Elton Con son 60 ildə daimi olaraq Britaniya musiqi çartlarının Top 10-na düşən ilk musiqiçi oldu

Beləliklə, o, Elvis Presli, Şer, Kliff Riçard, Maykl Cekson və Devid Boui kimi musiqiçilərin nailiyyətlərini kölgədə qoydu
Britaniyalı dahi musiqiçi, Bakıda çıxışları ilə canlı gördüyümüz Elton Con (əsl ad-soyadı Recinald Kennet Duayt) öz kompozisiyaları ilə altı onillik ərzində Britaniya musiqi çartlarının Top-10-na daxil olmuş ilk musiqiçi olmuşdur. Bu barədə Britaniya musiqi hit-paradlarının tərtibinə və nəşrinə görə məsuliyyət daşıyan Britaniyanın rəsmi Charts Company şirkəti çərşənbə günü məlumat verib.
74 yaşlı bəstəkar və ifaçıya rekord təyin etməyə kosovolu müğənni Dua Lipa ilə birgə yazılmış Cold Heart (Pnau Remix) kompozisiyası kömək edib. 13 avqust tarixində satışa buraxılan trek hal-hazırda Britaniya hit paradında ikinci sırada yer alır və hazırkı liderin - Ed Şiranın Şivers mahnısının yerinə keçərək siyahıda liderliyə yiyələnmək üçün bütün şanslara malikdir. Beləliklə, Elton Con Elvis Presli, Şer, Kliff Riçard, Maykl Cekson və Devid Boui kimi musiqiçilərin uğurlarını üstələməyi bacarıb.
Ümumilikdə isə Elton Conun 33 dəfə kompozisiyaları onun vətənində Top-10 hit-paradlarına düşüb. İlk dəfə bu, 1971-ci ildə Your Song mahnısı ilə baş verib. Onda yeddinci, 30 ildən sonra, 2002-ci ildə isə Elton Con dördüncü yeri tutub. 1970-ci illər Elton Conun karyerasında onun əsərlərinin musiqi çartlarında tutduğu mövqelərə görə ən uğurlu illər olmuşdur. Musiqi reytinqlərində birinci sətrə Elton Con yeddi dəfə ucalmışdır. Onun karyerasının şah əsəri isə 1997-ci ildə Parisdə şahzadə Diananın avtomobil qəzasında faciəli ölümdən sonra yazdığı sinql olmuşdur. Something About The Way You Look Tonight adlı bu sinql Britaniya musiqi sənayesinin tarixində ən çox satılan sinql hesab edilir. 4,94 milyon nüsxə tirajla disk satışı tarixdə bir də təkrarlanmamışdır.