Kazinoların başlanğıcı, Mao Tse Dun

Sabah bazar günü olduğundan, sabaha olan əsas tarixi hadisələri də diqqətinizə çatdırırıq.

 

26 dekabr

Hədiyyələr günü

Böyük Britaniyada, onunla bağlı olan Kanada, Avstraliya, Yeni Zelandiya, Samoa və Kiribatidə yaranmış bu sürprizlər bayramı sonradan digər ölkələrdə də yayılıb. Bir təsəvvür edin, hamı hamıya hədiyyə edir, varlı kasıba, gözəl çirkinə, xoşbəxt bədbəxtə, yaxşı pisə... Adətən hədiyyələri doğmalardan, tanışlardan alırıq, burda isə heç tanımadıqlarımız bizi təbrik edir. Günün sonunda o qədər hədiyyə yığırsan ki, lap məsti-xumar olursan.

 

Nıtik günü

Çox qəmli olanların dəstək günü. Nə gözəl bir gündür. Qərb ölkələrində hətta xüsusi fondlar var, bu gün xəstəxanada yatan xəstələri, qocalar evlərindəki kimsəsizləri, evsiz-eşiksiz bomjları, uşaq evlərindəki yetim uşaqları, əzizləri yaxında vəfat etmişləri, həbsxanaya düşmüşləri və digər mənəvi köməyə ehtiyacı olanları yoluxur, onlara ürək-dirək verirlər. Biz azərbaycanlıların indi bu cür dəstəyə çox ehtiyacımız var, biz bu siyahıya kommunal borcları ödəməkdə çətinlik tapıb, bahalanmanı qarşılaya bilməyib, bank kreditlərinin boyunduruğuna düşüb depressiya keçirənləri də əlavə edərdik, onlara dəstək duranlar da tapılıb “Nıtik gününüz mübarək!” deyərdilər.

 

Ən dəhşətli zəlzələ, kazinoların başlanğıcı və Mao

Fransanın Yves Rocher brendi kimə tanış deyil ki? Bu fransız ətri bihuşediciliyi ilə seçilir. 2009-cu ilin bu günündə Yves Rocher korporasiyasının yaradıcısı İv Roşe vəfat edib. 2004-cü ilin bu günündə müasir tarixin ən ölümgətirici zəlzələsi olub, Hind okeanında baş verən 9,3 maqnitudalı zəlzələnin yaratdığı sunami İndoneziyanın, Şri-Lankanın, Hindistanın, Tailandın sahil ərazilərinə basqı edib, hündürlüyü 15 metrə çatan dalqalar 300 min insanı həyatdan alıblar. 1991-ci ilin bu günündə SSRİ Ali Sovetinin Respublikalar Soveti özünün son iclasını keçirərək SSRİ-nin ləğvini bildirən deklarasiyanı qəbul edib. 1963-cü ildə ABŞ-ın Capitol Rekords firması ilk dəfə The Beatles qrupunun valını buraxıb, ABŞ-da yerli musiqiçilərin hegemonluğu dövrü bununla da bitib, amerikalılar bu britaniyalı musiqiçilərə heyran olublar. 

Qumar həvəskarları, yaxın oturun, sözüm sizədir. 1946-ci ildə Las-Veqasda “Flaminqo” otelinin açılışı olub, qanqster Baqsi Siqelə məxsus olan bu otel ilk kazinosu ilə tarixə düşüb, beləcə Las-Veqas dünyanın oyun biznesinin mərkəzinə çevrilib. İçinizdə yapon avtomobili sürənlər az deyil, deyilmi? 1931-ci ildə Datsun yük avtomobillərinin istehsalı ilə Toyota avtomobil konserni fəaliyyətə başlayıb. Əziz alimlər, 1898-ci ildə Pyer və Mariya Küri radioaktiv element olan radiyi kəşf etdiblər.

1893-cü ildə bəşər tarixinin ən qatı diktatorlarından biri – Çin kommunist partiyasının rəhbəri Mao Tse Dun dünyaya gəlib. Ən nəhayət, 1825-ci ildə Peterburqda, Senat meydanında Dekabristlər üsyanı baş verib. 

 

Paraşütün sevdası

1783-cü ilin 26 dekabrında fransız Sebastyan Lenorman bükmələnmiş qayışlı brezentlə təyyarəyə qalxıb müəyyən yüksəklikdən yerə atıldı, həmin o brezent havada açılaraq Lenormanı sağ-salamat yerə gətirdi. Bu, “paraşüt” adını almış nəsnənin ilk sınağı idi, beləcə Lenorman yeni bir kəşfə imza atdı.

Paraşüt təhlükəsiz uçuşlar üçün xüsusən vacibdir, təyyarəyə minənlər nasazlıq olanda paraşütlə özlərini xilas edəcəkləri inamı ilə sığortalanırlar. Kaş ki, bizləri həyatdakı bədbəxtçiliklərdən xilas edəcək paraşütlər də olardı, ən ağır, ən sıxıntılı günlərimizdə onlardan yapışıb özümüzü ataydıq xoşbəxtliklərin qoynuna.

 

Varisin “Həftənin təqvimi” yazısından