Bəs necə oldu ki, o, günü-gündən gözəlləşən bu işıqlı dünyadan əl çəkdi?! - MÜŞFİQİN DOĞUM GÜNÜNƏ Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Günlərim aхışır bir uyqu кimi,

Dərədən dərəyə aхan su кimi,

Dilbərim hərcayi bir ahu кimi

Hicran dağlarını aşarmı, söylə? 

 

Sənsiz nə zövqü var bağın-baharın?

Açan çiçəкlərin, uçan quşların?

Sənsiz cənnət olsa кainat yarın,

Hеç mənim ruhumu oхşarmı söylə? 

 

Səninlə bağlayıb mən əhdi-pеyman,

Dеdim qismətimiz olmasın hicran.

Müşfiq quş olsa da, görəsən bir an

Səndən uzaqlara uçarmı, söylə? 

 

Araşdırmalar zamanı Ayna Sultanovanın xatirələrində rast gəlinmiş bir qeyddə yazıldığına görə Mikayıl Müşfiq həbs olunmamışdan 2-3 ay öncə Ayna Sultanova şairi yanına çağırıb deyir ki: "Biz artıq Hüseyn Cavidi itiririk, onu həbs edəcəklər. Sən, Cavidin əleyhinə bir neçə yazı yazsan, səni represiyadan qurtara bilərik."  Mikayıl Müşfiq isə Ayna Sultanovanın bu təklifinə belə bir cavab verir:

"Mənim sağ əlim Cavid əleyhinə bir söz yazsa, sol əlimlə onu baltalayaram."  Hətta bu hadisədən sonra Ayna Sultanova hönkür-hönkür ağlayıbmış. 

 

Ölüm forması haqqındakı məlumatlar ziddiyyətli olsa da, ( mənbələrə görə o, güllələnərək dənizə atılıb, lakin, bəraətindən sonra ailəsinə verilən ölüm kağızına görə isə o, sürgündə, həbs düşərgəsində vəfat edib.)  onun ölüm səbəbi dəqiqdir, Stalin represiyası. 

 

“Ah, mən gündən-günə bu gözəlləşən

İşıqlı dünyadan necə əl çəkim?” misralarını  qələmə alacaq qədər həyat eşqi ilə yaşayan gənc bir şair necə oldu əl çəkdi bəs bu işıqlı dünyadan?!

Deməkki bəzi şeylər var ki, onlar həyat eşqinin, can şirinliyinin  belə fövqündə dayanır. İman kimi, inam kimi, vətən kimi, vicdan kimi, əqidə kimi. Necə ki, Müşfiq öz əqidəsindən sona kimi dönmədi. 

 

Bu gün represiya qurbanı, gənc yaşda dünyadan nakam köçən şairimiz yeni Azərbayan şeirinin öncülüllərindən sayılan Mikayıl Müşfiqin doğum günüdür.

Bu gün yenə Xəzər güllərə bələnəcək, axı Xəzər həm də Müşfiqin rəmzi məzarı sayılır. 

 

Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində, ziyalı ailəsində dünyaya gəlib. Atası müəllimlik edib, “Vüsuqi” təxəllüsü ilə şeirlər yazıb. O, 1902-ci ildə Xızıdan Bakıya köçüb. Körpə ikən anasını, altı yaşında isə atasını itirən şair nənəsinin himayəsində böyüyüb. 

 

1915-1920-ci illərdə Rus-Azərbaycan məktəbində, 1920-1927-ci illərdə əvvəlcə Bakı Darülmüəllimində, sonra isə 12 nömrəli ikinci dərəcəli məktəbdə, 1927-1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxuyub. Əmək fəaliyyətinə müəllimliklə başlayıb, Bakı məktəblərində yeddi il dərs deyib. 

 

Mikayıl Müşfiqin ilk mətbu əsəri 1926-cı ildə "Gənc işçi” qəzetində

dərc olunan "Bu gün” şeiri olub. “Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilib. 

 

1930-cu ildən başlayaraq onun “Küləklər”, “Günün səsləri”, “Buruqlar arasında”, “Bir may”, “Pambıq”, “Vuruşmalar”, “Şeirlər”, “Şəngül, Şüngül, Məngül”, “Qaya”, “Kəndli və ilan” kitabları nəşr olunub.  

 

1957-ci ildən başlayaraq  əsərləri “Seçilmiş əsərləri”, “Əsərləri”, “Duyğu yarpaqları”, “Əbədiyyət nəğməsi”, “Könlümün dedikləri”, “Həyat sevgisi” və digər adlar altında  çap edilib. 

 

Tərcümə ilə də məşğul olan şair A.Puşkinin “Qaraçılar” (Ş.Abbasov ilə birlikdə), M.Lermontovun “Demon” poemalarını (R.Rza ilə birlikdə), S.Marşakın “Huşsuza bax, huşsuza” şeirini, T.Şevçenkonun, Ö.Xəyyamın və başqa şairlərin irsindən nümunələri, eləcə də M.F.Axundzadənin “Şərq poeması”nı Azərbaycan dilinə çevirib. 

 

Stalin represiyasının qurbanı olan gənc şair 1937-ci il iyun ayının 4-də evində həbs edilərək, əksinqilabçı milli təşkilatın üzvü, sovet hakimiyyətinə qarşı silahlı üsyana hazırlıqdan xəbərdar olmaqla ittiham edilib və mənbələrə görə 1938-ci il yanvarın 6-da amansızlıqla güllələnib. 

 

1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının qərarına əsasən Mikayıl Əbdülqədir oğlu İsmayılzadəyə bəraət verilib. 

 

Şairin həyat yoldaşı Dilbər Axundzadənin 1968-ci ildə “Müşfiqli günlərim” adlı xatirələr kitabı nəşr olunub, kitabın son genişləndirilmiş nəşri isə 2005-ci ildə işıq üzü görüb.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2024)