Bu gün Abbas Səhhətin 150 illiyidir

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Abbas Səhhət -150” adlı virtual sərgi istifadəçilərə təqdim edilib

 

Bu gün Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış şair, həkim, görkəmli müəllim və maarif xadimi Abbas Səhhətin 150 illik yubileyi tamam olur. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında ədibin həyat və yaradıcılığından bəhs edən virtual kitab sərgisi hazırlanıb.

“Ədəbiyyat və incəsənət” portalı kitabxanaya istinadən xəbər verir ki, virtual sərgidə Abbas Səhhətin gənclik illəri, “Yeni poeziya necə olmalıdır?” adlı məqalə, “Azadlığa mədhiyyə”, “Oyanışın səsi” kimi şeirlərindən ibarət ilk yaradıcılıq nümunələri haqqında məlumat verilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan sərgidə 1900-cü ildə Tehran Universitetinin tibb fakültəsini bitirən və rus, ərəb, fars və fransız dillərini mükəmməl bilən gənc Abbas “Yeniüslublu məktəblər” ideyasının fəal tərəfdarı, pedaqoq, onlarla dünya ədəbiyyatı incilərini Azərbaycan dilinə tərcümə edən ziyalı kimi təsvir edilir. Materialda Abbas Səhhətin Azərbaycan şairiMirzə Ələkbər Sabirlə olan dost münasibəti və bunun nəticəsində ədibin təşəbbüskarlığı ilə Sabirin əsərlərinin bir yerə toplanaraq “Hophopnamə” adı altında nəşr edilməsi haqqında da məlumat verilir. Virtual kitab sərgisində ədibin müəllifi olduğu və onun haqqında nəşr edilən  “Yay səhəri”, “Vətən”, “Türk ədəbiyyatına ilk qədəm”, “Pedaqoji irsimizdən: M.V.Vidadidən H.K.Sanılıyadək”, “Şirvan şairləri”, “Azərbaycan uşaq ədəbiyyatı”, “Şamaxı torpağının yetirdiyi böyük Azərbaycan şairləri”, “XX əsr Azərbaycan ədəbiyyatı” kimi kitabların biblioqrafik təsviri, Abbas Səhhətin müdrik kəlamları, ədəbi nümunələri  yer alır. 

Şair, dramaturq, tərcüməçi, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndəsi Abbas Səhhətin 150 illik yubileyi ilə əlaqədar hazırlanan virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/abbas-sehhet-150 yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(24.05.2024)