QƏRBİ AZƏRBAYCAN ƏFSANƏLƏRİ - Göyçə mahalındakı Ağlağan təpəsi Featured

Zahirə Cabbar, “Ədəbiyyat və incəsənət”

 

 

Qədim zamanlarda uca və əzəmətli dağların, buz kimi bulaqların əhatəsində saf havalı, füsunkar təbiətli qəhrəman yurd yeri vardı. Bu yurdun sakinləri gur sulu çaylar, diş göynədən buz kimi bulaqları ilə məşhur olan yaşıl donlu təbiət qoynunda firavan yaşayırdılar. Yaylaqlarında obalar quran, məskənlər salan insanların sayı getdikcə artır, yurd yerlərini  gülüstana çevirirdilər. Tanrı öz qələmi ilə burada möcüzə yaratmışdı. Bir tərəfdə əzəmətli dağlar, axar sular, digər tərəfdə sıx ağacları ilə zəngin meşə. Günlərini hədər keçirməyən zəhmət adamları yorğunluq bilmədən bütün günü torpaqda işləyirdilər. Təbiətlə təmasda olan bu insanlar elə təbiətin bəxş etdiyi bütün sərvətləri dəyərləndirir, faydalarını öyrənirdilər. Baldırğan, çaşır, min bir dərdə dərman çobanyastığı, kəklikotu, böyrəkotu, qantəpər, yarpız dəmləməsinin əvəzi tapılmazdı. İnsanlar dağlardan dərdlərin dərmanı olan bitkiləri toplayır, qurudur, qış uzunu işlədərdilər.

Ramazan bəylərin mal-qara sürüsünə çobanlıq edərdi. Dağlarda otlayan mal qaranı gözdən qoymaz, əlindəki çomaqla yerə vurub səs salar, qurd-quşu hürküdərdi. Onun sadiq atı sanki adam kimi dil bilirdi. Hansı tərəfə gedərdisə, Ramazan da sürünü o tərəfə haylayardı. Bir gün sürünü uca bir dağın ətəyinə tərəf qovanda çomağı daşa dəyib sındı. Özünə yeni bir çomaq düzəltmək istədi, bir möhkəm budaq tapıb cibindən bıçağı çıxartdı. Baxdı ki, bıçağı kütləşib. Atını bir ağaca bağlayıb bıçağını itiləmək üçün bülöv daşı axtarmağa başladı. Çox gəzdi, ipək kimi çəmənliklərlə dolaşdı. Dağlarda bitən yemlik, turşəng, qanqaldan yedi, nəhayət, çox axtarışdan sonra səpələnmiş bülöv daşları görüb sevindi, özünə lazım olan daşlardan irilərini seçib torbaya yığdı, çiyninə aşırıb çaya doğru getdi. Atını bağladığı ağaca yaxınlaşdı. At yox idi. Ramazan atın axtarışı ilə xeyli müddət gəzdi, yoruldu, arabir bir az dincini alıb yenə də sevimli atını tapmaq ümidi ilə yurd yerindən xeyli uşaqlaşdı. O, tamamilə tanış olmayan, amma bərəkətli, qeyri-adi mənzərəli, cənnət kimi bir yerə gəlib çıxdı. Meşə ilə örtülmüş vadi, təmiz, dupduru bulaq suyu ilə çayı kəsirdi. Gölün ətrafı boyu sahildə yamyaşıl, yumşaq, şirəli, qalın otlar vardı. Sakitliyi ancaq quşların ciggiltisi və çayın səsi pozurdu. Çəmənliyin rəngarəng çiçəkləri sanki təbiətin toxuduğu bir xalı idi.  Birdən at kişnərtisi eşitdi. Ramazan min at səsindən öz atının səsini tanıyırdı. Köhlən atı güllə kimi sıldırım daşlığı enib, quş kimi uçub onun qarşısında dayandı. Ramazan atını tapdığına sevindi, başını, üzünü, yalını, belini, sağrısını tumarladı. Sonra sevinc içərisində öz-özünə dedi: -“ Bu yerləri Tanrı xoş saatlarında yaradıb. Mən kəndə gedib camaatı bura gətirəcəyəm”- sonra gölə baxıb - “Göyçək - deyib sevinclə qışqırdı. Ramazan öz obasından olan insanları bura gətirdi. Onlar da bu gölün “Göyçək” olması ilə razılaşdılar və burada köç saldılar, məskunlaşdılar. Dağın başından baxanda bu mahal ortasına ayna salınmış güllü bir nəlbəkini xatırladırdı.

Yurd salan insanlar əkinçilik, maldarlıq, bağçılıq, xalçaçılıq, arıçılıq, balıqçılıqla məşğul olmağa başladılar.  Göyçə mahalı az keçmədi ki, el şairlərinin vətəni oldu. Bu mahalda yaşayıb-yaratmış insanlar qopuzla, sazla şöhrət qazandılar.  Onlar şad günlərdə, qəmli anlarda sinələrinə qopuzu dirəyib ürək çırpıntılarını, daxili sızıltılarını ifadə etdilər. Alaçıqlarda yanan lampalar, çöldə isə ay işığı onların həyat yollarını işıqlandırdı.

Bir gün Ramazan qopuz əlində, dağ döşündə ürəyindən gələn səslə oxuyub, ağı deyirdi. Öz bəxtindən, subaylığın daşını hələ də atmadığından şikayətlənirdi. Nəhayət, yorulub əlində qopuz yatdı. Yuxuda nurani bir qoca ona belə dedi:- “Bu göldə üzən yaşıl başlı bir ördək sənin qismətindir. Apar onu evinə. Hər gün səhərlər gətir bu göldə üzsün, axşam yenə qaytar. Beləcə düz yeddi il tamamında o dönüb qız olacaq.”

Ramazan yuxudan ayıldı. Göldə həqiqətən də yaşılbaş bir ördək üzürdü. Yaxınlaşıb ördəyi tutdu, ördək ona tabe olurmuş kimi çırpınmadı. Beləcə Ramazan hər gün ördəyi səhərlər gölə aparar, axşamlar isə evinə qaytarardı. İllər keçdi, bir gün Ramazan artıq öz bəxtindən küsən aşiq kimi gölün yanındakı təpədə əlində ördək Tanrıya üz tutub dedi: “Artıq mən yoruldum, belə bir imtahana dözə bilmirəm! İstəmirəm belə bəxti. Qoy elə subay qalım!” Elə həmin anda ördək gözəl bir qıza döndü, mələk kimi qanadlandı və - “Sənə qovuşmağıma cəmi üç gün qalmışdı, sən dözə bilmədin, indi səni həmişəlik tərk edirəm”- deyib uçub uzaqlaşdı, qayaların yarıqlarına çəkilib dumana döndü, gözdən itdi. Ramazan bu mənzərədən xeyli sarsıldı, təpənin başındaca oturub hönkür-hönkür ağladı. Həmin yerdə onun göz yaşlarının sakit axan şəlaləsi peyda oldu. Ramazan kor-peşman evinə qayıtdı. Yolda qanadlı mələyin səsin eşitdi: “Yolunla düz get, arxaya baxma, sənin göz yaşlarından yaranan şəlalə öz təmiz sularını obada yaşayan insanlara gətirər”. Amma Ramazan dözməyib arxadan səsi gələn yaşılbaş sonasına son dəfə baxmaq istədi. Və həmin anda şəlalə itdi, suları kəndə gəlib çatmadı.

Bu təpə oğuz türklərinin daş yaddaşına əbədi yazıldı. Göyçə mahalının insanları Ramazanın göz yaşı tökdüyü yeri Ağlağan təpəsi adlandırdılar.

 

Göyçə mahalı cənubdan – Ağlağan təpəsi, Dəlik, Çənlibel dağları, Səlimgədiyi, şimalda isə Murğuz, Şahdağ silsiləsi ilə əhatə olunmuşdur. 

 

“Ədəbiyyat və incəsənət”

(05.07.2024)