Kirpi günü, Mikoyanın atla gedişi və 8000 dollara qəzet Featured

2-3 fevralın təqvimi Varisin təqdimatında

 

Ümumdünya su-bataqlıq hövzələri günü

Bu günü təqvimə salmaqda məqsəd müxtəlif ölkələrin ictimaiyyətinin və hokumətlərinin diqqətini su-bataqlıq hövzələrinin qiymətli sərvətinin qorunmasına cəlb etməklə planetin dayanaqlı inkişafına dəstək verməkdir. Ümumdünya su-bataqlıq hövzələri barədə Konvensiya 1971-ci ildə İranın Ramsar əyalətində imzalanmışdır, o vaxtdan ona Ramsar Konvensiyası adı qoyulub. Hazırda bura 144 ölkə qoşulub, Konvensiya hüdudlarına daxil olan su-bataqlıq hövzələrinin ərazisi isə 122 milyon hektara bərabərdir. 

Bu hövzələrdə tarix boyu brokonyerlər quş, heyvan və balıq ovlayırlar. “Qaşqaldaq ovu” adı altında Azərbaycanda xüsusən quşlara qarşı kütləvi məhvetmə kampaniyası geniş vüsət alıb. Odur ki, hamı birləşib ekoloji tarazlıq üçün əhəmiyyətli rol oynayan su-bataqlıq hövzələrinin qorunmasına çalışmalıdır.

 

Azərbaycanda Gənclər günü

Bu gün Azərbaycanda gənclər günüdür. Belə bir gün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. 

Bu, Azərbaycanda gəncilyə göstərilən diqqət və qayğının bir nümunəsi sayıla bilər. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda qeyd olunub. 1998-ci ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də belə bir gün qeyd olunmağa başlandı. Dünyada 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilmişdir.

Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər. Bu il Gənclər və İdman Nazirliyi Gənclər günü münasibəti ilə Gənclər həftəsi elan etmişdir, ən böyük forumlarda, toplantılarda gənclər bir araya gəlirlər, fəal gənclərin əməyi qiymətləndirilir.

Bu sahədə əhəmiyyətli işlər görən qurumlardan Sabunçu və Sumqayıt Gənclər Evlərini ayrıca qeyd edə bilərik.

Bayramınız mübarək, əziz gənclər!

 

Ümumdünya Havay gitarası günü

Jumping Flea – dizüstü slayd-gitara 1880-ci ildə Portuqaliyada kəşf olunub, hazırda dünya musiqi irsində əhəmiyyətli yer tutur, bu səbəbdən də ayrıca bir gündə onun mövcudluğu bayram edilir.

 

Kirpi günü

Bu qəribə canlıların gününü təqvimə salmağın maraqlı tarixi var. Qədim romalılar ilan-əqrəbdən həyətlərini qorumaq üçün kirpilərin köməyindən yarınırlarmış. (Bizdə həyət və bağ evləri sahələrinə bu məqsədlə kirpi buraxmaq adəti hələ də qalmaqdadır). Kirpi gözünə döndüyüm də fevral ayında qış yuxusuna gedib öz işini tale ümüdinə buraxırdı, ilan-əqrəb basqısı gündəmdə vacib məsələ kimi dururdu. Buna görə də romalılar kirpiləri yatmağa qoymur, onları xüsusi qarmaqla oyadırdılar. O vaxtdan fevralın əvvəli kirpi günü kimi qeyd olunur.

Özünü qorumaq üçün üzərində iynə gəzdirən bu canlını xalqımız “sancmaq rəmzi” hesab edir, amma hərfi mənada yox, dolayı mənada. Yəni sözlə, zarafatla, yumor və satira ilə sancmaq. Təsadüfi deyil ki, ölkəmizdə “Kirpi” satirik jurnalı uzun illər fəaliyyət göstərərək nöqsanları aşkarlamışdır.

Kirpi günündə hamınıza kirpi iynəsindən kənar qalmaqla düzgün və ədalətli olmağı arzulayırıq.

 

Küləklər, küləklər...

Bu gün eston xalqı Tartu müqaviləsinin ildönümünü, çexlər Xromnitsa adlı dini bayramı, ispanlar Kandelyariyalı Müqəddəs Ana gününü, filippinlilər Konstitusiya gününü, latışlar Külək gününü qeyd edəcəklər. Öz aramızdır, Latviyada külək çox əsir, yoxsa bizim Bakıda? Bir ilin azı 300 günündə Bakıda gah Xəzri əsir, gah Gilavar, gah da ikisi birləşir. Bakımıza küləklər şəhəri adını da biz qoymuşuq. Haçansa xalq olaraq xoşbəxt olsaq, normal güzəranımız qurulsa, onda xahiş edirəm ki, biz də küləklər gününü bayram edək. Özü də, rüzgarlar əsən oktyabr ayında.

O ki qaldı amerikalılara, bu gün onlarda Milli Tater-tot günüdür. Ad qəribə səslənsə də ağlınıza kənar şey gətirməyin. Söhbət ABŞ-dan gedirsə, demək, bu hansısa mətbəx bayramıdır. Təqribən, bizim kartof perajkimizə oxşayan dadlı qidanın günüdür.

 

Mikoyanın atla gedişi

1986-cı ilin 2 fevralında Hindistanda Roma Papası ilə Dalay-Lama görüşüblər, bu görüş dünya siyasətində müəyyən dəyişikliklərə meydan açıb. 1970-ci ildə Münhendə tarixdə ilk dəfə əsəb transplantasiyası əməliyyatı keçirilib. 1937-ci ildə Qosfilmfond – SSRİ Sövlət Kino Fondu yaradılıb. 1935-ci ildə tarixdə ilk dəfə məhkəmə prosesində yalan dedektorundan istifadə edilib. 1932-ci ildə Mikoyan əsasən erməniləri düşünərək Ukraynadan və Kubandan  2 milyon pud buğda və 2 milyon pud qarğıdalı qopararaq Qafqazın ehtiyat dən fondunu yaradıb. 

Boksçular, agah olun, 1892-ci ilin bu günündə tarixdə ən uzun boks yarışı olub, Harri Şarp və Frenk Krosbi arasında 76 raund davam edən döyüş 5 saat 3 dəqiqə uzanıb. 1870-ci ildə Reuters agentliyi iki başqa agentliklə birləşərək tarixdə ilk dəfə informasiya şəbəkəsi yaradıb. 1863-cü ildə yazıçı Samuel Klemens ilk dəfə Mark Tven imzasıyla çıxış edib. 1653-cü ildə Yeni Amsterdam qəsəbəsi şəhər statusu alıb. Bu gün həmin şəhər Nyu-York adını daşıyır.

1556-cı ildə Mərkəzi Çində planetin tarixinin ən dəhşətli zəlzələlərindən biri baş verib, Şansi və Xenan əyalətlərində 820000 insan həlak olub. 1536-cı ildə La-Plata çayının qərb sahilində ispan Pedro Mendoza Buanes-Ayres şəhərinin əsasını qoyub. 1274-cü ildə Florensiyada Dante ilə Beatriça arasında ilk görüş baş verib, bu görüş “İlahi komediya”nı yazan dahi şair üçün bütün həyatı boyu ilham mənbəyi olub.

 

Şakiraya təbrik düşür

1977-ci ilin bu günündə Kolumbiyada müasir pop musiqisinin kraliçası Şakira dünyaya gəlib. Narkomafiyanın başında duran Eskobar, ədəbiyyatın başında duran Markesdən sonra o, pop musiqisinin başında duran üçüncü ən məşhur kolumbiyalı kimi tarixə düşüb, biləsiniz. Şakiranı 45 illik yubileyi münasibəti ilə niyə də təbrik etməyək? 

Bu gün azərbaycanlı yazıçı, əslən Cəlilabaddan olan, ədəbiyyat tariximizə “Alagöz” hekayəsi ilə düşmüş Meyxoş Abdullanın da yubileyidir, 60 illiyidir, onu da təbrik edirik.

Bu gün mərhum dilçi, filoloq Ağamusa Axundovun da yubileyidir, 90 illiyidir. Ağamusa Axundov barədə ayrıca qeydləri portalımızda oxuya bilərsiniz.

1904-cü ildə rus as-təyyarəçisi Vasiliy Çkalov, 1896-cı ildə Brodveyin əsas baletmeysteri, baletdə “dərinlik effekti”nin yaradıcısı Annabel Vudsford, 1861-ci ildə Nyu-York Müasir incəsənət muzeyinin yaradıcısı Solomon Quqqenhaym dünyaya gəliblər.

 

Əli Vəliyev, Mendeleyev...

Bu gün dünyadan köçənlərə gəlincə, 1983-cü ilin 2 fevralında Azərbaycan sovet xalq yazıçısı Əli Vəliyev, 1969-cu ilin bu günündə “vəhşət filmlərinin kralı” Boris Karloff, 1920-ci ildə Amerika qütb tədqiqatçısı, Şimal qütbünə ilk dəfə ayağı dəyən Robert Edvin, 1907-ci ildə rus kimyaçısı, dövri elementlər cədvəlinin kəşf etmiş Dmitri Mendeleyev, 1660-cı ildə şöhrətli flamand rəssamı, tarixi rəsm janrının böyük nümayəndəsi Qovert Flin vəfat ediblər.

 

3 fevral

 

Hissediləcək sıçrayış günü

Bu bayramın kökündə kiminləsə mövcud olan çox pis münasibətlərin ani qərarla, kökündən dəyişilməsi durur. Bəzən kimsə əxlaqca pozğunla, narkomanla, əyyaşla, ümumən, pis adamla münasibətini illər uzunu qıra bilmir, beləsindən ancaq ziyan görür. Bu 3 fevral günü qəti qərar qəbul etmək üçün ən uyğun vaxtdır. Necə ki, ağacın quru budaqları kəsilməsə ağac inkişaf etməz, eləcə də insan arzuolunmaz tanışlıqlardan qurtulmasa inkişafdan qala bilər. Haydı, qırılın pis bağlardan!

 

Şpisbergendə qütb cazı festivalı

1998-ci ildən dünya cazsevərləri 3-5 fevral günlərində Norveçə üz tuturlar, orda qütb dairəsində möhtəşəm caz festivalında – Polar Jazz-da iştirak edirlər. Bu, həm də dünyanın ən şimal musiqi festivalı kimi tarixdə ayrıca yer tutur.

Koronavirus dövrü olsa da Şpisbergendə bu il olduqca mötəbər cazmenlərin iştirakı gözlənilir. Bir sözlə, əsil caz bayramı olacaq.

 

“Musiqi ölən gün”

Musiqi ilə bağlı bugünkü təqvimdə daha bir xatırlatma var. Bu gün dünyada “Musiqi ölən gün” adı ilə qeyd ediləcək. 1959-cu ilin 3 fevralında əfsanəvi Amerika rok musiqiçiləri Baddi Xolli, Riçi Valens və Böyük Bopper (C.Riçardson) aviaqəzada həlak olublar, onların xatirəsini bütün dünya roksevərləri yad edəcəklər.

Vyetnamlılar Kommunist partiyasının yaranışını, tailandlılar veteranlar, mozambiklilər qəhrəmanlar gününü, avstriyalılar qulluqçuların məzuniyyəti gününü qeyd edəcəklər. Yaponlarda Setsubun günüdür, baharın nəfəsinin duyulması bayramıdır. 

Amerikada isə Milli yerkökü tortu günüdür.

 

8000 dollara qəzet

2009-cu ilin 3 fevralında İran ilk dəfə kosmik fəzaya “Omid” (yəni Ümid) adlı milli peyk  buraxıb. 2005-ci ildə tarixin ən bahalı qəzeti Çində işıq üzü görüb, Şençjen şəhərində Economic Daily qəzetinin xüsusi buraxılışı qızıl kağızda çap olunub, hər nüsxə 8000 dollara satılıb. 1992-ci ildə müstəqil Ukrayna Türkiyə ilə diplomatik əlaqələr qurub. 1987-ci ildə SSRİ-nin eks daxili işlər naziri, SSRİ-nin baş katibi Leonid Brejnevin kürəkəni Yuriy Çurbanov rüşvət maddəsi ilə həbs olunub. 1984-cü ildə Kaliforniyada süni mayalanma yolu ilə ilk uşaq dünyaya gəlib. 1969-cu ildə Fələstin milli konqresinə Qahirədə Yaser Arafat rəhbərliyə gətirilib. 1962-ci ildə ABŞ rəhbərliyi sosialist Kubasına iqtisadi embarqo qoyub. 1815-ci ildə İsveçrədə dünyada ilk pendir istehsal edən fabrika açılıb. 

 

Kimlər gəldi...

1947-ci ildə Amerikanın müasir dövr qızıl yazıçıları pleadasında yer almış Pol Oster, 1891-ci ildə Azərbaycan yazıçı-səlnaməçisi, istiqlalçı mühacir, dahi Üzeyir bəyin qardaşı Ceyhun Hacıbəyli, 1874-cü ilin 3 fevralında Amerika yazıçısı, “itirilmiş nəsil” termininin yaradıcısı Gertruda Stayn, 1872-ci ildə məşhur Ukrayna memarı, Kiyevdə Nazirlər Kabinetinin binasını tikmiş İvan Fomin, 1820-ci ildə dünyanın ilk qadın həkimi Elizabet Bekvil dünyaya gəliblər.

Bu gün iki azərbaycanlı məmurun da doğum günləridir. 1954-cü ilin bu günündə Laçında hazırda Sumqayıtın icra hakimiyyəti başçısı işləyən, Sumqayıt bulvarı möcüzəsinin müəllifi Zakir Fərəcov dünyaya gəlib. 1941-ci ilin bu günündə Gəncədə isə Azərbaycan Milli Məclisinin komitə sədri olan, parlament tariximizdə, eləcə də ölkəmizin ictimai-siyasi həyatında xüsusi yeri olan Arif Rəhimzadə doğulub.

 

Kimlər getdi...

1994-cü ilin 3 fevralında tanınmış Azərbaycan lirik tenoru, xalq artisti Rauf Atakişiyev, 1990-cı ilin bu günündə istedadlı aktyor, sevilən obrazlar yaratmış Hamlet Xanızadə, 1944-cü ilin bu günündə Azərbaycan Xalq Cumhuriyyətinin tanınmış dövlət xadimi olmuş Həmid bəy Şahtaxtinski, 1468-ci ilin 3 fevralında İoqann Qutenberq –alman çapşısı, Avropanın rəsmən ilk çapşısı vəfat ediblər.

 

Və ən nəhayət

1918-ci ilin 3 fevralında Rusiyada hakimiyyətə gəlmiş inqilabi komitə çar dövrünün və müvəqqəti hökumətin 600 milyard rublluq istiqrazlarını ləğv etdi. Bakı milyonçuları da bu zərbənin altını çəkdilər, birdən-birə varlı-hallı insanlar dilənçi kökünə düşdülər.

Antimilli məzmunu olan sovet hakimiyyəti ona görə də sonradan süqut etdi. Tarix boyu insanlara qarşı ədalətsiz mövqe tutan hakimiyyətlər gec-tez devrilirlər.