Bu gün Cenevrədə “Türk həftəsi”nə start veriləcək Featured

Rate this item
(0 votes)

Bu gün Mərkəzi Avropada türk rüzgarı əsməyə başlayacaq. Türk dövlətlərinin ortaq mirası, əməkdaşlığı və sənət xəzinəsinin tanıdılması məqsədilə İsveçrənin Cenevrə şəhərində “Türk həftəsi”nə start veriləcək. 

 

“Ədəbiyyat və incəsənət” portalı Türk Dövlətləri Təşkilatına (TDT) istinadən xəbər verir ki, aprelin 25-nə qədər davam edəvək və təntənəli tədbirlərlə qeyd ediləcək həftə Türk Dövlətləri Təşkilatı (TDT) ilə Türk dünyasının digər qurumlarının birgə təşkilatçılığı çərçivəsində baş tutacaq.

TDT, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası və Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq tədbirlərə BMT-nin Cenevrə Bürosu, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Cenevrə Musiqi Konservatoriyası ev sahibliyi edəcək.

“Türk həftəsi” çərçivəsində Türk dünyasının zəngin mədəni irsinin təbliğ ediləcəyi tədbirlər bu gün Türk Dünyası Sərgisinin təntənəli açılışı və “Davamlı inkişaf məqsədlərinə nail olmaqda yüksələn aktor kimi TDT” adlı konfransla başlayacaq. Konfransda iştirakçılar qlobal çağırışların həlli və davamlı inkişafı təşviq etmək üçün türk əməkdaşlığından istifadə etməklə bağlı ətraflı müzakirələr aparacaqlar.

Sabah - aprelin 23-də Türkdilli dövlətlərin əməkdaşlıq təşkilatlarının birgə səylərinin müzakirə ediləcəyi “Türk Əməkdaşlıq Təşkilatları: Ortaq İrs, Birgə Tərəqqi” mövzusunda konfrans təşkil olunacaq. 

Eyni gündə keçiriləcək konsert proqramı ilə TÜRKSOY sənətçiləri Türk dünyası musiqilərini sənətsevərlərə təqdim edəcəklər.

Aprelin 25-də məşhur qazax bəstəkarı və pianoçu Rakhat-Bi Abdyssaginin ifasında Türk xalqlarının musiqiləri təqdim olunacaq.

Proqram digər maraqlı tədbirlərlə də zəngindir.

 

“Ədəbiyyat və incəsənət”

(22.04.2024)