Xüsusi Təyinatlı yazıçı - YUNUS OĞUZUN DOĞUM GÜNÜNƏ Featured

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Onun öz təyinatı var- keçmişdən gələcəyə miras daşıyır..

Xoşbəxtdir- hər iki dünyanın rəhmətini qazanır...

Səsi sarı rəngdədir, bu rəng müdriklərdə olur- həsəd apardım…

Yeddi rəngdən üçü ruhunda var, biri də olsaydı dərviş adlandırardım- bunu ariflər üçün söylədim...

Hər adam üçün danışmır- onu anlayanlar anlayır, anlamayanları yorur...

Tarixi roman yazmaq asan məsələ deyil. Bunun üçün yazıçıdan üç keyfiyyət tələb olunur- dərin zəka, ciddi araşdırma qabliyyəti, düzgün dəyərləndirmə bacarığı. Qalanı rəngdir...

Həmkarları keçmişdən yazıb, bu günə təqdim edirlər. Onun əsərləri isə gələcəkdə daha çox oxunacaq. Onu bu günkündən çox tanıyacaqlar...

Dostluqda, yoldaşlıqda necə olduğunu bilmirəm, amma hər ağlı kəsən onu xalqın dostu kimi tanımalı, ehtiram göstərməlidir- bunu xidmətləri deyir...

Söylədikləri Quran ayəsi deyil, amma arxasıyca haqqı çəkən kəlmələrdir- onu eşitməyə dəyər...

Düşünür, düşündürməyi də bacarır- dərin adamdır…

Sıradan bir nəfər deyil- qənimət insanlardandır…

And olsun, həzrət Yunusa! Yunus peyğəmbərdən sonra yadda qalacaq üçüncü Yunus odur. Ortada Yunus İmrə də var...

İyulun 22-si Yunus Oğuzun yeni yaşı tamam oldu. Ona möhkəm can sağlığı, firəvan həyat, yaradıcılıq uğurları diləyirəm.

Rəngləri heç zaman solmasın, rəngli arzuları çin olsun!

 

“Ədəbiyyat və incəsənət”

(23.07.2024)