Qəti qərarlar günü

Ömrün daha bir ilinə əlvida deyirik. Bu pandemiyalı, ölüm-itimli, qiymətlərin qalxmasıya həyat səviyyəsinin aşağı düşdüyü dönəmdə təbii ki, hamı ümidlərini Yeni ilə bağlayır. 

Gəlin ilin son gününün təqviminə nəzər salaq, əsas əlamətdar hadisələrə diqqətimizi yönəldək. Əvvəlki yazılarda Dünya Azərbaycanlılarının Həmrəylik Günü, eləcə də dörd tanınmış alimimizin yubileyi mövzularına toxunduq. İndi də gerisini gətiririk:

 

31 dekabr

İlin son günü

Hər kəs məhz bu son gündə oturub bütün ilinə yekun vurur, gələn ilə planlar qurur. 2021-ci il heç də uğurlu il olmadı xalqımız üçün. Əslində tək bizim yox, bütün dünyanın aktivinə deyil, passivinə yazıldı bu il. Pandemiya davam etdi, korona olayları bitmədi ki bitmədi, insanlar bu kabusdan qurtulacaqlarını  təxmin edən zamanda isə yeni hoqqa ortaya çıxdı, omikron adında. Bəzi qabaqcıl dünya alimləri haqq səslərini ucaldaraq bu yeni ştammın süni olmasını elan etdilərsə də onlar susduruldular.

2021-ci ildə dünyada iqtisadiyyatlar bir qədər də çökdü, insanların güzəranı bir qədər də pisləşdi. Təsadüfi deyil ki, hamı ümidlərini yeni – 2022-ci ilə bağlayır. Allah hamımızın köməyi olsun!

On iki üzüm günü

İspandilli ölkələrin çox maraqlı bir bayramları var, demək, onlar günorta saat on ikidən başlayaraq on iki saat ərzində hər saatın tamamında bir müxtəlif növ üzüm dadırlar, nəticədə, yeni il onlara ən faydalı, ən qədim və ən dadlı meyvənin timsalında uğur gətirir. İlk dəfə İspaniyada qeyd edilən bayram sonradan Cənubi və Mərkəzi Amerikanın bütün ispandilli ölkələrinə siyarət edib. 

Maraqlıdır, biz də cənub, üzüm ölkəsiyik, bizdə də on iki növ üzüm tapıb dadmaq olarmı? Özümüzün çox dadlı üzüm növlərimiz var. Mən son vaxtlar qəhətə çıxmış məşhur ağ və qara şanı növünün və ağadayı növünün adını çəkə bilərəm, mədrəsə, dərbəndi, təbrizi və bayanşirə növlərini də tanıyıram. Neçə oldu? 7. 5-ni də gəlin xarici növlərdən seçək. Şardone, rislinq, kaberne-sovinyon, pino-nuar... 12-cini gətirə bilmədim. Özünüz internetdən tapın.

Orijinal bayramlar

Bu gün dünyanın müxtəlif ölkələrində olduqca orijinal bayramlar qeyd edilir. Fasiləsizlik günü. İlin son günündə hər dəqiqənin qədrini bilmək tövsiyə olunur. Hər dəqiqəni fasiləsiz, doya-doya yaşamaq lazımdır yəni. Yemanji bayramı. Bu, braziliyalılara xas olan bayramdır, bu ölkədə spiritizm hələ də güclüdür, mövhumata çox inanırlar braziliyalılar. Onlar hər il dekabrın 31-də dəniz sahillərinə gəlib sahil boyu ağ çiçəklər düzür, şamlar yandırırlar, “Balıqların anası” Yemanjinin ruhunu çağırırlar. Mövhumata görə, Yemanji ruzi-bərəkət və xoşbəxtlik gətirir. Şotlandlar – viski ölkəsinin sakinləri Hogmanau gününü qeyd edirlər. Hər bir kəs əlinə məşəl alıb yürüş edir, məşəllərlə əylənmək də aktual olur. Onları atıb-tutanlar, atıb altından keçənlər, ardıcıl yandırıb söndürənlər öz ustalıqlarını nümayış etdirirlər. Və bütün bu ayinlər “viski selində çimməklə” həyata keçirilir. Polyaklarda isə bu gün Silvester günü qeyd olunur, onlar da rəngbərəng maskalarda, atəşfəşanlıq edə-edə yeyib-içir, çalıb-oynayır, mifik obraz olan Silvesterdən uğurlu yeni il arzulayırlar.

Düşündünüz ki, yəqin Amerikada da nəsə orijinal bir bayram qeyd olunacaq ayın 31-də? Xeyir, qərblilər adətlərinə xilaf çıxmadan növbəti mətbəx bayramı keçirəcəklər. Bu dəfə Milli Şampan şərabı gününü.

Pəncərə vergisi

İngilislərinsə bu günlə bağlı heç də xoş olmayan xatirəsi var. 1695-ci ilin 31 dekabrında İngiltərə Krallığında pəncərə vergisi tətbiq etməyə başlayıblar. Hər cür vergi boyunduruğu altında qalmış əhaliyə indi də pəncərə vergisi tətbiq edilməsi özbaşınalığın son həddi olub. Sən pəncərədən küşəyə boylandınsa, zəhmət çək, vergi ver. Məmurlar əllərində siyahı camaatın üstünə tökülüşüblər.

Boşuna pul itirmək istəməyən sadə insanlar qorxudan pəncərəyə yaxın durmasalar belə bunu məmurlara sübut edə bilmirdilər, “baxmısan” hökmü ilə pul ödəməyə məcbur edilirdilər. Naəlac qalan insanlar pəncərələrini kərpiclə hörməyə başladılar, yalnız bu yolla bu ədalətsiz vergidən yayınmaq mümkün oldu. Şəhərlər öz gözəlliklərini itirdilər, ölkəyə başdan-başa pəncərəsiz evlərlə zülmət çökdü. 

Xalqa çox zülüm vermək də bir şey deyil.

Qəti qərarlar günü

Və ən nəhayət, sonda təqvimə salınan daha bir bayram barədə söz açmaq istəyirəm. Bu gün həm də Qəti qərarlar günü qeyd olunur. Yeni il gəlir, həyatını dəyişmək üçün bu gün qəti qərar qəbul etməlisən. Yeni ili yeni əhval-ruhiyyədə, yeni ideyalarla, işgüzarlıqla başlamalısan. Uğur düstürü yalnız budur.

Hər kəsin ömründə 2022-ci ilin xoşbəxtliyə doğru dəyişikliklər ili olması arzusu ilə. Yeni iliniz mübarək!

Varisin “Həftənin təqvimi” yazısından