Heydər Əliyev: “Nəsibə həm sizin, həm bizim qızımızdır…” Featured

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 100 İLLİYİ MÜNASİBƏTİLƏ ÖZBƏKİSTANIN VƏ AZƏRBAYCANIN XALQ ARTİSTİ NƏSİBƏ ABDULLAYEVANIN PORTALIMIZA AÇIQLAMASI

 

Bu gün 100 illik yubileyi qeyd olunan ümummilli lider Heydər Əliyevi dünyanın hər yerində yaşayan  türklər də böyük iftixarla yad edirlər. Özbəkistanın və Azərbaycanın xalq artisti Nəsibə Abdullayeva əməkdaşımız Aida Eyvazlı ilə söhbətində Heydər Əliyevlə bağlı çox maraqlı xatirələrini paylaşıb.

O deyib: “Özbəkistanda keçirilən türkdilli dövlətlərin prezidentlərinin görüşlərinin birində qonaqların şərəfinə verilən konsertdə  mən də çıxış edirdim. Həmin konsertdə özbək və Azərbaycan mahnılarını ifa etdim. Qonaqların şərəfinə verilən konsertdən sonra Türkdilli ölkələrin prezidentləri bizimlə ayrıca görüşdülər. Və hətta məni prezidentlərin oturduğu otağa dəvət etdilər. Prezidentlərdən biri rəhmətlik İslam Kərimova dedi ki, Nəsibə xanımı göndərin, bizim də ölkəmizdə konsert proqramı versin. Özbəkistan prezidenti İslam Kərimov isə ata mehri ilə mənim çiynimdən tutatraq belə cavab verdi: “Nəsibə xanım banderol deyil ki, onu göndərim, dəvət edərsiniz, baxarıq...”.

Daha sonra rəhmətlik Heydər Əliyev mənimlə Azərbaycan dilində danışmğa başladı.  Prezident İslam Kərimov yenə də zarafatla dedi: “Həəə... öz dilinizdə danışın, ancaq Nəsibə bizim qızımızdır”. Heydər Əliyev cənabları isə cavabında dedi ki, o həm sizin, həm də bizim qızımızıdır. Həm özbək, həm də Azərbaycan millətinin sevimli qızıdır. Bu görüşdə o mənim Bakıdakı qohumlarımla, ailə vəziyyətimlə maraqlandı, mahnılarımı sevdiyini söylədi.

Onun üzündə xoş bir səmimilik, böyüklük hiss etdim. Elə bil ki, hər zaman yanımda görmüşdüm. O qədər mehriban və xoşrəftarla söhbət etdi ki, həmin gündən Heydər Əliyev mənim yaddaşıma dünyanın ən gözəl insanı kimi yazıldı.

Daşkənddə keçirilən görüşlərin ikinci günü isə Azərbaycan səfirliyində olduq. Heydər Əliyev adəti üzrə burada yaşayan diaspora üzvləri ilə də görüşürdü.  Bu görüşdə Azərbaycanın xalq artısti rəhmətlik Firəngiz Əhmədova və onun həyat yoldaşı, hazırda Özbəkistanın Opera və Balet Teatrının baş rejissoru işləyən Özbəkistanın xalq artisti Firudin Səfərov da iştirak edirdi. Onlar Heydər Əliyevə dedilər ki, biz istəyərdik ki,  bundan sonra gəlib Azərbaycanda yaşayaq. Bu xahişin cavabında Heydər Əliyev gülə-gülə : “Sizin hər biriniz  bizim sevimlimizsiniz, biz də sizləri çox sevirik. Azərbaycanda azərbaycanlı çoxdur, mən istəyirəm ki, dünyada azərbaycanlı çox olsun! Ona görə də qardaş ölkədə işləyin ki, bizi daha yaxşı tanısınlar!”.

O gün bu gün mən onun bu müdrik sözlərini unutmadım.  Bu böyük insan mənim xatirəmdə fırtına kimi, böyük bir ürək sahibi kimi, çox dərin daxili mədəniyyət sahibi kimi, böyük bir ziyalı kimi qalıb. Allah ona rəhmət eləsin, məkanı cənnət olsun, ruhu şad olsun.

 

“Ədəbiyyat və incəsənət”

(10.05.2023)