Bir il öncə Nizami Gəncəvi Vəqfi yaradıldı

 

Nizami Gəncəvi Vəqfinin yaradılmasından bir il ötür. 

Vəqfin əsas məqsədi dünya mədəniyyətinin görkəmli nümayəndəsi Nizami Gəncəvinin tərənnüm etdiyi universal dəyərləri, o cümlədən ölkəmizin tolerantlıq, qarşılıqlı anlaşma və mədəniyyətlərarası dialoq ənənələrini təbliğ etmək, dahi şairin vəfatından sonra Gəncə-Qarabağ bölgəsində fəaliyyət göstərmiş “Şeyx Nizami Vəqfi”nin mənəvi varisi olaraq bu irsi yaşatmaqdır. 

 

“Xəmsə” məsnəvilər toplusunun müxtəlif dillərə tərcümə olunmasına çalışan Nizami Gəncəvi Vəqfi 2022-ci ildə Atatürk Universitetinin professoru Nimet Yıldırım tərəfindən şairin “İsgəndərnamə” məsnəvisinin tam mətninin ilk dəfə olaraq fars dilindən türk dilinə tərcüməsinə dəstək göstərib. “Genceli Nizami. İskendername. Şerefname-İkbalname. Hazırlayan ve çeviren: prof. dr. Nimet Yıldırım” adlı kitab Türkiyədə “Dergah” Yayınları tərəfindən çap olunub. Əsər türk oxucularının böyük rəğbətini qazanıb. 

Nizami Gəncəvi Vəqfi gənclərin dünyagörüşünün formalaşmasına, sosial məsuliyyət hissinin və komanda daxili əməkdaşlıq vərdişlərinin aşılanmasına xüsusi önəm verərək “Kəşf et, ünsiyyət qur, inkişaf et!” şüarı ilə xüsusi “Gənclər konsepsiyası” da hazırlayıb.

Vəqfin eyni zamanda Beynəlxalq Ekspertlər Şəbəkəsi (BEŞ) də yaradılıb. BEŞ adlandırılan bu elmi platformaya nüfuzlu elm adamları, ekspert və mütəxəssislərin üzvlüyə qəbulu prosesi davam etməkdədir. 

Beynəlxalq əməkdaşlığa xüsusi önəm verən Nizami Gəncəvi Vəqfi bu il türk dünyasının mədəniyyət paytaxtı elan olunmuş Türkiyənin Bursa şəhərində “Uluslararası Kozadan Kumaşa İpek Festivalı” adlı beynəlxalq tədbirdə ilk dəfə Azərbaycan ipəyini təqdim etmək məqsədilə Bakı Yunus Əmrə İnstitutunun dəstəyi və “Azəripək” MMC-nin tərəfdaşlığı ilə “Kəlağayı: Şəkidən Bursaya doğru uzanan ipək tellər” adlı milli stendi təşkil edib.

Nizami Gəncəvi Vəqfi növbəti il ərzində də bir sıra nüfuzlu beynəlxalq təşkilat və analoji beyin mərkəzləri ilə ortaq layihələrin keçirilməsini hədəfləyir. 

Xatırladaq ki, Nizami Gəncəvi Vəqfi “Nizami Gəncəvi İli” çərçivəsində Bakıda Nizami Gəncəvi Beynəlxalq Forumunun iştirakçıları tərəfindən 2021-ci il dekabrın 30-da təsis edilib.

 

“Ədəbiyyat və incəsənət”

(17.12.2022)