli nümayəndəsi, Qırğızıstanın Xalq yazıçısı Sultan Raevdir.

Qırğız nəsri məhz dünyaşöhrətli Çingiz Aytmatovun səyləri ilə romanın belə bir metaforikasını  yaratdı. Və məhz öz intertekstual roman diskursu ilə zamanı xeyli qabaqlayan bu dahi yazıçı özündən sonra bir neçə varis qoya bildi, Sultan Raev də belə varislərdən biridir, onun ən əhəmiyyətli kitabları "Cəza","Daşqın"… qırğız  nəsrinin mayakları hesab edilir.

Böyük “Manas” eposunun minillik ənənəsi ilə formalaşmış epik təfəkkürə əsaslanan, Aytmatovun “Kötüy”ü ilə yeni bir zirvə fəth edən Qırğız nəsri, qədim mədəniyyətin demək olar ki, bir əsrlik intensiv inkişafı üçün bütün münbit şəraiti özündə ehtiva etməkdədir, Sultan Raevin “Janjaza”sı (romanın orijinalda adı belə səslənir) da bu mərkəzləşdirmənin haradasa lap ortalarında qərarlaşıb. O, tam olaraq qırğız folklorunda pərçimlənib, “Manas”ın dilinə və ruhuna köklənib. Romanın tempo-ritmi sanki köçəri qırğız-qazax xalqlarının uzun məsafələrə at yarışmaları - alaman-bayqe ritmidir.

“Dəlixana” romanının qəhrəmanlarının əhvalatı əlbəttə ki, alleqorikdir, amma burada real hadisələrin elə bir skaynı var ki, o hadisələr ölkəni tərpədən qlobal hadisələrdir həm də. Şəxsən mənimlə söhbətində Sultan Raev Kleopatra obrazının günümüzdə yaşayan prototipinin əsl tarixçəsini danışıbdır və mən bu dəhşətli həqiqətin önündə donub qalmışam.

Romanda həbsxana rejimli dəlixanadan qaçan yeddi psixiki xəstə (əslində cəmiyyətin zorən xəstə etdiyi, zorən xəstəlik diaqnozu qoyduğu zavallılar) ölüm və olum savaşına çıxırlar. Yeddi nəfəri birləşdirən əsas məqsəd Müqəddəs Torpaqlara gedib Tanrıya tövbə etmək, əfv diləmək və günahlardan təmizlənməkdir.

Romanın digər qəhrəmanları isə real və mifik ilanlardır ki, hadisələrin gedişatı boyunca daim yeddiləri inadla müşayiət edir, onlardan qisaslarını almağa çalışırlar.

Yeddilərin çətinliklərə sinə gərərək dəhşətli istidə, ac və susuz məqsədə doğru irəliləməsi fonunda hər birinin real həyat tarixçəsi verilir. Taleyin ironiyası ilə 3-cü minillikdə yaşasalar da pasiyenti olduqları dəlixanada Böyük İskəndər, Çingizxan, Kleopatra, Kral Lir, Tais Afinskaya kimi tarixi qəhərmanların adları ilə adlandırılan bu insanların hər birinin də real tarixçəsi ilə adlarını aldıqları məşhur tarixi şəxsiyyətlərin həyat hekayələri arasında paralelliklər aparılır. Romanın əsas qayəsi də bax budur: biriləri yaşayıb, günahlar tərədib ölüb gedirlər, amma onların ruhları müxtəlif cildlərdə, hətta tək insanlarda deyil, digər canlıların da vücudunda yaşamaqda davam edir, həmin törədilən günahların cəzasını çəkir, bədəlini ödəyirlər.

Bəli, dəlixanadan qaçanlar ucsuz-bucaqsız səhra boyunca irəlilədikcə zaman və şəraitin tam girovuna çevrilirlər. Tezliklə onlar insanlıq cildini itirib vəhşi və amansız kütləyə dönürlər, bir-birilərini “urqula” qışqırtısı ilə öldürürlər, bir yandan da ilanlar onların axırına çıxır, gecə isə meyitləri gəmiricilər didişdirib parçalayır.

Və yeddilərdən cəmi ikisi – içlərində saf və səmimiyyət daşıyanlar, günah bataqlığına düşməyənlər bu cəhənnəmdən qurtula bilirlər.

Məşhur qazax yazarı, dahi Muxtar Auezovun oğlu Murat Auezovun verdiyi tərifin təbirincə desək, roman çoxşaxəlidir, polifonikdir və onun ən əsas məziyyəti insanlara insanlıqlarını qoruyub saxlamağın nə dərəcədə vacib olması mesajının ötürülməsidir.

Və mənimsə əlavəm budur: Roman Böyük Yaradanın insana verdiyi ən qiymətli nemətin qəlb olduğunu anlatmağa xidmət edir, qəlb korşalanda ikiayaqlı insanın dördayaqlı heyvana çevrilməsi prosesi baş verir.

 

SULTAN RAEV BARƏDƏ

Çağdaş qırğız nəsrinin görkəmli nümayəndələrindən biri olan Sultan Raev 1958-ci ilin 13 iyulunda Oş vilayətinin Jooş kəndində dünyaya gəlib. Qırğızıstan Milli Universitetinin Jurnalistika fakültəsini bitirən və əmək fəaliyyətinə qəzetçiliklə başlayan ədib gənc yaşlarından ədəbiyyata meyl edib və nəticədə, ortaya biri-birindən gözəl romanlar qoyub.

Çingiz Aytmatov kimi dahi bir yazıçı özündən sonra bir neçə varis qoymuşdur ki, onlardan biri də Sultan Raevdir. Onun ən əhəmiyyətli kitabları "Daşqın" və “Dəlixana” çağdaş qırğız nəsrinin mayakları hesab edilir.

Sultan Raev 2011-ci ildən Qırğızıstanın Xalq yazıçısı fəxri adını daşıyır. Müxtəlif illərdə  Qırğızıstanın Toxtoqul adına Dövlət Mükafatına, müxtəlif beynəlxalq mükafatlara layiq görülüb. Onun romanları ingilis, rus, türk, çin, macar və digər dillərə tərcümə edilərək böyük oxucu auditoriyası qazana bilib.

Sultan Raev həm də tanınmış dramaturqdur, onun pyesləri London, Moskva, Astana, Mülenhaym, Tehran teatrlarının səhnələrində qoyulub.

“Dəlixana” romanı tarixin heç də izsiz ötüşməməsi, bütün bugün baş verənlərin min illər əvvəlin sonucu olması və min illər sonraların da əvvəli olması qanunauyğunluğunu özlüyündə ehtiva edir.

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2024)