TÜRKDİLLİ XALQLARI TANIYAQ LAYİHƏSİ - Yakut ədəbiyyatı Featured

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

 

Əbədi buzlaqlar diyarında yaşayan, türk xalqları sırasında yer almış yakut (saxa) xalqı Rusiya Federasiyasının tərkibindədir. 

Saxa şifahi xalq ədəbiyyatı dünyanın ən qədim və zəngin ədəbiyyatlarından biridir. 

 

1851-ci ildə Yakut, başqa adla desək, Saxa Qrammatikasını hazırlayanlar Rus Kiril əlifbasından istifadə edib. Semen A. Novqorodov tərəfindən hazırlanan yeni əlifba 1922-ci ildə qəbul edilib. 1929-ci ildə Latın əlifbası qəbul edilsə də 1938-ci ildə Stalinin əmri ilə təkrarən Kiril əlifbasına keçilib. 

Saxa folkloru 19-cu әsrin ilkin illәrindәn başlayaraq Slavyan, Avropalı və Rus alimlər tərəfindən araşdırılıb. O. Betlingk, A. Xudyakov Saxa folklorunu araşdıran ilkin şəxslərdir. 1894-96-cı illər arasında Rus Coğrafiya Cəmiyyəti Şərqi Sibir Şöbəsi tərəfindən bir araşdırma qrupu yaradılıb. Pekarskiy, Yastrenskiy, Lonov, Vitaşevskiy, Levental, Maynov kimi şəxslər uzun illər bölgədə yaşayıblar va topladıqları şifahi xalq ədəbiyyatı nümunələrini çap etdirərək adlarını Türkologiya elminə yazdırıblar. Ə.K.Pekarski "Yakut Dilinin Lüğәti", "Yakutların Xalq Ədәbiyyatı Nümunәlәri" adlı əsərləri yaradıb. Polşalı yazıçı Seroşevskiy, yazıçı Korolenko, Bolşevik siyasətçi Yaroslavskiy kimi ziyalılar Saxa folkloru ilə maraqlanıblar ancaq bu sahədəki daha səmərəli fəaliyyətlər Sovetlər Birliyinin yaranmasından sonra gerçəkləşdirilib. 1920-30-cu illər arasında Kulakovski, Ksenofontov, Novqorodov, Nosov, Popov, Bolo kimi araşdırmaçıların hazırladığı folklor və etnoqrafiya ilə bağlı əsərlər işıq üzü görüb. 1935-ci ildən sonra bu sahədə elmi fəaliyyətlər yeridilib. İkinci Dünya Müharibəsindən sonra isə bu sahədəki fəaliyyətlər daha da artıb. Yakut Folkloru, Yakutların Nağılları vә Tarixi Mirasları, Yakut Nağılları, Yakut Deyimlәri vә Atasözlәri Toplusu, Yakut Qәhrәmanlıq Dastanı Olonxo kimi əsərlər çapdan buraxılıb. 

Bütün bu əsərlər Saxaların zəngin bir mifoloji irsə malik olduğunu sübut edib. Saxa türklərinin mifologiyasına görə bütün varlıqlar üç dünyada yuxarı dünya, orta dünya, yeraltı dünyasında yaşayırlar. Yuxarı dünyada yaxşı tanrılar (iyələr) yaşayır və onlar dünyadakı insanları qoruyurlar. Saxalar bunlara ayu deyir. Orta dünya isə bir şara oxşayır orda dağlar, çaylar vardır. Bu dünyada saxalar, tunquslar və digər xalqlar yaşayır. Orta dünyanın altında isə yeraltı dünya vardır ki, ora kədərli bir ölkədir. Günəşinin, ayının, ulduzunun işıqları çox zəifdir. Olonxolar saxa türklərinin ən qədim mədəniyyəti olmaqla yanaşı yeni və bədii ədəbiyyatın yaradılmasında özül vəzifəsini yeridib. Buna örnək olaraq ilk Saxa operası olan "Yenilməz Nyurqun Bootur" eyni adlı olonxonun əsasında yaradılıb. Olonxolar eyni zamanda Saxaların tarixidir və bunlar iki min misradan iyirmi min misraya qədər ola bilir. Ən önəmli olonxolar isə Ər Soğotox, Ürün Uolan, Nurqun Bootur, Kulun Kulustuur, Baximni Baatır, Ərbextey Bergen, Mülcü Böğö, Sün Caaxındır.  

Saxa yazılı әdәbiyyatı 19-cu əsrdə Saxa əlifbasının yaradılması və folklor örnəklərinin bu əlifba ila çapıyla başlayıb. Ancaq əsas məhsullarını 20-ci əsrin başlarında Yakut Bölgəsi, Yakut Həyatı, Yakutun Səsi, Yakut 

Fikri adlı qəzetlə və dərgilərin təsisi ilə verib. Saxa ədəbiyyat tarixçiləri öz ədəbiyyatlarını 7 dövrə ayırıb. 

1-Saxa әdәbiyyatının qaynaqları (folklor). 

2-Saxa yazılı әdәbiyyatının yaranması 

3-1920-ci illәrdә Saxa әdәbiyyatı 

4-1930-cu illәrdә Saxa әdәbiyyatı 

5-II-ci Dünya Müharibәsi dövrü Saxa әdәbiyyatı. 

6-Müharibәdәn sonrakı әdәbiyyat dövrü. 

7-Çağdaş Saxa әdәbiyyatı dövrü  

Saxalar xalq ədəbiyyatı növlərinə bu adları qoyublar: bilirqı seben (əfsanə), kepseen 

(hekayə), üge ostuoruya (nağıl), alqıs (ilahi), tria (mahnı), xoboon (qoşuq, qoşma), kirustar (qarğış), bilgeler (inamlar), ös xoonnoro (atalar sözləri), taabırınnar (tapmacalar).

 

“Ədəbiyyat və incəsənət”

(14.09.2023)