Daxili işıq, snoubord və Milli Turp Günü Featured

 

Bu günə təsadüf edən əsas tarixi hadisələri diqqətinizə çatdırırıq:

 

23 dekabr.

Ümumdünya snoubord günü

Snoubord nədir? Dağlardan qarın üzəri ilə üzüaşağı sürüşmək üçün lövhədir, kirşənin müasir formasıdır. Harda qar yağırsa orda snoubord günü qeyd edilir. Bu gün rəsmi olaraq qış idmanının açılış günü də sayılır. Böyük yarışlar, müsabiqələr, əyləncəli nümayişlər baş tutur. EuroSİMA adlı “lövhə idmanları” üçün ekipirovka istehsal edən şirkət bu günün təqvimə salınmasına nail olduqdan sonra hər ilin 23 dekabrında milyonlarla gəlir əldə edir.

Yeri gəlmişkən, bizim Şahdağ kompleksində də hərdən snoubordçular peyda olurlar, bu təmrini təbliğ edirlər.

 

 

Daxili işıq günü

Nə olar, bu günü biz də keçirək. Günəş işığı var, Ay işığı var, elektrik işığı, lampa işığı, şam işığı var. Bunlar hamısı gözlə görünən, qaranlıqda səni aydınlığa çıxaran işıqlardır. Biri də var daxili işıq, işıqların ən vaciblərindən biri, yalnız insan oğlu insana xas olan bir keyfiyyət. Bu gün pozitiv, mənəvi insan üstünlükləri olan şüurluluq, təəssübkeşlik, ümidləndirmə, insanlıq təbliğ edilir, hamını daxili işığını yandırmağa səsləyirlər.

 

Köklər günü

Hər bir bitki öz kökü üstündə qərarlaşan kimi hər bir insanın da öz nəsil kökü var, bax bu gün insanlardan həmin köklərini xatırlamaq təvəqqe olunur. Bizdən babamızın babasının kim olduğunu soruşsalar, əksəriyyətimiz gözünü döyəcək. Amma insanlar ən azı yeddi dönəmdən nəsil şəcərələrini bilməli, nəsillərindəki adlı-sanlılarla öyünməli, qürur duymalı, onların ad günlərində, vəfat etdikləri günlərdə ruhlarına dua oxutmalı, şam yandırmalıdırlar. Yeri gəlmişkən, Azərbaycanda nəsil şəcərə bilgilərini nəsildən nəsilə ötürmək ənənəsi ən yaxşı naxçıvanlılarda qalıbdır, buna görə də onlara bir alqış düşür.

Bu gün yaponlarda təntənəli bayramdır, Yaponiya imperatorunun doğum günüdür, 1948-ci ildə yapon imperatoru Tenno Tandzebinin doğum günü milli bayram kimi təqvimə düşüb. Deyəsən Meksika da qonşusu ABŞ-ın təsirinə düşüb, bu gün Milli turp gününü qeyd edəcəklər. Amerikalılar özləri isə bu gün Milli sobada bir şey bişirmək günündə yeyib-içəcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2022)