“QALA” - Məhəmməd Əmin Rəsulzadə barədə hekayətlər Featured

Zahirə Cabir yazır

 

“Ədəbiyyat və incəsənət” portalı publisist Zahirə Cabirin Məhəmməd Əmin Rəsulzadə barədə hekayətlərinin dərcinə başlayır. Məqsəd - uşaqlara bu dahi şəxsiyyəti daha yaxından tanıtmaqdır. 

 

Uşaq vaxtı atası Məhəmməd Əminin əlindən tutub tez-tez dəniz kənarına gətirərdi. Ata Xəzərin gah susub, gah da danışan ləpələrinə saatlarla tamaşa edərdi. Məhəmməd Əmin isə əlinə balaca bir çubuq götürüb qumun üstündə şəkillər çəkərdi. Ona elə gələrdi ki, atası dənizlə söhbət edir. Hacı Ələkbər uzun-uzadı dənizə baxıb köks ötürərdi. Yalnız dalğalar kükrəyib şahə qalxanda Məhəmməd Əmin atasına yaxınlaşıb əlindən tutar, deyərdi ki, - “Ata, deyəsən dənizin dəliliyi tutub, gedək evimizə.”

 

Bir azdan qıpqırmızı günəş tamam batacaq, ay çıxacaqdı, sonra ulduzlar görünəcək, qurbağalar quruldamağa başlayacaqdı. Cırcıramaların səsi aləmi başına götürəcəkdi. Dəniz qayalarının yuxarısından görünən Novxanı kəndinin bütün işıqları sönəcəkdi.

 

Zinyət ana yatağında xəstə yatırdı. Hacı Ələkbər axund idi, dünyanın gərdişini bilirdi. Quranı əlinə götürüb Yasin surəsini avazla oxumağa başladı. Oxuduqca gözlərindən yaş damlaları kitabın üstünə düşürdü. Zinyət son dəfə balaca Məhəmməd Əminə baxıb gücünü toplayaraq başına sığal çəkdi, üzünü ərinə tutub sanki imdad istədi. Başını azacıq qaldırdı, baş yastığa düşdü. Ata ananın açıq qalan gözlərini bağladı. Oğlunun əlindən tutub bayıra çıxartdı. Balaca: - “Ata, mən anamın yanında qalmaq istəyirəm. Heç yerə getmirəm”- desə də ata onu bacısı Dostuxanıma verdi. Sonra divardan asılmış xalçanı açdı. Zinyət ata nənəsindən yadigar qalan xalçaya bükülərək məscidə aparıldı. Kirimək bilməyən uşaq həyətə qacanda xalçaya bükülü cənazəni gördü. Məhəmməd anasının harasa aparıldığını, bir daha qayıtmayacağını sanki hiss edərək hönkürtü ilə ağlayırdı. Dərddən beli bükülən Ələkbər oğlunu belə gördükdə evin bir küncündə oturub xısın-xısın ağladı.

Bir il keçəndən sonra qohumların təkidi ilə Ələkbər ikinci dəfə ailə qurdu. Çox alicənab Maral xanım Məhəmməd Əminə və bacısı Şəhrəbanuya sözün əsil mənasında ana oldu, öz dogma övladları kimi baxdı.

 

Qəribə bir yay günü  idi. Bu gün dəniz gülürdü. Xəfif əsən isti külək altında günəşin gözqamaşdırıcı parlaq şüalarını əks edən Xəzər zərif dalğalarla örtülərək, gümüş kimi parıldayan minlərlə təbəssümlə mavi səmaya gülümsəyirdi. Qumlu sahilə çırpılan dalğaların şən şarıltısı ətrafa yayılırdı. Bu səs qəlblərə rahatlıq gətirirdi.

Analığı Məhəmmədlə dəniz sahilində idi. O, divardakı xalçanı və yerdəki palazı dənizin kənarında yuyur, Məhəmməd isə qum və balıqqulaqlarından qala tikirdi. Onun artıq səkkiz yaşı vardı. Qalanı tikib qurtardı, sonra lap təpəsinə balaca bir çubuğa əski parçası bağlayıb sancdı. Kənardan tikdiyi qalaya xeyli tamaşa edəndən sonra anasına səsləndi: “Anacan, bax necə qala tikmişəm. Bu qalaya heç vaxt düşmənlər girə bilməyəcək. Bayrağı da ata bilməyəcəklər. Axı o, qalanın ən yüksəkliyində dalğalanır.”

Ana Məhəmməd Əminin sözlərini eşidib başı ilə təsdiqləsə də, fikri xalça- palazda idi. O, külək başlamamış dənizin dalğaları gələn yerdə sərilmiş xalça-palazı tez yuyub qurtarmaq istəyirdi. Sanki xalçanı dənizin duzlu suyunda yumaqla bir daha ona heç kəsin bükülməməsi üçün bunu edirdi. Birdən xəfif əsən külək dəliyə döndü,  Məhəmməd Əminin düzəltdiyi qalanı uçurmaq istədi. Məhəmməd Əmin küləyin qarşısında zərif bədəni ilə düzəltdiyi qalanı qoruyurmuş kimi dayandı. Küləyin qovduğu dalğalar sarı qum üzərinə tökülərək sahili ağ köpüklə örtür, köpük isti qum üzərində yavaş-yavaş yayılır, əriyir, sahili isladırdı. Nəhayət ana işini qurtardı. Məhəmməd anasına kömək etdi,  yaş xalça-palazı arabaya qoydular. Kəndə sarı getdilər. 

Məhəmməd tez-tez dönüb arxaya, düzəltdiyi qalaya baxırdı. Qala yerində idi, külək onu uçura bilməmişdi.

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2024)